Azərbaycanın ən böyük istirahət məkanına qarşı şok iddia
12:34 21-11-2014
İQTİSADİYYAT
Azərbaycanın ən böyük istirahət məkanına qarşı şok iddia
"Atasığorta" ilə "Atlant" MMC arasında nə baş verir?
Azərbaycanın ən məşhur istirahət məkanlarından biri olan "Atlant" istirahət mərkəzinin adı sığorta qalmaqalında hallanıb. Belə ki, ölkənin tanınmış sığorta şirkətlərindən biri - "Atasığorta" "Atlant" MMC-ni onu aldatmaqda və bağlanmış müqavilə əsasında sığorta haqqını ödəməməkdə ittiham edib.
Xatırladaq ki, Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən "Atlant" ölkənin ən böyük istirahət mərkəzi sayılır.
Sığorta şirkətinin rəhbərliyindən verilən məlumata görə, bir neçə ay əvvəl "Atlant" MMC üçüncü şəxslərin qarşısında mülki məsuliyyətini sığortalamaq üçün sığorta şirkətinə müraciət edib. İstirahət mərkəzi ilə sığorta şirkəti arasında sığorta müqaviləsi bağlanıb və "Atlant" MMC sığorta təminatı alıb. Sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq "Atlant" MMC sığorta haqqını sığorta şirkətinə hissə-hissə 2 dəfəyə ödəməli idi: "Lakin müqavilə ilə müəyyən olunan sığorta haqqının ödənilmə müddətinin keçməsinə baxmayaraq "Atlant" MMC qeyd olunan sığorta haqqını bu günə qədər ödəməyib"-deyə "Atasığorta"dan bildiriblər.
Şirkətdə qeyd edirlər ki, bununla bağlı sığorta şirkəti "Atlant" MMC-nin baş mühasibi ilə dəfələrlə əlaqə saxlayıb, lakin baş mühasib müdiriyyətin ofisdə olmadığını və daha sonra əlaqə saxlanılmasını xahiş edib. Bundan sonra sığorta şirkəti daha bir neçə dəfə "Atlant" MMC ilə əlaqə saxlasa da, baş mühasib sığorta haqqının gecikdirilməsinin səbəbi olaraq müxtəlif bəhanələr göstərib, qeyd olunan məbləğin yaxın zamanda ödəniləcəyi barədə vədlər verib: "Ödənişin edilməli olduğu son tarixdən 3 ay keçdikdən sonra sığorta şirkətinin əməkdaşı "Atlant" MMC-nin rəhbəri ilə şəxsən əlaqə saxlayıb, lakin o, sığorta haqqının ödənilməyəcəyini, növbəti ildə yeni müqavilənin bağlanılacağı təqdirdə həmin müqavilə üzrə ödənişin həyata keçiriləcəyini bildirib"-deyə "Atasığorta"dan bildirilib.
"Atlant" İstirahət və Əyləncə Mərkəzindən sığorta haqqının ödənilmədiyini təsdiqləyiblər. Şirkətin baş mühasibi Elşad Mövsümov isə bildirib ki, həqiqətən də keçən mövsüm zamanı mərkəzin sığortalanmasına görə "Ata Sığorta" şirkətinə sığorta haqqı ödənilməyib. Şirkət nümayəndəsinin sözlərinə görə, müqavilə bağlanarkən tərəflər razılaşıb ki, 3 aylıq turizm mövsümü üçün sığorta haqqı sonra ödənilsin: "Mövsüm başa çatdıqdan sonra isə pul olmadı ödəməyə. Rəhbərliyimiz pulun ödənilməsindən imtina etmir, sadəcə ödənişi növbəti mövsümdə bağlanacaq müqaviləyədək təxirə salmağı xahiş edir".
Baş mühasib sığorta pulunun ödənilməməsini şirkətin maddi imkanı olmaması ilə izah edib: "Bizim rəhbərimiz onlara dedi ki, bu il imkanımız yoxdur sığorta haqqını ödəməyə, gələnilki müqavilədə keçən mövsümün sığorta haqqını da ödəyərik. Lakin onlar bizə qarşı iddia qaldırıblar".
Maraqlıdır ki, E.Mövsümov builki turizm mövsümünün "Atlant" İstirahət Mərkəzi üçün uğurlu keçdiyini də bildirir. Baş mühasibin sözlərinə görə, bu yay mövsümündə iqlim şəraiti əlverişli olduğuna görə, istirahət üçün mərkəzə gələnlərin sayı da ötən ilkindən təqribən 15% artıq olub. Ümumilikdə "Atlant"ın müştərilərinin sayı 3 min nəfər ətrafında olub, deyə baş mühasib bildirib. Qeyd edək ki, "Atlant" istirahət mərkəzində bir nəfərin bir günlük istirahəti orta hesabla 45 manata başa gəlir.
"Atasığorta" şirkətində isə məsələnin maddi imkansızlıqla bağlı olmasına şübhə edirlər. Şirkətdə hesab edirlər ki, istirahət mərkəzi sadəcə yay mövsümünün başa çatmasından istifadə edib ödənişdən yayınır: "Həmin müqavilə yay dövrü ərzində istirahət mərkəzinə gələn turistlərə qarşı yarana biləcək maddi məsuliyyəti sığortalamaq məqsədilə bağlanmış, yay başa çatdıqdan sonra isə artıq sığorta təminatının olmasına ehtiyac olmadığı zənn edilərək sığorta haqqı ödənilməyib".
"Atasığorta" yaranmış vəziyyətlə bağlı digər sığorta şirkətlərini də ayıq olmağa çağırıb: "Əgər bu hala reaksiya verilməzsə, hər il bir sığorta şirkəti bu halın qurbanına çevrilə bilər".
Qeyd edək ki, bu mövzunu diqqətdə saxlayacaq və ölkənin aparıcı sığorta şirkətlərindən biri ilə ən böyük istirahət məkanlarından biri arasındakı bu ixtilafla bağlı növbəti gəlişmələrdən oxucularımızı obyektiv şəkildə məlumatlandırmağa çalışacağıq.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25