Azərbaycan broylerlərinin təhlükəli üzüToyuqları duzlayıb soyuducuya qoyun, nələr görəcəksiniz…

Ənvər Əliyev: "Azərbaycanda toyuqları açıq şəraitdə yetişdirməyin vaxtı çatıb"

Mağazadakı bir satıcıdan aldığımız məlumata görə, əhali arasında toyuq ətinə təlabat çoxdur. Qırmızı ətlə müqayisədə ucuz və əlyetən olması, eləcə də tez hazırlanması toyuq ətinə olan təlabatı çoxaldır. Satıcı deyir ki, daimi müştərilər var ki, hər gün, ya da iki gündən bir iki-üç toyuğu birdən alır: "Külfət çoxdur nəvələrim, evə-gəlib gedən və s. Nə bişirəcəyimi düşünəndə ağlıma toyuq gəlir"-deyə daimi müştərilər tanış satıcılarla dərdləşirlər də. Bəs hər gün bu qədər çox yediyimiz, uşaqlarımıza verdiyimiz toyuq əti süfrəmizə gələnədək hansı proseslərdən keçir.

Quşçuluq müəssisələrində çalışan insanlar etiraf etməsələr də, toyuqların hansı sürətlə çəki aldığını bilənlər anlayır ki, qısa müddətdə toyuqların bu qədər çəki artımı mümkünsüzdür. Mətbuatda da gedən məlumatlara görə broyler toyuqlar bud nahiyəsinə, ətinə dərman yeritməklə şişirdilir. Həmin an toyuq öz real çəkisindən 300-500 qram artıq çəkidə olur. Hətta xüsusi maddənin sayəsində toyuğun çəkisini öz xalis çəkisindən 1 kiloqramadək artırmaq da mümkündür. Alimlərin araşdırmasına görə, bütün dünyada, eləcə də Avropa ölkələrində quşçuluq təsərrüfatında istifadə edilən yemlərin tərkibinə 59 adda dərman vurulur. Bu dərmanların çoxu antibiotik təsirli olur ki, toyuqlar həm tez kökəlsin, həm də xəstələnməsin. Halbuki 2002-ci ildə BMT-nin qəbul etdiyi Karfagen Biogüvənlik Protokolu broylerlərdə dərmanlardan kütləvi şəkildə istifadəni qadağan edir. Standartlara görə, ətlik toyuqlar kəsimə gedəcəksə, 7 gün əvvəl antibiotik və dərmanlı qidaların onlara verilməsi dayandırılmalıdır. Buna səbəb insanların sağlamlığını nəzərə almaqdır. Amma hazırda nəinki toyuqlara kəsimdən əvvəl çoxsaylı dərman vurulur, hətta kəsimdən sonra satışa gedəndə belə çəkisinin artması üçün onların dərisinin altına şprislə xüsusi maddə yeridilir. Dünyada alimlərin apardığı araşdırmaya görə 1957, 1978 və 2005-ci illər arasında yetişdirilən 3 toyuğun ağırlıqlarının həddindən artıq fərqli olması hər kəsi şaşırdıb. Geni dəyişdirilmiş bir toyuğun 2005-ci ildə 4 kiloqram ağırlıqda olduğu ortaya çıxıb. 1957-ci ildə isə bu, 905 qram olub. Kanadalı "Poultry Science" elm qurumunun apardığı araşdırma çərçivəsində 1957, 1978 və 2005-ci illərdə 3 fərqli toyuq yetişdirilib. Yetişdirilən toyuqlara əlavə heç bir hormon və ya qida verilməyib. Üçü də eyni yeməyi günün eyni zamanlarında yeyiblər. 1957-ci ildə yumurtadan yeni çıxan cücə toyuq olana qədər keçirdiyi müddətdə 905 qram ağırlığa çatıb. 1978-ci ildə eyni cücə toyuq olana qədər 1 kiloqram 808 qram çəki yığıb. 