Sarkisyanla şərik biznesi olan lotulardan Rövşən Lənkəranskiyə təhdid
Sarkisyanla şərik biznesi olan lotulardan Rövşən Lənkəranskiyə təhdid

İrəvan yaxınlığında keçirilən "oğru sxodkası"nda Azərbaycana qarşı təxribat edildi

Xəbər verildiyi kimi, yanvarın 6-da Ermənistanın paytaxtı İrəvan yaxınlığında son illərin ən böyük "oğru sxodkası" keçirilib. Həmin toplantı əvvəlcə Moskvaya təyin olunmuşdu. Amma Rusiya hüquq-mühafizə orqanları toplantı iştirakçılarının hamısını həbslə hədələdiyi üçün kriminal avtoritetlər təcili şəkildə seçim edərək İrəvanda toplaşmaq variantı üzərində dayanmışdılar.
İrəvandakı "sxodka"nın təşkilatçısı Artyom Arutyunyan adlı kriminal avtoritet idi. Hüquq-mühafizə orqanlarındakı mənbələr "Rosbalt"a bildirib ki, "vor zakonlar" son bir neçə gün ərzində İrəvana yığışmaqda davam edib. Onların sayı 100-dən çox olub. "Oğrular" əvvəlcə öz aralarında kiçik qruplar halında məsləhətləşmələr aparıb, daha sonra isə yanvarın 6-da hamısı bir araya gəliblər.
"Sxodka"da Robinzon Arabuli, Georgi Uqlava (Taxi), David Sebiskveradze (Dato), Vaja Biqanişvili, Amiran Sopromadze (Sopotiya), Oleq Şişkanov (Şişkan), Zaxari Kalaşov (Şakro Molodoy), Boris Apakiya (Apakela), Hüseyn Əhmədov (Slepoy) kimi kriminal avtoritetlər iştirak edib.
"Vor zakonlar" öncə 2008-ci ildən başlayaraq "qanuni oğrular"ın sayının sürətlə artması məsələsini müzakirə ediblər. Şakro Molodoy deyib ki, 2008-ci ildən başlayaraq bu sahədə özbaşınalıq olub, "ailə"yə daxil olmağa namizədlər bəzən lazımınca öyrənilməyib, onların kimliyi tam araşdırılmayıb, "oğru" titulu verilərkən lazımi prosedurlara riayət olunmayıb. Digər "oğru"lar da Şakronun bu fikri ilə razılaşıblar. Onların bildirdiyinə görə, 2008-ci ildən bəri azı 240-250 nəfərə "vor zakon" titulu verilib, bu isə çoxdur. Virtualaz.org saytının Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, "sxodka"da belə bir qərar qəbul olunub ki, 2008-ci ildən sonra "tac" almış "oğru"ların titulu sual altına alınsın. Bu isə o deməkdir ki, həmin ildən sonra "oğru" titulu alan şəxslər daha "vor zakon" titulu daşımırlar, onlar yalnız bu ada iddiaçı sayılırlar. "Sxodka"da digər sensasion qərar da verilib. Belə ki, Rövşən Lənkəranski (Canıyev) və Cemal Mikeladze (Cemo) "qanuni oğru" titiulundan məhrum ediliblər.
"Unikal"ın əldə etdiyi məlumata görə, Rövşən Lənkəranskinin adının alınması ilə bağlı məlumat həqiqəti əks etdirmir. Bizi bilgiləndirən şəxsin sözlərinə görə, bu, Ermənistan tərəfinin növbəti təxribatıdır: "Bildiyiniz kimi, ermənilər bütün cəbhələrdən Azərbaycana qarşı qara piar kampaniyası aparırlar. İndi də lotu aləmindən Azərbaycanla bağlı dezinformasiya yayırlar. İrəvanda keçirilən "oğru sxodkası"nda müxtəlif məsələlər müzakirə olunub, amma elə bir qərar qəbul olunmayıb. Sadəcə, Ermənistan prezidenti Sarkisyanla işbirliyində olan lotular Lənkəranski ilə bağlı belə bir qərarın qəbul olunmasını istəyiblər. Amma qərar qəbul olunmayıb. Onlar da bu müzakirəni əllərində əsas tutaraq, ona qarşı təxribat ediblər. Yəni, bu yolla oğlu aləmində də Azərbaycana qarşı düşmənçiliklərini gizlədə bilməyiblər".
Maraqlı məqamlardan biri də odur ki, kriminal aləmin qanunlarını yaxşı bilən ekspertlər də Lənkəranski ilə bağlı belə bir qərarın verilməsinin mümkün olmadığını bildirirlər. "İrəvanda keçirilmiş "sxodka"da "Rövşən Lənkəranski" özü iştirak etməyib. Əgər "oğru" adı Rövşəndən geri alınıbsa, o, özü mütləq "sxodka"da iştirak etməli idi. Rövşən də "sxodka"da iştirak etmədiyi üçün bu ad ondan geri alına bilməz". Bu sözləri Lent.az-a açıqlamasında yazıçı, kriminal kitablar müəllifi Bəhram Çələbi "Rövşən Lənkəranski"dən qanuni "oğru" adının geri alınması barədə yayılmış xəbərə münasibət bildirərkən deyib. Bəhram Çələbi qeyd edib ki, oğru qanunlarına görə, keçirilən "sxodka"da "qanuni oğru"nun üzünə "qrex"i deyilməlidir: "İttihamları "qanuni oğru" özü cavablandırmalıdır. Niyə, nə üçün, hansı səbəbə görə bu ad ondan geri alınırsa, hamısı sübuta yetirilməlidir. Və o da əgər günahı varsa, başıaşağı sakit oturub ittihamları qəbul edir. Yox, fakt təsdiqini tapmayanda, bu ittihamı irəli sürən adamın özü "nakazat" olunur. "Ded Xasan" hansısa "sxodka"da Rudiki ("Rudik Bakinski", Bakı ermənisi-red), Rudik də "Ded Xasan"ı qanuni "oğru" kimi tanımadıqlarını elan etmişdilər. Belə şeylər çox olub.".

Qərib Gərayzadə