"Bank of Baku"ya ağır ittihamlar
11:15 28-02-2015
İQTİSADİYYAT
"Bank of Baku"ya ağır ittihamlar
Mərkəzi Bank dolların bahalaşmasından sonra bu bankla bağlı artan şikayətlərə reaksiya verəcəkmi?
Dolların bahalaşmasından istifadə edən banklar plastik kart müştərilərini aldatmağa başlayıb. Bununla bağlı aznews.az-a bir neçə müştəri müraciət edib.
Ramin Qasımov adlı şəxs "Bank of Baku"ın "Bolkart" istifadəçisidir. O, 18.02.15 tarixində internet vasitəsilə əməliyyat edib, ancaq 3 gün sonra görüb ki, pul onun hesabından yeni məzənnə ilə çıxılıb: "18.02.15 tarixində İnternet üzərindən edilmiş əməliyyat Bolkart sisteminə 21.02.2015 tarixində yeni məzənnə ilə işlənib. Niyə və hansı səbəbə görə? Bax bu suala mən heç cür cavab ala bilmirəm. Nə məsələyə aydınlıq gətirən var, nə də həmin fərqi aradan qaldıran".
Nəsimi Babayev adlı müştərinin də şikayəti də eyni məzmunludur: "Mən 18 fevral tarixində 208 dollar dəyərində online alış-veriş etmişəm. Xatırladım ki, həmin tarixdə dolların məzənnəsi 0.785 manat idi və mənim balansımdan 164 manat çıxılmışdı. Amma bu gün "Bolkart" şəxsi kabinetimdə baxıram ki, 208 dollar vəsait yeni məzənnə ilə hesablanıb və balansımdan 219 AZN çıxılıb. Nəyə görə?".
Bankın fırıldaqçılığı ilə üzləşən müştərilər işbazları məzənnə dəyişikliyindən istifadə etməkdə, bankları isə öz xeyirlərinə ağıllarına gələn qərarlar verməkdə və insanları incitməkdən çəkinməməkdə ittiham edir. Şikayətçilər məsələ ilə bağlı bankın 145 məlumat mərkəzi ilə əlaqə saxlayıb və Bolkartın rəsmi Facebook hesabında yazıblar.
"Bank of Baku" məsələylə bağlı aznews.az-ın sorğusuna cavab verib. Cavabdan dəqiq heç nə başa düşülməsə də, onu oxuculara olduğu kimi təqdim edirik: "Kart hesabının valyutasından fərqli valyutada xaricdə aparılan əməliyyatlar üzrə mübadilə kursu bu əməliyyat üzrə klirinq aparılan tarixdə kartın hansı ödəniş sisteminə aid olmasından asılı olaraq, Visa və ya MC beynəlxalq ödəniş sisteminin müəyyən etdiyi məzənnə əsasında aparılır".
publika.az-ın hazırladığı materialda da adıçəkilən banka qarşı ittihamlar yer alıb. "Ölkədə fəaliyyət göstərən əksər banklar kredit verilişini dayandırıblar. Konkret olaraq "Bank of Baku"da kartlardan nağd pul çıxarışı aparmaq mümkün deyil" deyə bildirilən materialda o da vurğulanır ki, müştərilər kartlarından pul çıxarmaq istəsələr də, bank bu xidmətin müvəqqəti dayandırıldığını bildirib. Nəzərə çatdıraq ki, ölkədə dolların məzənnəsinin qalxması bankların manat gəlirlərini azaltsa da, dollar gəlirlərini artırıb. Mərkəzi Bank qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 9%-dən 12%-ə qaldırıb. Artıq "Bank of Baku" Əmanətlərin Sığortalanması Fondunun müəyyən etdiyi əmanət faizi dərəcəsindən yuxarı dərəcədə əmanətlərin cəlbi ilə bağlı reklam kampaniyasına start verib. Bank 12,5 faizlə əmanət cəlbi təklif edir.
Əmanətlər həm dollar, həm də manatla yatırıla bilər. Diqqəti çəkən isə odur ki, bank 500 manatı ötəcək əmanət gəlirlərinə tətbiq edilən gəlir vergisini ödəməyi də öz üzərinə götürür. Bu isə ölkənin ən çox müştəriyə sahib bankının pul qıtlığı yaşamasını göstərir.Xatırladaq ki, əvvəllər bank aşağı faiz və məzənnə ilə xaricdən valyuta alıb yüksək faizlərlə əhaliyə kredit verirdi. Hazırda dolların məzənnəsi möhkəmləndiyindən bankın daha çox qazanma imkanı da azalıb.
Sözügedən sayt da "Bank of Baku" dolların məzənnəsinin qalxmağa başladığı gündən "Bolkart"üzrə faizlərin artırılmasına toxunub. Sitat: "Halbuki kredit müqavilələrində açıq şəkildə gösətirilir ki, Mərkəzi Bank tərəfindən müəyyən edilən bank faizlərinin uçot dərəcəsi dəyişdirildiyi təqdirdə bank kreditdən istifadəyə görə faiz dərəcəsini dəyişə bilər. Amma bu barədə müştəriyə üç təqvim günü müddətində xəbər verilməlidir. Nəzərə alsaq ki, nə uçot dərəcəsi dəyişib, nə də müştərilər xəbərdar edilib, eləcə də taksit kartın valyutası manatdır, faizlərin qaldırılması absurddur".
Qeyd edək ki, "Bank of Baku" ölkənin qalmaqallı banklarından biri hesab olunur. Müştərilərinin mütəmadi olaraq KİV-ə şikayətlərinə rast gəlinən bankda ötən ilin martında qəfil yoxlama aparıldığı və Müşahidə Şurasının sədri Elçin İsayevin saxlanıldığı haqda məlumatlar yayılmışdı. Lakin daha sonra E.İsayev mətbuatla əlaqə saxlayaraq saxlanıldığını təkzib etdi və hazırda azadlıqda olduğunu bildirdi. O dedi ki, bankda yoxlama onların öz təşəbbüsü ilə olub.
Ardınca bankın bağlana biləcəyinə dair xəbərlər yayıldı. Mərkəzi Bank bildirdi ki, "Bank of Baku"nun bağlanması üçün səbəb yoxdur, çünki bankın likvidlik göstəriciləri yaxşıdır.
Daha sonra bankın rəhbərliyində müəmmalı yerdəyişmə baş verdi. "Səhmdarların ümumi yığıncağının yekdil qərarına əsasən" Azərbaycan Beynəlxalq Bankının baş direktoru Elmir Həbibullayev "Bank of Baku"nun Müşahidə Şurasının üzvü və sədri seçildi. Bundan başqa, Müşahidə Şurası üzvlərinin - bankın səhmdarı Elçin İsayevin və səhmdarın səlahiyyətli nümayəndəsi İbrahim Məmmədovun səlahiyyəti növbəti 3 il uzadılmışdı.
İndi isə "Bank of Baku"nun valyuta bazarındakı dəyişikliklərdən sui-istifadə etdiyi xəbərləri intensivləşir. Maraqlıdır, görəsən Azərbaycan Mərkəzi Bankı (AMB) buna necə reaksiya verəcək?
Günel Əkbər
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05