Razim Məmmədov Bakı meri olmağa çalışır
12:40 13-03-2015
İQTİSADİYYAT
Razim Məmmədov Bakı meri olmağa çalışır
Azərbaycanda bir çox rayon icra başçılarının özlərini "kiçik padşah" kimi apardıqları, sahib olduqları sərvətin həcminin isə bir rayon rəhbərinin aldığı maaşla müqayisədə dəfələrlə çox olduğu heç kimə sirr deyil. Hətta belə icra başçılarının varidatına ölkənin ən öndə gedən iş adamları, bir çox hallarda bəzi daha yüksək vəzifəli şəxsləri, oliqarxları belə həsəd apara bilər.
O da sirr deyil və şübhə doğurmur ki, bu cür icra başçıları arasında ən çox tənqid olunanların önündə Xətai rayon İcra Hakimiyyətinin rəhbəri Razim Məmmədov gəlir.Ölkə KİV-ləri elə gün olmaz ki, onun biznesi və rəhbərlik etdiyi rayondakı qanunsuzluqlar barədə xəbərlər, şikayət məktubları, digər tənqidi materiallar dərc etməsinlər.
Ümumiyyətlə, internet resurslarında ötəri bir axtarış kifayətdir ki, Razim Məmmədovun fəaliyyəti ilə bağlı daha çox qınaq və irad dolu materiallarla qarşılaşasan; onun fəaliyyətini təqdir edən materiallara demək olar ki, nadir hallarda rastlaşmaq mümkündür.
Üstəlik, biz dövri mətbuatda tez-tez "vurulmaq" ehtimalı daha yüksək olan rayon rəhbərlərinin siyahısında mütləq və ən yuxarı başda məhz Bakının bu böyük və strateji rayonunun icra başçısının adına rast gəlirik.
"Unikal" isə bu günlərdə Razim Məmmədovun dünəni, bu günü, ən əsası isə sabaha hesablanmış hədəfləri barədə yeni və olduqca ilginc bilgilər əldə edib. İndi sizi həmin məlumatlarla tanış edirik.
Razim Məmmədov necə icra başçısı oldu?
Xatırladaq ki, 49 yaşlı Razim Məmmədov əslən Qərbi Azərbaycandandır, belə ki, o, 21 iyun 1966-cı ildə Ermənistan SSR Sisiyan rayonunun Ağudi kəndində anadan olub. Əmək fəaliyyətinə isə 1983-cü ildə "Azərittifaq"ın Kitab Ticarəti idarəsində fəhlə və komplektləşdirici kimi başlayıb.
1999-cu ildə yaradılmış "Real-İnşaat" firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış "Real Tibb Mərkəzi" MMC-nin təsisçisi və direktoru olub.
Biznes fəaliyyətindən icra başçılığına yüksələn Razim Məmmədovun 2006-cı ildə Xətai rayonuna rəhbər gətirilməsində o vaxtlar Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin sabiq rəisi olmuş Arif Qaraşovun müstəsna rol oynadığı bildirilir. Qeyd edilir ki, məhz Qaraşov ona himayədarlıq edərək icra başçısı təyinatı almasına nail olub.
Göründüyü kimi, Bakının ən iri rayonlarından birinə rəhbər gələnədək Məmmədov heç bir önəmli dövlət qulluğunda çalışmayıb.Yəni sözügedən təyinatadək onun hazırda da daşıdığı vəzifəni layiqincə yerinə yetirmək baxımından hər hansı məmurluq təcrübəsindən danışmaq əhəmiyyətsizdir. Belədə isə onun məlum təyinatının məhz "güclü əl" sayəsində baş tutduğuna heç bir şübhə yeri qalmır.
