Eks-spikerdən radikal müxalifətə növbəti zərbə
10:44 04-03-2015
İQTİSADİYYAT
Eks-spikerdən radikal müxalifətə növbəti zərbə
Uzun illərdir Amerikada yaşayan eks-spiker davamlı olaraq, radikal müxalifəti iynələyən açıqlamalar verməkdədir. Zaman-zaman R.Quliyevin radikalların düşdükləri bataqlıqla bağlı sərt açıqlamaları yenidən gündəmə gəlib.
"Unikal"ın məlumatına görə, eks-spiker Rəsul Quliyev bu dəfə ölkədəki durğunluqdan danışıb. Onun sözlərinə görə, belə bir durğunluğun olacağı gözlənilirdi: "Çünki 2012-2013-cü illərin ortasına qədər yaranmış canlanmanı, müxalifət özünün yanlış siyasəti ilə sink tabuta qoyaraq, açılmasını mümkünsüz edib. İctimai-siyasi vəziyyəti "tabuta qoyan" səhvləri sadalamaq istəyirəm. Bunlardan biri prezidentliyə vahid namizədin dəyişdirilməsidir. Seçkiqabağı ABŞ konqresmenləri Azərbaycana göndərilmişdi və dövlət başçısı, Rüstəm İbrahimbəyovun seçkilərə buraxılmasına mane olmayacağına söz vermişdi. Əgər o, ikili vətəndaş adı ilə seçkilərə buraxılmasaydı, onda qeyri-legitimlik məsələsi gündəmə gələrdi. Təəssüf ki, bilərəkdən və ya bilmərəkdən bəzi "liderlər" Rüstəm İbrahimbəyovu "əgər o, ikinci namizədə razılıq verməsə, millət qarşısında seçkiləri pozan şəxs kimi tanınacaq",- fikirləri ilə şantaj etdilər. Nəticədə heç kimin tanımadığı, 5 il parlamentdə oturub ağzına su almış bir şəxs prezidentliyə namizəd oldu. Seçkilərdən sonra isə, nəticələrin total saxtalaşdırıldığını iddia edənlər "mən 65 faizlə seçkini uddum",-dedilər. Bunun ardınca etiraz mitinqi keçirməyə icazə alıb 1000 nəfərlik mitinqçilərin qarşısında yenidən "mən 65 faizlə uddum",- demək və mitinqçilərin sayı 500 adama enənə qədər hər dəfə bunu təkrarlamaq Qərbin müxalifətə qarşı neqativ fikrini formalaşdırdı. Ona görə də Qərb, "bunlardansa İlham Əliyev qat-qat yaxşıdır",- qərarına gəldi".
Rəsul Quliyev onu da nəzərə çatdırıb ki, proseslər müxalifətin tam deqredasiyasını göstərən istiqamətdə inkişaf etdi. "Partiyaların öz aralarında, həm də içərilərində bir-birlərinə qarşı münasibəti, Müsavat Partiyasının saxta seçkisi, AXCP-də daxili çəkişmələr Azərbaycana totalitar rejimdən də ağır zərbə vurdu. Bu səbəbdən də ictimai-siyasi vəziyyətin qiyməti bir sözlə ifadə olunur - Durğunluq. Azərbaycanda axırıncı dəfə parlament seçkilərinə cəhd 2005-ci ildə olub. 2010-cu ildə hər hansı bir aktivliyin şahidi olmusunzsa, siz nadir insanlardan birisiniz. Çünki şəxsən mən, heç bir aktivlik hiss etmədim. İndi kimlərsə, hansısa səbəbdən aktivləşə bilər. Ancaq hamı bilir ki, bu aktivləşmə evlərin içərisində olan aktivləşmə olacaq və cəmiyyət bunu hiss etməyəcək. Özünü müxalifət adlandıranların hamısı ağızlarını Prezident Administrasiyasına tutub "bəlkə bu dəfə növbə mənə çatar",- deyirlər. Utanmasalar, hətta uca səslə "nə üçün parlamentə məni yox, filankəsi deputat qoymusan? Axı mən sənin üçün ondan da yaxşı "müxalifət" ola bilərəm",- deyərlər", - deyə R.Quliyev fikrini yekunlaşdırıb.
Məsələylə bağlı "Unikal"a açıqlama verən ADP sədrinin müavini Taliyət Əliyev deyib ki, Rəsul Quliyevin müxalifət düşərgəsi haqqında dediklərinin əksəriyyəti təəssüflər olsun ki, acı həqiqətlərdir: "Amma Rəsul müəllim müxalifətin indiki durumuna səbəb olan obyektiv amillərdən demək olar ki, danışmır. Yalnız subyektiv amilləri qeyd edir və təəssüf ki, bu subyektiv amillər sırasında özünün bir lider olaraq səhvlərinin olub-olmadığı barədə danışmır. Rəsul müəllim müxalifətin indiki duruma düşməsində özünün də rol aldığı barədə danışsaydı, məncə, daha səmimi olardı".
ADP yetkilisi onu da bildirib ki, Rəsul Quliyev artıq 20 ildir bu hakimiyyətə müxalifət mövqeyində dayanan şəxsdir. Onun sözlərinə görə, bu illər ərzində 10 ildən artıq ADP-nin həmsədri və sədri kimi fəaliyyət göstərib: "2007-ci ildə ADP-dən ayrılıb və Açıq Cəmiyyət Partiyasını təsis edib və onun lideri olub. 2013-cü ildə isə ACP-dən də getdiyini bəyan edib. Necə ola bilər ki, bu müddət ərzində müxalifət liderlərindən biri olaraq onun səhvləri olmasın. O səhvləri sadalamağın isə artıq heç bir əhəmiyyəti yoxdur, çünki səhvlərdən nəticə çıxarılacaq perspektivi yoxdur".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05