Bəzi nazirlərin pulu azaldılır
10:41 17-02-2015
İQTİSADİYYAT
Bəzi nazirlərin pulu azaldılır
Hökumətin xərclərdə qənaətə getməsi kimləri çətin vəziyyətdə qoyacaq?
Bir qədər öncə KİV-də belə bir xəbər yayılmışdı ki, rayon icra hakimiyyətlərinə ilin sonuna qədər büdcələrini 30 faiz azaltmaq tapşırılıb. Konkret desək, ilin sonunda rayon icra hakimiyyətlərinin büdcələrinin 30 faizi xərclənməmiş qalmalıdır.
Bildirilirdi ki, iri şəhərlərin büdcələrinin 25 faiz azaldılması nəzərdə tutulur.
Dünən isə belə bir məlumat yayılıb ki, nazirliklərdə də "qənaət siyasəti" aparılacaq. Belə ki, nazirliklərə rəsmi təsdiqlənmiş büdcənin cəmi 70 faizinin istifadə olunması tapşırılıb.
Bu tapşırığın həyata keçirilməsi üçün isə təsərrüfat xərclərinin minimuma endirilməsi, inzibatı binaların təmirinin dayandırılması və işçilərin ixtisar edilməsi nəzərdə tutulur. İxtisarların birbaşa yox, struktur yeniləşmələri fonunda aparılması planlaşdırılır. Yəni şöbə və idarələrin ləğvi, birləşdirilməsi və yenidən təşkili yolu ilə ixtisarların aparılması təlimatda əksini tapıb.
Bu ilin büdcə xərcləri 21,1 milyard manat nəzərdə tutulub. Hökumət "qənaətlə" büdcə xərclərini 30 faiz (təxminən 6 milyard manat) azaltmaq niyyətindədir. Ancaq ictimai ajiotaj yaratmamaq üçün büdcəyə yenidən baxmaq, rəsmi göstəriciləri azaltmaq yolu seçilməyib. Qənaət əsasən ixtisar yolu, təsərrüfat xərclərinin azaldılması vasitəsilə həyata keçiriləcək. Həmçinin bu il yeni infrastruktur layihələr maliyyələşdirilməyəcək. Yalnız yarımçıq layihələr tamamlanacaq (istiqlal.az).
Artıq bu cür məlumatları dolayı yolla təsdiqləyən rəsmi açıqlamalar da gəlməkdədir. Məsələn, ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, neftin ucuzlaşması hasilata, qazmaya və kəşfiyyata təsir göstərməyəcək. Bununla belə, vitse-prezident əlavə etməyi unutmayıb ki, mümkündür bəzi izafi xərclər azaldılsın: "Ola bilər ki, ikinci dərəcəli layihələr dayandırılsın".
Eyni zamanda bir neçə gün əvvəl Nəqliyyat Nazirliyindən də Bakı-Sumqayıt sürətli elektrik qatarlarının fəaliyyətə başlaması, paytaxtda tramvay nəqliyyatının bərpası kimi layihələrin reallaşmasının mümkünsüzlüyünü açıqlamış və bunu neftin qiymətindəki ucuzlaşma ilə izah etmişdilər.
Həmçinin "Unikal" olaraq, "Azərenerji"də ciddi ixtisarlara başlanıldığı barədə məlumat yaymışdıq, bölgələr üzrə yüzlərlə işçinin ixtisar edildiyini bildirmiş, bu məlumatımız Etibar Pirverdiyevin rəhbərlik etdiyi qurum tərəfindən yalanlanmamış, eyni zamanda digər KİV-lər də bu cür ixtisarlara start verildiyini təsdiqləyən xəbərlər yaymışdılar.
Belə məlumatlar da var ki, büdcəyə qənaət heç də bütün nazirliklərə şamil olunmur. Daha çox ikinci dərəcəli nazirlik və komitələr onlar üçün rəsmi təsdiqlənmiş büdcəni qənaətlə xərcləməli və ayrılan vəsaitin 30 faizinə qənaət etməlidirlər. Belə qurumlar arasında xüsusilə Əbülfəs Qarayevin rəhbərlik etdiyi Mədəniyyət və Turizm Nazirliyinin, Azad Rəhimovun rəhbəri olduğu Gənclər və İdman Nazirliyinin adı ön plana çıxır.
Bundan başqa, Dövlət Qulluğu Məsələləri Komissiyasının fəaliyyəti Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə eyni missiya daşıdığı üçün bu iki qurumun birləşdirilməsinin mümkünlüyü də müzakirə mövzusudur. Həmçinin Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyinin ləğv edilməsi barədə də təkliflər səsləndirilir. Amma bir çox mənbələr bunu real saymırlar. Etibarlı qaynaqlar bildirirlər ki, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafəsi nazirlikləri və Dövlət Sosial Müdafiə Fondunun birləşdirilərək sosial yönümlü bir ad altında vahid nazirlik kimi fəaliyyət göstərməli olduğuna dair təklifin tərəfdarları çox olsa da, belə bir addımın atılacağı gözlənilmir. Əvəzində Şirəliyevin nazirliyinin də xərcləri azaltmalı olan qurumlar siyahısına daxil edilməsi gözləniləndir.
İddialara görə, hökumət daxilində xüsusi çəkiyə malik olan nazirlərin rəhbərlik etdikləri qurumlarda "qənaət siyasəti"nin aparılması gözlənilən deyil. Eyni zamanda xüsusi strateji əhəmiyyət və çəkiyə malik olan nazirliklərin də xərclərinin azaldılması inandırıcı görünmür.
Bu arada belə məlumatlar da dolaşmaqdadır ki, neftin qiymətinin kəskin ucuzlaşması nəticəsində gəlirlərin azalmasının yaratmağa başladığı böhranı önləmək üçün bir neçə kiçik rayonun başqa digər rayona birləşdirilərək yeni iri inzibati vahidlərin, habelə müəyyən xidmət sahələrinin rayon şöbələrinin ləğvi və bunun davamı kimi regional strukturlarının formalaşdırılması, eyni zamanda nazirliklərdə və icra hakimiyyətlərində müavinlərin sayının azaldılması da gözləniləndir.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59