Azad Rəhimov "futbol qumarı"na sahib çıxdı
09:52 05-02-2015
İQTİSADİYYAT
Azad Rəhimov "futbol qumarı"na sahib çıxdı
Nazir Milli Məclis və medianın təpkisinə rəğmən nəzarətindəki biznesin müdafiəsinə qalxdı
Gənclər və idman naziri Azad Rəhimov Milli Məclisdə "Topaz" idman mərc oyunu operatorunun fəaliyyətinin dayandırılmasının vacibliyi barədə səslənən təklifə münasibət bildirib.
Rəhimov millət vəkillərinin belə bir qərarı qəbul edəcəkləri halda, onu dəstəkləyəcəyini bildirib. O, bir vətəndaş və şəxs kimi "Topaz"ın bağlanmasına heç bir etiraz etməyəcəyini bildirib: "Milli Məclis Topazın bağlanması barədə qərar qəbul etsə, mənim fikrim nə ola bilər? Sözsüz ki, dəstəkləyərəm. Ona görə ki, millət vəkillərimiz, Milli Məclis deputatları bütün xalqın seçdikləridir. Onlar hansı qərar qəbul edəcəklərsə, bu, xalqın qərarıdı. Birmənalı! Bir vətəndaş, bir şəxs kimi mənim bu qərara heç bir etirazım ola bilməz".
Bununla belə, bir məmur kimi isə Rəhimovun reaksiyası belə olub: "Qara bazar"la müqayisə etsək, "Topaz" çox yüksək vergi verir, tam şəffaf şirkətdir, dövriyyədən 4,2 faizi idmana xərclənir - bu da tam şəffafdır və pulların hara xərcləndiyini şirkətin saytına baxaraq, görə bilərsiniz. Vəsait tam olaraq, idmanın inkişafına sərf olunur. "Topaz" bağlanacaqsa, qoy qalsın "qara bazar". Vergisiz. Orda özünü öldürənlər, asanlar və s. hallar çoxdu. Bilməyən insanlar bunu necə istəsələr, interpretasiya edə bilərlər. Qoy, "qara bazar" işləsin və "Topaz"ı, mərc oyunlarını sevməyən insanlar xoşbəxt olsunlar".
"Bəlkə, bu məsələni qaldıranlar "Topaz"ı deyil, "qara bazar"ı nəzərdə tutublar?" sualını isə nazir bu cür cavablandırıb: "Bunu mən deyə bilmərəm. Mənim "qara bazar"la işim yoxdu. Çalışırıq ki, işlər normal, dünyada qəbul olunan prinsiplər əsasında aparılsın. Bizim yeganə uduşumuz odur ki, "qara bazar" olmasın. Biznes məsələləri tam nizamlı olsun, vergilər ödənilsin, şəffaflıq olsun. Digər tərəfdən, idmana gələn vəsait bizim üçün böyük dəstəkdir".
Qeyd edək ki, Milli Məclisin fevralın 2-də keçirilmiş iclasında deputat Qüdrət Həsənquliyev "Topaz"ın bağlanmasını təklif edib. Deputat qeyd edib ki, bu oyunların ləğv olunması çox vacibdir: "Bir vaxtlar Heydər Əliyev çox yaxşı ki, Azərbaycanda kazinoları yığışdırtdı. O bu addımı ilə çox ailəni, çox gənci bu bəladan xilas etdi. İndi isə idman mərc oyunları ailələrdə problemlər yaradıb. Nə qədər ailələrin uşaqları bu bəlaya düçar olub". Deputat bu oyunların ləğv edilməsini, bunun əvəzində keçmişdə olduğu kimi "super lotto" kimi oyunların keçirilməsini təklif edib.
Deputatın təklifinə reaksiya verən spiker Oqtay Əsədov da onunla razı olduğunu bildirib. Bu da onu göstərir ki, yaxın müddətdə təklifin gerçəkləşməsi mümkündür. Bundan əvvəl də parlamentdə zaman-zaman "Topaz"la bağlı sərt fikirlər səsləndirilib. Hələ 2013-cü ilin martında Milli Məclisin iclasında bəzi deputatlar "Topaz" haqqında sərt fikirlər səsləndirmiş, "futbol qumarı"nın leqallaşdırılmasının xüsusilə gənclərin təlim-tərbiyəsində ciddi mənfi fəsadlara yol açmasından şikayətlənmişdilər. Bu narahatlığın yenidən gündəmə gəlməsi və spiker tərəfindən də açıq şəkildə dəstəklənməsi "Topaz"ın bağlanması və ölkədə "futbol qumarı"nın ləğvi istiqamətində addımların atılma ehtimalının yetərincə yüksək olduğunu göstərir.
Xatırladaq ki, ölkə KİV-lərinin yazdığına görə, yuxarıda danışılan ailə dramına səbəb olmuş "Topaz" gənclər və idman naziri Azad Rəhimovun nəzarəti altındadır. Belə ki, "Topaz"ın idarəedici şirkətinə məhz Rəhimovun yaxın dostu (bəzi mənbələrdə hətta qohumu) olduğu bildirilən şəxs rəhbərlik edir.
Həmçinin vurğulamaq yerinə düşər ki, idman yarışlarına qeyri-leqal pul qoyuluşları ölkədə yüzlərlə insanın bədbəxtçiliyinə - müflisləşməsinə, evini, ailəsini itirməyə gətirib çıxarıb. Və "Topaz" yarananda rəsmilər iddia edirdilər ki, "futbol qumarı"nın leqallaşması ilk növbədə vətəndaşları fırıldaq qurbanı olmaqdan azad edəcək. Amma əvəzində bu gün onlarla insan "futbol qumarı"nın leqallaşması nəticəsində evini, maşınını itirir, borclanır hətta həbsə düşür, məhbusa çevrilir.
Ona görə də deputatların "Topaz"la bağlı narahatlığını başa düşmək, ölkədə artıq leqallaşmış "futbol qumarı"na son qoyulmasını anlamaq mümkündür. Eyni zamanda Azad Rəhimovun Milli Məclis belə qərar verərsə, bunu anlayışla qarşılayacağını deməklə bərabər, açıqlamasındakı digər məqamlar onun "Topaz"ın müdafiəsinə qalxdığını göstərir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53