2005-ci ildə isə cücə toyuq olana qədər keçən müddətdə 4 kiloqram 202 qram ağırlığa çatıb. Mütəxəssislərin fikrincə, bu illər ərzində toyuqların genlərini onların daha ağır olmaları istiqamətində dəyişdiriblər. AMEA Coğrafiya İnstitutunun əməkdaşı, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Ənvər Əliyev bildirdi ki, Azərbaycan ərazisində 18 gündə iki dəfə çəkisi artırılan toyuqların satılması barəsində məlumat əldə edib: "Toyuğun yetişdirilmə prosesində bioloji normalara əməl olunanda çəki artımının müddəti uzundur. Azərbaycanın da adının çəkildiyi müəyyən ölkələr var ki, cəmi 18 günə, 3 həftəyə toyuqların çəkisi iki dəfə artırılır. Tutaq ki, 600 qramlıq toyuqdur. Şərt qoyurlar ki, iki həftədən sonra bu olmalıdır 1,2 kq. Qapalı şəraitdə, hormonlar vasitəsilə yetişdirilən toyuqlarda təbii ki, müəyyən problemləri var. Çünki ən normal yetişdirilən toyuqların çəkisini artırmaq üçün illər lazımdır. Ancaq indiki vəziyyətdə təbii ki, hormonların kütləvi istifadəsindən söhbət gedir. Bu da insan sağlamlığına ciddi problem yaradır". Alim broyler toyuğundan istifadə edən insanların sadə bir təcrübə aparmaqla özlərinin bu toyuqlardakı fəsadları görə biləcəyini vurğuladı. Belə ki, toyuq ətini doğradıqdan sonra çoxlu duzlayıb istiotlamaq və soyuducuda saxlamaq lazımdır. Soyuducudan çıxaranda toyuğun qara suyu çıxacaq ki, bu da çox mətləblərdən xəbər verir: "Çünki həmin toyuqlar çirkli mühitdə uzun müddət ayaqları üzərində dururlar. Nəticədə ayaqlarından onlara çoxlu iylər keçir. Onların vaxtlı-vaxtında altları təmizlənmədikdə bu problem daha çox baş verir. Bu da bədənə keçdikdən sonra toyuqda müxtəlif iy, dad əmələ gəlir. Bu adi bir təcrübədir ki, gözlə görünür. Bunun üçün nə analizə, nə də alimliyə
ehtiyac yoxdur. Azərbaycanda qapalı sistemdə toyuqların yetişdirilməsinə son qoymaq lazımdır. Azərbaycan normal iqlim şəraitində olan bir ölkədir. Əlbəttə ki, 5-6 aya çəkisi artırılmaqla qiyməti yüksəltmək olar. Deyək ki, toyuqlar 3 ay qapalı şəraitdə yetişdirilirsə, üç ay da bunu çöldə otlaq şəraitində dədə-baba qaydası ilə yetişdirib normal qiymətə satmaq olar. Bu üç ayda həm onun bədəni artıq iylərdən, hormanlardan təmizlənir, həm də onlar normal böyüyərlər. Nəticədə çəkisi bir az olsa da, nisbətən baha qiymətə satmaqla konpensasiya etmək olar. Azərbaycan xalqının sağlamlığı, onun genefondunun ziyan çəkməməsi üçün bu addım atılmalıdır. Azərbaycanda toyuq kütləvi yeyilmir. Türk əsilli olduğumuz üçün mal, qoyun ətinə, ağartıya meyilli insanlarıq. Ona görə də toyuqların saxlanmasında klassik üsula keçməyin vaxtı çatıb. Fermaları boş torpaqlarda, Ceyrançöldə və s. yerlərdə tikmək lazımdır, şəhərdə deyil. Əgər bu şəraitdə yetişdirilərsə toyuqlara vurulan hormonları da bədəndən çıxarmaq olar. Düşünürəm ki, yumurta istehsalında da bu üsulu tətbiq etmək olar. Tam da olmasa bir 50 faiz sağlamlığımızın, ekoloji problemlərimizin qayğısına qalaq".
Aygün