Rüşvətxorluq bəlasını necə yox edək?
Rüşvətxorluq bəlasını necə yox edək?

136 milyon çoxdur, yoxsa 23 milyon? İlk baxışdan qəribə təsir bağışlayacaq sualdır və diqqətli, habelə ibtidai sinifdə hesabı öyrənib kitabı oxumuş oxucumuz buyuracaq ki, təbii, 136 milyon.

Söhbət manatlardan gedir.
Normal hesablamada belə ola bilər.
Amma məmur hesablarında 23 milyon manat 136 milyon manatdan daha çoxdur və nə qədər paradoksal olsa da, Azərbaycan şəraitində bunu bizə danılmaz reallıq kimi təqdim etməyə çalışırlar.
Elə həmin məmurlar.
Söhbət rayonlarda abadlaşdırma işlərinin aparılması, infrastruktur layihələri və regional inkişafla bağlı dövlət büdcəsindən ayrılan pullarla real işlərə xərclənmiş vəsaitdən gedir.
Büdcədən belə layihələrə son 7 il ərzində toplam olaraq 136 milyon manat ayrılıb. Bu pullar Bakı şəhərinin rayonlarında yolların təmiri, yeni yolların çəkilməsi, abadlaşdırma, istismar müddəti başa çatmış tikililərin sökülərək yeni inzibati binaların tikilməsi, habelə dövlət balansında olan tikililərin və s. işlərə sərf olunmalıydı.
Olunubmu?
Havalar yağıntılı olan kimi Bakı və Sumqayıt ilə yanaşı, ölkənin istisnasız olaraq bütün şəhərlərində küçələrdə gölməçələr yaranır, lehməli nohurlar "formalaşır", nəqliyyatın hərəkətində ciddi problemlər yaşanır.
Halbuki, elə həmin yolların təmirinə büdcədən ayrılan vəsait normal sərf olunaraq nəzərdə tutulan işlər tam həcmdə və miqyasda görülsəydi, gölməçəli küçələr problemini bilmərrə unudardıq.
Yağışlı günlərdə Bakının mərkəzindəki küçələrdə 10-15 santimetrlik "su örtüyü" yaranırsa, Sumqayıt küçələri az qala Venesiya kanallarına dönürsə, deməli, görüləsi işlər yerinə yetirilmir.
Və deməli, bu işləri görəsi dövlət qurumlarına rəhbərlik edən şəxslərin səlahiyyətlərini normal icra etməmələri ilə yanaşı, ortada korrupsiya və rüşvətxorluq var.
Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparılır və bununla bağlı rəsmi Bakının çox sərt mövqeyi var.
Dövlət büdcəsindən ayrılan vəsaitlərə nəzarət mexanizmlərinin işlək olmasını təmin edəcək amillərdən biri də vətəndaşların proseslərdə iştirakı, transparentlik prinsiplərinin bərqərar olmasıdır.
Amma hələ ki, rüşvətxor məmurlar və özlərini "toxunulmaz" hiss edən "kiçik hökmdarlar" qanunları saymayıb cəzalardan qorxmadıqlarını göstərməyə çalışır, vətəndaşların hüquqlarını pozur, öhdələrində olan işləri yerinə yetirmirlər.
Problemin səbəbkarları arasında bizlər də varıq.
Hər hansı dövlət qulluqçusunun, məmurun özbaşınalığı, rüşvətxorluq və ya korrupsiya əməli ilə bağlı vaxtında məlumat vermək əvəzinə deyinmək, şikayətlənmək gərək deyil.
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "qaynar xətt"i var. 161 saylı telefona zəng vurub şikayətini, daha konkret olsaq, rüşvətxor və ya korrupsioner məmurun özbaşınalığı barədə faktı açıqlaya bilərsən.
Həmin faktın araşdırılmasını, rüşvətxor məmurun cəzalandırılmasını istəyiriksə, apatiya və süstlükdən qurtulmaq, ən başlıcası isə özlərini yerli səviyyədə bütün situasiyaları kontrolda saxlayan adamlar sayan, qanunları isə saya salmayan şəxslər barədə qanun çərçivəsində adekvat, layiqli tədbirin görülməsini təmin etməliyik.
Əks təqdirdə isə dövlətin vəsaitini öz pulu sayanların qarşısını almaq çətin olacaq.
Korrupsiya ilə mübarizəni yalnız haralardasa kimlərinsə gördüyü tədbirlər sayan vətəndaş qarşılaşdığı haqsızlıq, qanunsuzluq barədə susursa, kiçik vəzifəli məmurun xofundan qurtula bilmirsə və "onsuz da, heç nə olan deyil" düşüncəsi ilə hərəkət edirsə - rüşvətxorluğun kökünü kəsmək yalnız efemer illüziya olaraq qalacaq.
Cəmiyyət hüquqlarını anlayan və onları qorumağın yollarını bilən vətəndaşlar toplusudur. Əks halda insanlar ən yaxşı halda kütlə təsiri bağışlayırlar.
Azərbaycanda aparılan islahatların, iqtisadiyyatda ekstensivlik meyllərinin minimuma endirilərək intensiv inkişaf yolunun seçilməsinin başlıca məqsədi də məhz vətəndaşın rifah səviyyəsinin yüksəldilməsi, onun güzaranının təminatı, maddi tələbatının ödənilməsidir və bu sahədə atılan addımları görməmək qərəz olardı.
Amma eyni zamanda, vətəndaşların korrupsioner məmurlardan şikayətləri əsasında operativ qaydada işlərin aparılması da çox mühüm amillərdən biridir.
Həmin amilin real fəaliyyətə döndərilməsi üçünsə orta statistik azərbaycanlının məmur xofundan qurtulması gərəkdir.
Qanun hamı üçündür, lakin hamı qanun deyil və Azərbaycan rəhbərliyinin yürütdüyü siyasət, tutduğu mövqe məhz ölkə vətəndaşlarının maraqlarının tam təminatı, mənafelərinin qorunmasıdır.
Xarici siyasət dövlətin müvafiq qurumlarının səlahiyyət dairəsində olan məsələdir, amma daxili siyasətin uğur səviyyəsini təmin edən mühüm amillərdən biri də vətəndaş fəallığıdır.
Həmin fəallıqsa şifahi şikayətlər, deyinmələr, "düzələn deyilik", "bu nə biabırçılıqdır?" tipli filippikalardan ibarət deyil.
Dükanlarda hüquqlarınız pozulur, hansısa dövlət qurumunda sizdən rüşvət istəyirlər?
Susmayın, haqqınızı tələb edin, hüquqlarınızı qoruyun.
Dövlət sizin yanınızdadır və hər an haqlarınızı qorumaq üçün müraciət edə biləcəyiniz qurumlar var.
Bunu unutmayın.
Hansısa küçəni su basması, avtobusun marşrut üzrə normal hərəkət etməməsi, kiçik arayışa görə böyük məbləğin rüşvət qismində istənilməsi və s. - bütün bunlar qanun pozuntularıdır, səhlənkarlıq, vəzifə səlahiyyətlərinin yerinə yetirilməməsi və ya tam əksinə, həmin səlahiyyətlərdən sui-istifadədir.
Korrupsiya ilə mübarizə sahəsində uğur əldə etmək istəyiriksə, dövlətin yürütdüyü siyasətin effektiv olmasına çalışırıqsa - bizə hüquqları vermiş qanunları və o qanunların işlədiyi dövlətin maraqlarının təminatına çalışmalıyıq.
Məmurdan qorxan vətəndaş, sadəcə, fərddir.
Bunu da bilək.
Elçin Alıoğlu