İŞİD Türkiyəyə qarşı müharibəyə başlayır
11:37 20-02-2015
İQTİSADİYYAT
İŞİD Türkiyəyə qarşı müharibəyə başlayır
Ərdoğanın adamından şok açıqlama!
"Yaxın vaxtlarda İŞİD terror təşkilatı Türkiyəyə hücum edə bilər". Belə bir sensasiyalı bəyanatla "Yeni Şafak" qəzetinin icraçı direktoru İbrahim Karagül çıxış edib.
İ.Karagül deyib ki, İslam Dövləti (İŞİD) terrorçularının iordaniyalı pilot Muaz Kasebeni yandırması və Liviyada 21 xristian misirlinin başını kəsməsi Misir və İordaniyanı tələyə salmaq məqsədilə atılmış addımlardır: "ABŞ və Avropa İŞİD vasitəsilə "Müsəlman qardaşları" adlanan təşkilatı zəiflətmək istəyir. Bu, Qərbin 21-ci əsrdə planlaşdırdığı ən böyük gizli layihələrdən biridir. İŞİD-in yeni hədəfi isə Türkiyə olacaq. Yaxın aylarda İŞİD-in kürdlərə qarşı olduğu kimi, Türkiyəyə qarşı da amansız müharibəyə başlayacağını güman edirəm. Xarici dairələr Türkiyəni İŞİD-ə qarşı mübarizə ilə sınağa çəkmək istəyirlər. Bu məsələyə görə hər kəs çox diqqətli olmalıdır".
İ.Karagül qeyd edib ki, bu terror təşkilatının ilk hədəfi müsəlman şiələridir. "İŞİD-in ilk hədəfi şiələrdir. Ona görə də terrorçu təşkilatın üzvləri Suriya və İraqda İranın şiə təsirinə qarşı hərəkətə keçiblər. Onlar şiə-sünni amilindən sui-istifadə edirlər. Ona görə də təşkilat bir anda öz strategiyasını dəyişərək sünni kürdlərə qarşı mübarizəyə başladı".
Xatırladaq ki, "Yeni Şafak" Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yaxın olan qəzetdir. Bu qəzetin icraçı direktoru və köşə yazarı olan İbrahim Karagül isə Ərdoğana yaxınlığı ilə tanınır.
Bu arada İraqın BMT-dəki səfiri İŞİD yaraqlılarının özlərinə maliyyə yardımı üçün insan orqanları qaçaqmalçılığı ilə məşğul olması barədə xəbərdarlıq edib. BMT Təhlükəsizlik Şurasında keçirilən brifinq zamanı səfir Məhəmməd Əli Əl-Hakim deyib ki, İslam Dövləti İraqdakı müxtəlif etnik və dini mənşəli iraqlılara qarşı ağır cinayətlər törədir. "Onların insanlığa qarşı soyqırım həyata keçirdikləri faktdır və onlar beynəlxalq ədalət qarşısında cavab verməlidirlər," - səfir bildirib.
Törətdikləri cinayətlərin çoxunu İŞİD özü sənədləşdirib. Əl-Hakim deyib ki, ən dəhşətlisi İslam Dövləti yaraqlılarının insan orqanlarının satışı ilə məşğul olmasıdır. İraq səfiri müxbirlərə son zamanlar hökumətinin 10-20 nəfərin dəfn edildiyi kütləvi qəbirlərdə insan orqanlarının alverini sübut edən dəlillər aşkar etdiyini deyib. "Kütləvi qəbirlər aşkar ediləndə, cəsədlər nəzərdən keçirilib. Onlardan bəziləri güllə, bəziləri isə bıçaqla qətlə yetirilib. Bəzi cəsədlərin isə böyrəklərinin olmadığı aşkar edilib."
Onun dediyinə görə, İslam Dövləti orqanları beynəlxalq alıcılara çatdırmaq üçün nəzarətində olan Mosul və Hələb şəhərlərinin hava limanlarından istifadə edə bilər. Səfir onu da əlavə edib ki, son zamanlar İslam Dövləti yaraqlıları Mosulda insan orqanı çıxarmaqdan imtina edən çox sayda həkimi edam edib.
BMT-nin İraq üzrə baş elçisi Nikolay Mladenov də öz növbəsində insan orqanlarının qaçaqmalçılığ ilə bağlı məlumatların daxil olduğunu, lakin bunu təsdiq etmək üçün təhqiqat aparmağın mümkün olmadığını deyib. Belə məlumatları təsdiq etmək olduqca çətindir. Əsasən də ərazisinin çox hissəsi İslam Dövlətinin nəzarətindəki İraqda.
