Bakıda "priton" kimi tanınan moteldə dəhşətli hadisə
10:36 22-11-2014
İQTİSADİYYAT
Bakıda "priton" kimi tanınan moteldə dəhşətli hadisə
Bəzi məmurların "əxlaqsızlıq yuvalarını" himayə etməsi acınacaqlı vəziyyət yaradıb
Bakıda dünən gecə məşhur otellərdən birində bir nəfərin ölümü ilə nəticələnən insident baş verib.
Əksər xəbər portalları ilk öncə hadisə şahidlərinin sözlərinə istinad edərək belə məlumat yazıblar ki, oteldə istirahət edən xanımla kişi arasında düşən mübahisə nəticəsində qadın öldürülüb, kişi isə yaralanıb.
"ans-press" isə yazıb ki, Vulkan" motelində, otaqların birində Kürdəmir rayonu Sığırlı kəndindən olan Afaq Rafiq qızı Şükürovanın asılmış meyiti tapılıb. Meyiti hamam otağından qadının qohumu Asif Ağamalıyev tapıb. Kişi dərhal otelin işçilərini çağırıb. Daha sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Bir qədər sonra isə rəsmi olaraq bildirilib ki, moteldə qətlə yetirildiyi bildirilən qadının əslində intihar etdiyi aşkarlanıb. Bu barədə Binəqədi Rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qətlə yetirildiyi bildirilən Afaq Rafiq qızı Şükürovanın özünü asaraq intihar etdiyi məlum olub.
"qafqazinfo"nun əldə etdiyi məlumata görə, "Vulkan" Gəncənin sabiq polis rəisi, hazırda DİN-in Daxili Tədqiqatlar İdarəsinin rəisi general Rasim Musayevə məxsus motelidir. Bildirilib ki, otelin sahibi olan və 7 il əvvəl vəfat edən Vasif Abbasov R. Musayevin bacısı oğlu olub.
Daxili İşlər Nazirliyi öz növbəsində "Vulkan" otelin Musayevə məxsus olması xəbərinə reaksiya verib. Qurumun mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, motelin generala məxsus olması haqda iddiaların əsası yoxdur: "Bir sıra saytlar ucuz sensasiya dalınca qaçaraq DİN-də yüksək vəzifə tutan Rasim Musayev barədə onun işgüzar nüfuz və imicinə xələl gətirən əsası olmayan məlumat yayıblar. Belə məlumatların yayılması isə hüquqi məsuliyyət yaradır. Əslində, həmin motel Rasim Musayevin qohumu olan və təxminən 7 il əvvəl avtomobil qəzasında dünyasını dəyişən Vasif Abbasova məxsusdur. Onun vəfatından sonra isə ailə üzvləri moteli başqa bir şəxsə kirayə veriblər. Bu faktdan da görünür ki, motelin Rasim Musayevə aidiyyatı yoxdur".
Qeyd edək ki, "Vulkan" motelinin adı dəfələrlə priton qalmaqallarında hallanıb. Amma o da bir həqiqətdir ki, bu motel belə "imicinə" görə yeganə deyil. Məsələ burasındadır ki, Azərbaycanda müxtəlif vaxtlarda bəzi otel və motellərin, istirahət mərkəzlərinin əslində priton kimi fəaliyyət göstərdiyi konkret faktlarla ortaya qoyulub. Hətta belə obyektlər o qədər "məşhurdurlar" ki, bir çoxları asanlıqla bu cür populyar "pritonların" adlarını asanlıqla çəkə bilərlər.
Bundan başqa şəhərin bir neçə ərazisində masaj salonu, hamam, çayxana adları altında da pritonlar fəaliyyət göstərir. Hüquq-mühafizə orqanları ara-sıra bu cür obyektləri aşkarlayırlar. Ona görə "ara-sıra" deyirik ki, böyük gəliri olan belə "can bazarlarının" arxasında müəyyən məmurlar dayanır. Bir çox hallarda məhz bu səbəbdən hüquq-mühafizə orqanları da həmin "priton"ların fəaliyyətinə müdaxilə etməkdə, onları aşkarlayıb qapatmaqda çətinliklərlə üzləşirlər.
Ekspertlər bildirirlər ki, bu cür "pritonlar" xüsusilə genefondumuz üçün təhşlükə törədir. Bundan başqa, milli-mənəvi dəyərlərimizə qarşı da yönələn əxlaqsızlıq yuvaları kimlər üçünsə ciddi qazanc mənbəyidir. Amma bundan xalq olaraq hamımız itiririk.
Ona görə də ekspertlər hesab edirlər ki, arxalarında hansı məmurların dayanmasından asılı olmayaraq, "pritonlara" qarşı amansız mübarizə aparılması şərtdir. Bunu həm genefondumuzun qorunması, həm də milli-mənəvi dəyərlərimizə ziyan vurulmaması zərurəti diqtə edir.
Ekspertlər onu da xatırladırlar ki, Birləşmiş Millətlər Təşkilatının "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konstitusiyasının və "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırıması və cəzalandırılması" haqqında Protokolunun, həmçinin, "İnsan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında" Brüssel Bəyannaməsinin prinsipləri nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarızə üzrə Milli Fəaliyyət Planı" təsdiq edilib. Bundan başqa şəxsiyyətin şərəf və ləyaqətini alçaldan insan alverinin qarşısının alınması, onunla mübarizəni, insan alveri qurbanlarının müdafiəsini təmin edən, insan və vətəndaş hüquq və azadlıqlarını Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və tərəfdar çıxdığı müqavilələrə uyğun olaraq cinayətkar qəsdlərdən qoruyan, bu məqsədlərlə qanunvericilikdə müəyyən edilmiş qaydada təhqiqat orqanı funksiyasını yerinə yetirən və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən ixtisaslaşdırılmış struktur qurum Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi - yaradılmışdır. Qeyd olunmalıdır ki, Baş İdarə tərəfindən bir sıra təsirli tədbirlər həyata keçirilərək xeyli sayda transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri halları aşkar edilərək təqsirkar şəxslər cinayət məsuliyyətinə cəlb edilib. Bundan başqa, təkcə 2014-cü ilin ilk dörd ayı ərzində əxlaqsızlıq yuvalarının saxlanılması və insan alveri ilə əlaqədar 72 fakt üzrə təhqiqat işlərinin aparılması və cinayət işlərinin başlanmasına dair DİN İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi rəsmi məlumatlar yaymışdır.
İndinin özündə də əxlaqsızlıq yuvaları ilə bağlı belə tədbirlər davam etdirilir. Amma "pritonlarla" bağlı problemi kökündən həll etmək bir o qədər də asan görünmür. Bunun səbəblərindən biri yuxarıda da qeyd etdiyimiz kimi belə obyektlərin bəzi məmurlar tərəfindən himayə edilməsidir.
Eyni zamanda ekspertlər qanunvericilikdə belə hallarla bağlı cəzaların yüngül olmasını da haqqında danışılan problemə rəvac verdiyini düşünürlər.
Ona görə də "priton"larla bağlı problemi kökündən həll etmək baxımından həm onları himayə edən məmurların müəyyənləşdirilərək "zərərsizləşdirilməsi", həm də cəzaların sərtləşdirilməsi prioritet məsələdir.
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17