Əli Həsənov müxalifəti yenidən dialoq masasına toplayacaq
09:14 11-02-2015
İQTİSADİYYAT
Əli Həsənov müxalifəti yenidən dialoq masasına toplayacaq
Radikal müxalifət nala-mıxa vursa da, əksər siyasi təşkilatlar iqtidar-müxalifət dialoqunu dəstəkləyir
Azərbaycanda fəaliyyət göstərən bir sıra müxalifət partiyalarının rəhbərləri növbəti iqtidar-müxalifət görüşünə dəvət olunub.
"Unikal"ın məlumatına görə, dəvət siyasi partiyalara Prezident Administrasiyası tərəfindən gəlib. Belə ki, görüşün əvvəlki formatda keçirilməsi və ötən dəfə iştirak etməyən digər siyasi partiya rəhbərlərinin də iştirakı nəzərdə tutulub. Görüş fevralın 12-də saat 11.00-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçiriləcək.
Xatırladaq ki, ilk dialoq Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun iştirakı ilə 2014-cü il dekabrın 13-də baş tutub. Dialoqa ADP sədri Sərdar Cəlaloğlu, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, BAXCP sədrinin müavini Zöhrab Abdullayev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qatılıb.
Məsələylə bağlı "Unikal"a açıqlama verən AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib ki, siyasi qüvvələr arasında dialoq mühitinin olması mühüm addımlardandır. Onun sözlərinə görə, bu səbəbdən də AMİP hər zaman iqtidar-müxalifət dialoquna sıcaq yanaşıb. Amma AMİP yetkilisinin müəyyən tələbləri və təklifləri də var: "İqtidar-müxalifət dialoqu o zaman baş tutacaq ki, masa ətrafında təxminən eyni statusa, yaxud da qərarlar verə bilən şəxslər otursun. Əli Həsənov Prezident Administrasiyasının məsul şəxslərindən biridir, lakin o qərarların qəbulunda iştirak etmir. Eyni zamanda, ictimai-siyasi şöbəyə məsul şəxs olaraq Əli Həsənovun məhz belə görüşlər təşkil etmək, yaxud da siyasi partiyalarla müntəzəm surətdə işləmək onun vəzifə borcudur. Mən hesab edirəm ki, növbəti belə bir görüş olacaqsa, bu əvvəlki kimi pərakəndə və hazırlıqsız olmamalıdır. Konkret məsələ müzakirəyə çıxarılmalıdır və bu müzakirələrdə əsas siyasi təşkilatlar iştirak etməlidir. Bu görüş iqtidar-müxalifət dialoquna yol açacaqsa, problemlərin həllində və münasibətlərin normallaşmasında əhəmiyyət kəsb edəcəksə müsbət qarşılanmalıdır. Hər halda ümid etmək lazımdır".
Tanınmış tərcüməçi yazar, ictimai-siyasi fəal Nadir Qocabəyli "Unikal"ın əməkdaşı ilə söhbət zamanı deyib ki, dialoq, əlbəttə, çox gərəkli şeydir. Onun sözlərinə görə, cəmiyyətin uyum içində yaşaması, onu narahat edən problemlərə aydınlıq gətirilməsi, çözüm yollarının axtarılması üçün onun müxtəlif dairələri, təbəqələri, sosial zümrələri arasında daimi dialoq, razılaşma olmalıdır: "Bu mənada hakimiyyətin ona müxalifətdə olan siyasi qüvvələrlə vaxtaşırı masa arxasına keçib müəyyən məsələləri müzakirə etməsi təqdirəlayiqdir. Ölkədə irili-xırdalı xeyli problemlər var. Mən istərdim ki, müxalifət partiyaları nümayəndələrinin PA ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla görüşündə xalqımızı narahat edən bu məsələlər ətraflı müzakirə olunsun və müsbət razılıqlar əldə olunsun".
Qeyd edək ki, bəzi müxalifət partiyaları, xüsusən də radikallar bu dialoq görüşündən imtina edirlər. N.Qocabəyli deyir ki, həmin partiyalar tamamilə haqsızdırlar: "Mən onları haqlı saymıram. Əvvəla, niyə gəlmədiklərini açıqlamalıdırlar. İkincisi, heç bir səbəb, arqument dialoqdan qaçmaq üçün əsas ola bilməz.Dialoq istəməyən siyasi qüvvə bəs nə istəyir? Qarşıdurma, zorakılıq? Biz nəyin bahasına olursa-olsun mütləq təmas nöqtələri tapmalıyıq. Yoxsa dialoqa getməməklə, gedənlərə isə "satqın" deməklə heç nə əldə olunmaz.Xalqın maraqlarını düşünən müxalifət təkəbbürlü olmamalıdır, ən "alçaldıcı" hesab etdiyi şərtlərlə belə danışıqlara qatılmalıdır. Bunlar isə, ancaq özlərini düşünür, xaricilərdən qrant almağı qəbul edir, özümüzkülərlə danışığa getmək istəmir".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59