Oxşar ittihamlar 1990-cı illərdə Balkan Müharibəsi zamanı 5 il əvvəl qaldırılmışdı. Amma Kosovo Azadlıq Ordusunun serb əsirlərin orqanlarını satması haqda ittihamlar heç vaxt sübuta yetirilmədi.
Dünən İslam Dövləti ilə bağlı ortaya atılan başqa bir şok iddiada isə bildirilir ki, dünyanın ən böyük və tanınmış avtomobil şirkətlərindən biri olan "Toyota" İŞİD terror təşkilatını avtomobillə təmin edir. Belə bir sensasiyalı iddia ilə Türkiyə mediası çıxış edib.
Məlumata görə, Yaponiya şirkəti olan "Toyota" İŞİD-ə satdığı lüks və digər müxtəlif növ avtomobillərdən milyonlarla vəsait qazanır. Sözügedən avtomobillər isə Səudiyyə Ərəbistanı vasitəsilə İŞİD-ə çatdırılır.
İŞİD-in daha çox "Toyota Land Cruiser 200", "Toyota HiLux", "Toyota Tundra", "Toyota Land Cruiser Pick up", "Toyota Camry" və digər tanınmış modellərini sifariş verdiyi deyilir.
Bundan əlavə, İŞİD təkcə yeni avtomobillər deyil, həm də köhnə avtomobillər də almaqda davam edir. Belə ki, İran, Türkiyə, Livan, İordaniya, Küveyt və Səudiyyə Ərəbistanında oğurlanmış avtomobillərin də İŞİD-ə satıldığı iddia olunur. İŞİD həmin avtomobillər vasitəsilə öz avtomobil parkını genişləndirir. Hətta Türkiyə hökuməti bu ilin əvvəlinə kimi ölkədən 5 minə yaxın avtomobilin oğurlandığını bəyan edib. Bu avtomobillərin də Suriya sərhədindən İŞİD-ə təhvil verildiyi güman olunur.
ABŞ hakimiyyəti İŞİD-lə mübarizəni davam etdirir. Vaşinqton İŞİD terror qruplaşması ilə mübarizə aparmaq üçün 1 200 suriyalıya təlim keçməyi planlaşdırır.
"Bu proses və proqramda mümkün qədər iştirak etmək istəyən təxminən 1200 nəfəri müəyyən emtişik" - deyə Pentaqonun mətbuat katibi kontr-admiral Con Kirbi bildirib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ və Türkiyə hakimiyyəti Suriya müxalifətinə hazırlıq keçirilməsi barədə razılıq əldə etmişdi.
İŞİD-ə qarşı koalisiyaya başçılıq edən ABŞ prezident Barak Obama isə İslamı müdafiə etdyini bəyan edib. Obama Vaşinqtonda keçirilən ekstremizm və terroçuluqla mübarizə konfransında çıxış edərkən ABŞ-ın İslam dini ilə deyil, dini təhrif edənlərlə mübarizə apardığını deyib. "Biz İslamla döyüşmürük, biz İslamı təhrif edənlərlə döyüşürük", - deyə o bildirib.
O, həmçinin deyib ki, din ona inananların cinayətlərinə görə cavabdeh deyil. Barak Obamanın sözlərinə görə, İŞİD terror qruplaşması kimi təşkilatların hərəkətlərinin dinə aidiyyatı yoxdur.
ABŞ prezidenti Suriya və İraqda 20 minə yaxın xarici döyüşçünün İŞİD sıralarında döyüşdüyünü açıqlayıb və dünya ictimaiyyətinin buna biganə qalmamağa çağırıb. "Dünya nəsə yaxşı təklif verməlidir. ABŞ İraqda İŞİD-lə mübarizə üçün hökümət koalisiyasına yardım edir. Lakin ekstremizmlə mübarizə təkcə müharibə yolu ilə aparılmamalıdır. Yerli icmalar da öz sözünü deməlidir, çünki məhz onlar ilk növbədə qurbanlara çevrilir" - deyən Obama, daha təsiredici mübarizə üsullarına ehtiyac olduğunu bildirib.
60-dan çox ölkənin qatıldığı konfrans 3 gün davam edib.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05