Şahin Mustafayevlə oliqarxlar arasında amansız "savaş" başlayır
10:32 27-02-2015
İQTİSADİYYAT
Şahin Mustafayevlə oliqarxlar arasında amansız "savaş" başlayır
Onun nazirliyi iri məmurlarla süni qiymət artımına qarşı mübarizədən qalib çıxa biləcəkmi?
İki gündür Şahin Mustafayevin rəhbərlik etdiyi İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) süni qıtlıq yaratma əlamətləri üzrə iş qaldırdığına dair məlumatlar yayılır.
Dünən məlum olub ki, Azərbaycanda manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üçün İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən nəzarət tədbirləri davam etdirilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlər zamanı istehlak bazarında "Westgold", "French Cow" kərə yağlarının və "Oldenburger" pendirlərinin qiymətində süni artım, habelə süni qıtlıq yaratmaq məqsədilə həmin məhsulların dövriyyədən çıxarılması əlamətlərinin olduğu müəyyən edilib.
Bununla əlaqədar həmin malların istehlak bazarında əsas təchizatçısı olan "Vest Produkt Marketinq" MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Bu arada ölkə KİV-i belə məlumatlar yayır ki, Bakıda və digər iri şəhərlərdə fəaliyyət göstərən topdansatış məntəqələrindən mal götürmək mümkün deyil. Topdansatış məntəqələri idxal məhsullarını, xüsusilə meyvə-tərəvəz, mal əti, quş əti, balıq məhsullarını satmaqdan imtina edir. Alıcılar artıq üç gündür belə vəziyyətin yarandığını deyir. Onların sözlərinə görə, srağagün onları mal almağa çağırsalar da, sonradan bildirilib ki, yuxarıdan gələn göstərişə əsasən topdansatış dayandırılıb.
Azərbaycanda fəaliyyət göstərən topdansatış məntəqələri oliqarxların nəzarətindədir. Müstəqil ekspertlər də razılaşırlar ki, ölkəyə sıradan bir sahibkar ərzaq məhsulları idxal edə bilməz.
Bu mənada hazırda Şahin Mustafayevin nazirliyinin üzərinə ciddi vəzifələr düşür. Yəni İqtisadiyyat və Sənaye Nazirliyi süni qiymət artımının qarşısını almaq üçün bir sıra iri məmurların nəzarətindəki təchizatçı şirkətləri, idxal firmalarını cəzalandırma siyasətini davam etdirməlidir.
Amma çətin ki, Şahin Mustafayevin rəhbərlik etdiyi qurumun həyata keçirdiyi tədbirləri bəzi məmurlar səssiz qarşılasınlar və yaxud İqtisadiyyat və Sənaye Nazirliyinin iradəsinə asanlıqla tabe olsunlar. Ekspertlərin fikrincə, bir sıra oliqarxlar öz təsir imkanlarını işə salaraq süni qiymət artımını davam etdirməyə çalışacaq və bu zaman İSN-lə "gizli savaş"a girməkdən çəkinməyəcəklər.
Elə ona görə də Şahin Mustafayevin nazirliyini qarşıda heç də asan günlər gözləmir. Hesab olunur ki, ümumiyyətlə, İSN-in təkbaşına bahalaşma prosesini önləməyin öhdəsindən gələ biləcəyi az gözləniləndir. Məsələ burasındadır ki, xüsusilə xaricdən idxal edilən məhsulların bahalaşmasını əsaslandıran bir sıra amillər var ki, onlardan ən önəmlisi süni şəkildə yaradılan maneələrdir. Bahalaşmanın qarşısını almaq üçün təklif olunur ki, Azərbaycanda liberallaşma ilə bağlı islahatlar davam etdirilsin və daha da gücləndirilsin. Müşahidələr də onu göstərir ki, kəskin bahalaşma özəlliklə ölkəyə gətirilən məhsullarda baş verir. İdxalın liberallaşdırılması, sadələşdirilməsi həyata keçirilsin, idxal prosesindəki süni maneələr, eyni zamanda qeyri-rəsmi ödənişlər aradan qaldırılmalı və ləğv edilməlidir. İqtisadçı Vüqar Bayramov da dünənki açıqlamasında təsdiqləyib ki, ölkəyə gətirilən məhsullarda qiymət artımı xərclərin artmasına görə baş verir. Sitat: "Əgər Azərbaycana məhsul idxal edilən zaman sözügedən süni baryerlər, bütövlükdə qeyri-rəsmi ödənişlər ləğv edilərək aradan qaldırılarsa, insanlar o qədər də bahalaşmadan əziyyət çəkməyəcəklər. Bu da imkan verəcək ki, ölkəyə mal gətirən sahibkarın daha az xərci çıxsın. Xərcin azalması isə o deməkdir ki, sahibkar gətirdiyi məhsulu daha baha qiymətə təklif etməyəcək. Qeyri-rəsmi ödənişlərin aradan qaldırılması və idxalın liberallaşdırılması birmənalı şəkildə ölkədə qiymət artımının qarşısını ala bilər".
Əks təqdirdə yalnız İqtisadiyyat və Sənaye Nazirliyinin inzibati addımlarının bahalaşma prosesinin qarşısını almaq üçün yetərli olacağına inam azdır. Xüsusilə iri məmurların bu məsələdə maraqlarının böyük olması onların qarşıdakı həftələrdə Şahin Mustafayevin nazirliyi ilə "soyuq müharibə"yə başlamaq ehtimalını artırır. Bu mübarizədən isə məhz oliqarxların qalib çıxmaq ehtimalı yüksək dəyərləndirilir.
Çünki indiyədək İSN iri məmurların biznesinə "diş batırmaqda" və söz keçirməkdə bir o qədər də uğurlu davranmayıb. Məsələn, ölkədə inhisarçılığın aradan qaldırılmasında bu qurum istənilən nəticəyə nail olmayıb. Çünki Azərbaycanda monopoliyalar da məhz oliqarxların adı ilə bağlıdır.
Bu isə inhisarçılığın ləğvində Mustafayevin rəhbəri olduğu nazirliyin əl-qolunu xeyli bağlayır. İndi eyni təcrübənin ölkəni başına götürən süni qiymət artımının qarşısının alınması məsələsində yaşanmayacağına dair heç bir təminat yoxdur.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05