İŞİD hücuma keçdi: briqada komandiri öldürüldü
11:17 31-01-2015
İQTİSADİYYAT
İŞİD hücuma keçdi: briqada komandiri öldürüldü
Terrorçu təşkilatın tələb etdiyi qadının sirri
"İslam Dövləti" (İŞİD) terror təşkilatı Kərkük və Mosul cəbhələrində peşmərgə güclərinə hücumlar təşkil edib. Kərkük şəhərinin mərkəzində təhlükəsizlik qərargahının olduğu ərazidə içində partlayıcı maddə olan avtomobil partladılıb.
Partlayış nəticəsində briqada komandiri ölüb.
Peşmərgə güclərinin məlumatına görə, İŞİD gecə saatlarında Kərkükdən cənubda yerləşən Tel Əl-Verid, Məktəb Halid və Molla Abdullah kəndlərinə hücum edib. Terror təşkilatı şiddətli qarşıdurmalardan sonra Məktəb Halid və Molla Abdullah kəndlərini ələ keçirib.
Şimali İraq regional kürd rəhbərliyinin Peşmərgə Nazirliyi İŞİD-i bölgədən çıxarmaq üçün əlavə qüvvələr göndərib.
Bu arada İŞİD silahlılarının əlində girov olan iordaniyalı pilotun iraqlı terrorçu qadın Səcidə əl-Rişəvi ilə mübadiləsi baş tutmayıb. Əməliyyatın baş tutması üçün tələb olunan vaxtı limiti artıq başa çatıb. Xarici KİV-in məlumatına görə, girovların dəyişdirilməsi əməliyyatının Türkiyənin Suriya ilə sərhəd Akçakale nəzarət-buraxılış məntəqəsində keçiriləcəyi gözlənilirdi. Lakin İordaniya hökuməti girovun hələ də ölkə ərazində olduğunu açıqlayıb.
Bir qədər əvvəl İordaniya hökuməti mübadilənin baş tutması üçün İŞİD-lə razılığa gəlmişdi.
Girovların hazırda aqibətinin nə olduğu isə, hələlik məlum deyil.
Eyni zamanda, yaponiyalı jurnalist də Kenci Qoto da İŞİD silahlılarının əlində girovdur. Yaponiyanın xarici işlər naziri Fumio Kisida rəsmi Ammanla sıx əlaqə saxladıqlarını, lakin girovlardan hələlik bir xəbər ala bilmədiklərini bildirib.
İordaniya hökuməti girovların sağ olduğundan əmin olmayınca terrorçu qadını buraxmayacaqlarını qeyd ediblər.
Bu qadın İŞİD-in nəyinə lazımdır?
İŞİD-in iordaniyalı pilot və yapon jurnalistə qarşı azad olunmasını tələb etdiyi iraqlı kamikadze Sacidə ər Rişavinin qruplaşma üçün əhəmiyyəti isə bütün dünyada müzakirə mövzusuna çevrilib.
Bəziləri qruplaşmanın Rişavini tələb etməsini təəccüblə qarşılayıb. Belə ki, törətməyə çalışdığı kamikadze hücumu uğursuz olduğu üçün ər-Rişavi mənsubu olduğu "əl Qaidə"nin gözündən düşmüşdü. İraqda olan əşirəti isə onu qəbul etmək istəmir.
"New York Times" qəzetinə müsahibə verən iordaniyalı jurnalist Linda Mayeh terrorçu qadının siyasi və sosioloji heç bir dəyərinin olmadığını deyib: "9 ildir onu heç kim axtarmayıb. Əgər İŞİD onu istəsəydi, ilk gündən niyə axtarmırdı?"
Beynəlxalq Böhran Qrupundan Yost Hilterman bunun aldadıcı gediş olduğu düşüncəsindədir: "Aldadıcı fənd kimi görünür. Mən hesab edirdim ki, İŞİD İordaniyada həbsdə olan daha əhəmiyyətli terrorçularının azadlığa buraxılmasını tələb edəcək".
"AFP"yə müsahibə verən İslamçı qruplaşmaların araşdırmaçısı Həsən əbu Haniyənin fikrincə, Rişavinin heç bir simvolik dəyəri yoxdur. "Rişavi əl-Qaidənin İraq lideri Zərqavi ilə birlikdə İŞİD terror qruplaşmasının əsasını qoyan qrupun içində idi. İraqlı, sünni və Ənbar əsilli olması xüsusi önəm daşıyır. Həmçinin, keçmiş əmirlərdən birinin bacısıdır və bütün qardaşları öldürülüb" - deyə Həsən əbu Haniyə bildirib.
2005-ci il noyabrın 9-da əri Əli Şumari ilə birlikdə Əmmanda lüks otellərdən birindəki toy mərasimində bombalı sui-qəsd törətməyə çalışarkən Rişavinin əlindəki pultun işləməməsi onun planını alt-üst edib. Lakin həmin gün Rişavinin əri Şumari və digər iki sui-qəsdçi özlərini partladaraq 60 nəfərin ölməsi ilə nəticələnən hadisəyə səbəb olmuşdular.
Hücumdan bir neçə gün sonra üzərində pultlu pencəklə televiziyaya çıxaraq hadisəni etiraf edən Rişavi 9 ildir ki, təcridxanada saxlanılır. Qohumlarından birinin polisə məlumat verməsi nəticəsində onun yaxalandığı qeyd edilir.
İŞİD Misiri qan gölünə çevirdi: 26 ölü
Dünən o da məlum olub ki, İŞİD terror qruplaşmasının Misir qanadı Sinay yarımadasında silsilə terror aktları həyata keçirib.
Ariş və Refah şəhərlərində törədilən terror aktlarında 26 nəfər həlak olub.
Terror aktlarına görə məsuliyyəti "Ənsar Beyt əl-Makdis" ("Qüds partizanları") qruplaşması üzərinə götürüb.
Məlumata görə, terror qruplaşmasının döyüşçüləri Refah və Arişdə təhlükəsizlik xidmətinin qərargahı, hərbi baza, mehmanxana və sərhəd-buraxılış məntəqəsinə hücum edib. Terror aktı həmçinin "Al-Axram" qəzetinin redaksiyasında törədilib. Qəzetin altı əməkdaş həlak olub. Yaralıların sayının yüzə çatdığı bildirilir.
Xatırladaq ki, "Ənsar Beyt əl-Makdis" ötən ilin noyabr ayında İŞİD-ə biət edib. Qruplaşmanın daha əvvəllər də İŞİD-ə dəstək verdiyi barədə iddialar irəli sürülürdü. İŞİD-ə sədaqət andı ilə bu iddialar təsdiqlənmiş oldu.
Qahirənin təxirəsalınmaz işlər üzrə məhkəməsi 2014-cü ilin aprel ayında "Ənsar Beyt əl-Makdis" qruplaşmasını terrorçu təşkilatların siyahısına daxil edib. İstintaq məlumatlarına görə, 2013-cü il iyul ayında prezident Məhəmməd Mursi hakimiyyətdən kənarlaşdırılandan sonra ölkədə törədilmiş terror aktlarının əksəriyyətində bu terror şəbəkəsinin əli olub.
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05