Gürcüstan Ermənistanla starteji müttəfiq olmaq istəyir?
10:55 22-01-2015
İQTİSADİYYAT
Gürcüstan Ermənistanla starteji müttəfiq olmaq istəyir?
İki ölkə arasındakı hərbi əməkdaşlıqda Rusiya izi
Son günlər Gürcüstan- Ermənistan hərbi anlaşmasının ortaya çıxması və iki dövlətin hərbi sahədə əməkdaşlığa meyillənməsi heç də birmənalı qarşılanmayıb. Ekspertlər hesab edir ki, belə bir halın ortaya çıxması ümumilikdə regiona mənfi təsir göstərəcək və bu Gürcüstan tərəfindən buraxılan ən ciddi yanlışlıq olacaq.
Öncəliklə qeyd edək ki, Gürcüstanda Saakaşvili hakimiyyətdən gedəndən sonra yeni gürcü höküməti Azərbaycana yanaşmada bəzi yanlışlıqlara yol verdi. Öncə iddia olundu ki, Azərbaycanla Gürcüstan arasında bağlanmış enerji müqavilələrinə yenidən baxılacaq. Bundan sonra isə bəyan etdilər ki, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin çəkilişi Gürcüstanın maraqlarına cavab vermir və buna görə Ermənistan-Gürcüstan dəmiryol xəttinin bərpası daha vacibdir. Amma Azərbaycan diplomatiyasının hərəkətə keçməsindən sonra Gürcüstan rəhbərliyi geri çəkildi. Hazırda isə ortada başqa bir problem var və bu problem daha ciddidir. Söhbət iki dövlətin hərbi əməkdaşlığından gedir. Analitiklər hesab edir ki, bu iki dövlətin hərbi əməkdaşlığı əslində yanlış bir siyasi xətdir və bunun səbəbləri aşağıdakılardır. İlk növbədə qeyd olunur ki, Gürcüstan bütün gücünü səfərbər edərək NATO-ya üzv olmaq istəyir . Belə bir məqamda Gürcüstanın Ermənistanla hərbi əməkdaşlığa həvəslənməsi başa düşülən deyil. Çünki Gürcüstandan fərqli olaraq Ermənistan Rusiya ilə sıx hərbi əməkdaşlıq edir və NATO-un regiona gəlişini əngəlləyən güclərdən biridır. Belə olan halda hansı məntiqlə Gürcüstan strateji baxımdan onun siyasətinə əngəl yaradan Ermənistanla əməkdaşlıq edəcək?. Başqa tərəfdən sirr deyil ki, bu gün Gürcüstanın NATO-ya yaxınlaşmasında, ordu quruculuğunda əsas rolu Türkiyə oynayır. Amma Gürcüstan bu gün Ermənistanla hərbi əməkdaşlığa başlayarsa sözsüz ki, Türkiyə Gürcüstan siyasətinə yenidən baxmalı olacaq. Analitiklər hesab edir ki, məsələyə həssaslıqla yanaşanda ortaya başqa nüanslar çıxır. Aydın olur ki, Gürcüstan əslində Ermənistandan istifadə etməklə Rusiya ilə əməkdaşlığa çalışır. Belə olan halda Gürcüstan Rusiya ilə hərbi əməkdaşlığa başlayarsa Rusiya bunu müsbət addım kimi dəyərləndirəcək.Və növbəti mərhələdə bu əməkdaşlığa elə Rusiyanın özü də qatıla bilər. Görünür bunu nəzərə alan politoloq Ərəstun Oruclu hesab edir ki, Rusiya get-gedə regiona təsirini artırmağa çalışır : "Gürcüstanın Avropa Birliyi ilə assosiativ əməkdaşlıq sazişi imzalamasına və NATO ilə əməkdaşlıq etməsinə baxmayaraq, istənilən halda bu gün Cənubi Qafqazda, bir az obrazlı desək, rus əsgərinin çəkməsinin tappıltısı eşidilir. Bax, bu variantın mümkünlük ehtimalı şübhəsiz ki, daha yüksəkdir. Yəni Cənubi Qafqaz və Türkiyənin Rusiya ilə hərbi əməkdaşlığa hazırlaşmasını və bunun genişlənməsini istisna etmirəm. Bir daha qeyd etmək istəyirəm ki, bu gün Türkiyənin NATO üzvü olmasına və Gürcüstanın AB ilə assosiativ saziş imzalamasına baxmayaraq, istənilən halda Cənubi Qafqazda Rusiyanın rolunun artacağını deməyə kifayət qədər əsas var. Məsələyə bu prizmadan baxmaq daha real görünür". Məhz bu məqamları nəzərə alan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili bildirmişdi ki, Rusiya yenidən regiona girmək istəyir və Gürcüstan rəhbərliyi hazırda yanlış yol seçib. Mixail Saakaşvili həmçinin Gürcüstanın hazırkı rəhbərliyini Azərbaycana qarşı düzgün yol tutmamaqda ittiham edirdi. Maraqlıdır, bəs Gürcüstanla Ermənistanın hərbi əməkdaşlığı Dağlıq Qarabağ probleminə,Azərbaycana hansı formada təsir göstərə bilər?Hərbi ekspertlər hesab edir ki, bu gün Gürcüstanla Ermənistanın hərbi əməkdaşlığa başlamasına təlaşla yanaşmaq lazım deyil. İlk növbədə ona görə ki, bu gün Ermənistanla Gürcüstan ordusu fərqli-fərqli yanaşması, strukturu olan ordudur. Gürcüstanın silah arsenalı bütünlüklə NATO standartlarına uyğunlaşdırılıb. Ermənistanın arsenalı isə Rusiya arsenalının primitiv formasıdır. Buna görə də əməkdaşlığa hazırlaşan iki dövlətlər ciddi nəticəyə nail ola bilməzlər. Bunuda unutmayın ki, Gürcüstan ordusunun formalaşması NATO tərəfindən Türkiyəyə həvalə edilib və Türkiyənin bu ölkənin ordu sisteminə təsiri daha güclüdür. Belə olan halda aydınlaşır ki, Gürcüstanla Ermənistanın hərbi əməkdaşlığı yalnız kadr hazırlığı müstəvisində ola bilər. Yəni Ermənistan ordusuna məxsus zabitlər Gürcüstandakı hərbi akademiyada təhsil ala bilərlər. Bu isə elə də mühüm məsələ deyil. Bu əməkdaşlığın Dağlıq Qarabağa hansısa formada təsirini görmürəm. Çünki regionda Azərbaycan ordusunun gücü qat-qat bu ölkələrin hərbi potensialından böyükdür. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Gürcüstanla Ermənistan arasındakı hərbi əməkdaşlıq sadəcə formal xarakter daşıyır. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanla Gürcüstan arasında da ciddi hərbi əməkdaşlıq mövcuddur və bir müddət öncə Türkiyə-Azərbaycan-Gürcüstan birlikdə hərbi təlimlər də təşkil etdilər və bu proses davam etdiriləcək. Hətta belə fikirlər səslənir ki, Gürcüstan yaranması nəzərdə tutulan Azərbaycan-Türkiyə hərbi blokuna qoşulmağa da hazırdır.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53