Dünyaca məşhur politoloqdan Putin haqqında sərt açıqlamalar
12:03 21-02-2015
İQTİSADİYYAT
Dünyaca məşhur politoloqdan Putin haqqında sərt açıqlamalar
"Rusiyanın taktik hədəfi Avropanı öz hərbi gücləri ilə qorxutmaq, strateji hədəfi isə beynəlxalq səhnədə güclü oyunçu kimi Avropanı dağıtmaq və onu ABŞ-dan ayırmaqdır". Bu sözləri ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin təhlükəsizlik məsələləri üzrə məsləhətçisi, tanınmış politoloq Zbiqnev Bjezinski "Twitter" səhifəsindən yazıb.
Onun sözlərinə görə, Ukraynadakı siyasi münaqişə Rusiyaya nifrət edən insanların bütöv nəslinin yaranmasına gətirib çıxaracaq: "Putin və Yanukoviç ukraynalıların Rusiyaya nifrət edən nəslini dünyaya gətiriblər".
Anti-Rusiya bəyanatları ilə məşhur olan amerikalı politoloq bildirir ki, əgər Avropa Birliyi və ABŞ Rusiyaya qarşı sanksiyaları tətbiq etməsəydi, Ukrayna artıq faktiki olaraq müstəqilliyindən məhrum edilə bilərdi. Onun fikrincə, Rusiya Ukraynanı tutmaqla başqa ölkələrdə, ilk növbədə Baltikyanı ölkələrdə eyni ssenarini təkrarlamaq istəyərdi.
Həmçinin o, qeyd edir ki, rusdilli əhalinin müdafiəsi üzrə Rusiyanın təcavüzkar konsepsiyası "böyük Rusiya" və onun potensialı haqqında yanlış fikirlərə əsaslandırılıb: "Rusiya hökuməti əhalisinin qarşısında məharətlə oynayır. Yalnız etnik ruslar deyil, həm də rus dilində danışanlar qarşısında bunu edir. Bu baxımdan Kreml baxışlarını Estoniya və Latviyadan çəkmir".
Poroşenko: "Rusiya
təcavüzkar ölkə kimi sülh əməliyyatında
iştirak etməyəcək"
"Donbas hövzəsində gələcəkdə sülh missiyasının tərkibində Rusiyanın nümayəndələrinin iştirakı qəbul edilməməlidir". Bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko Avropa Birliyinin qonşuluq və genişlənmə üzrə komissarı Yohannes Han ilə görüşdən sonra deyib.
"Rusiya təcavüzkar ölkə kimi Ukraynadakı sülh əməliyyatında iştirak etməyəcək", - Poroşenko birgə mətbuat konfransında bildirib.
Qeyd edək ki, Ukrayna prezidenti Milli Təhlükəsizlik və Müdafiə Şurasının fevralın 18-də keçirilən iclasında Kiyev üçün ən yaxşı formatın Avropa Birliyinin polis missiyası olduğunu deyib. O, əminliyini ifadə edib ki, hazırkı vəziyyətdə Avropa Birliyinin sülhməramlıları təhlükəsizliyin ən effektiv və ən optimal zamini olacaq. Poroşenko bu məsələnin Fransa və Rusiya prezidentləri, həmçinin Almaniya kansleri ilə müzakirə edildiyini vurğulayıb.
Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonra qurumun katibi Aleksandr Turçinov da bildirib ki, təmasın xəttində və Kiyevin nəzarət etmədiyi Ukrayna-Rusiya sərhədində beynəlxalq güclər yerləşdirilməlidir. Turçinov Ukraynanın Ali Radasının müraciətinin BMT və Avropa Birliyi tərəfindən müsbət qarşılanacağına ümid etdiyini dilə gətirib.
Lakin Kiyevin bu ideyası separatçılar və Moskva tərəfindən sərt qarşılanıb."Donetsk Xalq Respublikası" ("DXR") separatçı qurumun rəhbərliyi Poroşenkonun ideyasını son dərəcə mənfi adlandırıb. Ukrayna danışıqları üzrə üçtərəfli əlaqə qrupunda "DXR"in səlahiyyətli nümayəndəsi Denis Puşilin bildirib ki, sülhməramlılarla bağlı ideyanın səsləndirilməsi Minsk razılaşmalarının pozulması deməkdir. "DXR"in "Xalq Şurası"nın başçısı Andrey Purqin isə Donbas hövzəsində sülhməramlıların yerləşdirilməsi haqqında danışıqların tez olduğunu deyib. Onun sözlərinə görə, əgər sülhməramlılar lazımdırsa, burada yalnız Rusiyanın sülhməramlılarından söhbət gedə bilər.
Bundan əvvəl isə Rusiyanın BMT yanında daimi nümayəndəsi Vitali Çurkin Rusiya və Ukraynanın sərhədinə beynəlxalq sülh kontingentinin dəvət edilməsi ilə bağlı Kiyevin ideyasını şərh edib. O, qeyd edib ki, Kiyev rəhbərliyinin bu bəyanatları Minsk razılaşmalarını yerinə yetirmək niyyətini şübhə altına qoyur.
Putin buna nə
deyəcək: "T-72 tankını orada verdilər"
Bu arada Donbas hövzəsində döyüşən separatçıların Rusiyada təlim aldığını göstərən növbəti görüntülər yayılıb.
Həmin görüntülərdə Ukrayna hərbçilərinə əsir düşən separatçılardan biri Rusiyada hərbi təlim aldığını bildirib. O, T-72 rus tankının komandiridir.
"Təlim Taqanroq (Rostov vilayətində yerləşən şəhər - red.) şəhərinin yaxınlığında yerləşən poliqonda keçirilirdi. Təlimdən sonra T-72 tankını da orada verdilər", - Donetsk vilayətinin Şirokino qəsəbəsi yaxınlığında əsir düşən döyüşçü deyib.
Qeyd edək ki, Rusiyanın İTAR-TASS dövlət xəbər agentliyinin fotomüxbiri Roman Saponkov bir neçə gün əvvəl separatçıları və Moskvanı çətin vəziyyətə salacaq görüntüləri yayımlayıb. Görüntülər Donbas hövzəsində atəşkəs rejimi barədə razılaşmanın qüvvəyə minməsindən sonra lentə alınıb.
Görüntülərə görə, Rusiya artilleriyası Debaltsevoda ukraynalılara atəş açır. Bu isə separatçıların atəşkəs rejiminə riayət etdikləri barədə rəsmi Moskvanın iddialarını alt-üst edir.
Kremlin silahlanma
siyasətinə ağır zərbə
İndiyə kimi Rusiya ordusu üçün hərbi texnikanın alınmasına sərf olunacaq xərclər sosial xərclərlə yanaşı, büdcənin toxunulmaz hissəsi olaraq qalırdı. Lakin ucuz neft Moskvanı hərbi büdcə siyasətinə yenidən baxmağa məcbur edib.
Rusiyanın tanınmış "Kommersant" qəzeti xəbər verib ki, Silahlı Qüvvələrin silahlandırılması üzrə yeni dövlət proqramının icrasına başlanılması 2015-ci ildən 2018-ci ilə keçirilir.
Hökumət və Prezident Administrasiyasındakı mənbələr bildirib ki, müdafiə xərcləri əvvəlki halda 56 trilyon rubl nəzərdə tutulsa da, hazırda bu 30 trilyon rubla qədər azaldılıb və silahlanma üzrə dövlət proqramının icrası təxirə salınıb. "Kommersant" qəzetinin həmsöhbətlərinin sözlərinə görə, artıq yanvar ayında aydın olub ki, silahlanma üzrə proqramını yerinə yetirmək problematik olacaq.
Məmurlardan biri bildirib ki, məsələ 20 yanvarda prezident Vladimir Putinin iştirakı ilə keçirilən hərbi-sənaye komissiyasının iclasında da müzakirə edilib: "Vladimir Putin silahlanma üzrə yeni dövlət proqramının icrasının təxirə salınması ilə razılaşdı. Vəziyyət sabitləşənə kimi bu qərarla bağlı dəyişiklik olmayacaq".
Qeyd edək ki, sözügedən dövlət proqramı 2010-cu ilin dekabrında Dmitri Medvedevin prezidentliyi dövründə qəbul edilib. Proqramın maliyyələşdirilməsinə ayrılan məbləğ rekord səviyyədə - 23 trilyon rubl idi. Daha əvvəl isə hərbçilər dövlət proqramının maliyyələşdirilməsinə ayrılacaq vəsaiti 36 trilyon rubl qiymətləndirirdilər. Ancaq baş nazirin müavini vəzifəsini tutmuş Aleksey Kudrinin təzyiqi ilə bu məbləğ azaldılmışdı. Proqramın hazırlanması zamanı hərbçilər əsas diqqəti strateji nüvə güclərinə veriblər. Proqram çərçivəsində 2020-ci ilə səkkiz sualtı raket daşıyıcısı "Bulava", "Yars", RS-26 və "Barquzin" raket kompleksləri, "Sarmat" ağır maye raketləri, yeni strateji bombardmançılar, iki yeni hava hücumundan müdafiə sistemi və bir çox digər silahların ordunun silahlanmasına daxil edilməsi planlaşdırılırdı.
Prezidentin mətbuat katibi Dmitri Puskov silahlanma üzrə dövlət proqramının təxirə salınması ilə bağlı informasiyasını şərh etməyib. Amma baş nazirin mətbuat katibi Natalya Timakova konkret olaraq sözügedən proqram barəsində danışmasa da hazırda bir çox proqramlara yenidən baxıldığını deməklə informasiyanı təsdiqləmiş olub.
Bir çox ekspertlər isə sözügedən proqramın Ukrayna ilə münaqişənin gedişinə mənfi təsir edəcəyi qənaətindədirlər. Onların fikrincə, sözügedən addım Kremlin Kiyevlə savaşda hərbi üstünlük imkanlarını əhəmiyyətli şəkildə zəiflədəcək.
ABŞ Rusiyanı
yenə hədələdi
Minsk razılaşmalarına əməl etməsələr, Rusiyanı və onun dəstəklədiyi üsyançıları yeni sanksiyalar gözləyir. Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki keçirdiyi brifinqdə deyib.
"Əgər Rusiya və onun dəstəklədiyi separatçılar razılaşmaları pozmağa davam edərsə, buna görə əlavə bədəl ödəməli olacaqlar. Bundan başqa, belə davranış onların bundan sonra da təcrid olunmasına gətirib çıxaracaq. ABŞ Debaltsevo və Mariupol ətrafında üsyançıların hücumlarını pisləyir. Davam edən hərbi əməliyyatlar Minsk razılaşmalarının pozulması deməkdir. Rusiya və üsyançıları dərhal hücumları dayandırmağa, ağır texnikanı geri çəkməyə və Rusiyadan Ukraynaya hərbi qüvvə və silah-sursat axınını dayandırmağa çağırırıq." - deyə, Cen Psaki bildirib.
Dövlət Departamentinin nümayəndəsi hələlik Vaşinqton tərəfindən Ukraynaya silah verilməsi barədə qərar qəbul olunmadığını da deyib.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05