Qaraşovun "vurulmasından" sonra da postunu qoruyub saxlayan R. Məmmədov qısa vaxtda və sürətlə varlanıb. Onun rəhbərlik etdiyi rayonda saysız-hesabsız biznes obyektləri, bundan başqa paytaxtın bir çox mərkəzi yerlərində mənzilləri, həmçinin Novxanıda mülklərinin olduğu məlumdur. Adıçəkilən icra başçısı ölkə mətbuatında və ictimai rəydə xüsusilə Xətai rayonu ərazisində yaşıllıqları kütləvi şəkildə qırdırması, onların yerlərində isə biznes obyektlərinin, göydələnlərin inşasına "yaşıl işıq" yandırmaqla məşhurdur. İstər yüksək dövlət instansiyalarına, istərsə də KİV-ə bununla bağlı rayon sakinlərindən göndərilən şikayətlərin isə nə sayı var, nə də hesabı.
Razim Məmmədovun "diplom müəmması"
Xətai rayon İcra Hakimiyyətinin başçısı ilə bağlı başqa bir iddia onun sahib olduğu iki diplomla bağlıdır. Belə ki, rəsmi bilgilərə görə, 1991-ci ildə Moskva Kooperasiya İnstitutunun Əmtəəşünaslıq fakültəsini, 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Amma adıçəkilən icra başçısının məhz birinci diplomu əldə etməsi ilə bağlı müəyyən iddialar mövcuddur. Belə ki, onun həmin vaxt Moskvadakı ali məktəbdəki dərslərdə mütəmadi iştirak etmədiyi, təhsilinin daha çox formal xarakter daşıdığı iddia olunur.
İcra başçısı Bakı meri postuna iddia edir
Gələn məlumatlar arasında xüsusilə diqqət çəkən Xətai rayon İcra Hakimiyyəti başçısının artıq Hacıbala Abutalıbovun da postuna iddia etməyə başlaması ilə bağlıdır. Abutalıbovun yerinə indiyədək bir çox nüfuzlu icra başçılarının adı hallanıb. Bunları haradasa başa düşmək mümkündür. Razim Məmmədovun paytaxt rəhbərliyinə gətirilməsi isə qeyri-inandırıcı görünür.Çətin ki, adı mətbuatda və ümumilikdə ictimai rəydə bu qədər neqativ tonda hazırlanmış bir rayon rəhbəri Bakı şəhər İcra Hakimiyyətinin başçısı kimi yetərincə yüksək, eyni zamanda məsul bir vəzifəyə gətirilsin.
Görünür, elə Razim Məmmədovun özü də bunun fərqindədir. Ona görə də adıçəkilən icra başçısının yaxın çevrəsi ilə söhbətlərdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevlə dostluq münasibətlərini qabardır və məhz bu dostluq sayəsində Bakı meri postuna gətiriləcəyinə işarə vurur.
Şübhəsiz ki, Razim Məmmədovun hörmətli Ramiz Mehdiyev və onun oğlunun adından bu şəkildə istifadə etməsi hec də xoş deyil.
"Yaşıllıqların qənimi"
Yuxarıda da vurğuladığımız kimi, Xətai rayonunun icra başçısının adının mərkəzi mətbuatda yaşıllıqların məhv edilməsi ilə bağlı hallanması artıq adət halını alıb. Baxmayaraq ki, ölkə başçısı İlham Əliyev öz çıxışlarında dəfələrlə ağacların qanunsuz olaraq məhv edilməsi məsələsinə sərt reaksiya bildirib. Dövlət rəhbəri ötən il bu mövzuda kifayət qədər qəti və kəskin fikirlər səsləndirmişdi: "Gəlirlər, gecə vaxtı ağacları kəsirlər və yerində ev tikirlər. Nadir hallarda ağac kəsilə bilər, o da nazirliyin icazəsilə. Bu, mənim son xəbərdarlığımdır, bu vicdansızlıq, bu biabırçılıq və cinayətdir". Ölkə başçısı ağacları kəsənlərə qarşı daha ciddi tədbirlərin görülməsini və həmin şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində addımların sərtləşdirilməsini də tapşırmışdı.
Eyni zamanda Heydər Əliyev Fondu ölkədə yaşıllıqların qorunması və artırılmasını özü üçün prioritet elan edib. Məsələn, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi "Ağacların kəsilməsinə yox!" proqramı həyata keçirir.
Bütün bunlara baxmayaraq, Xətai rayonu ərazisində yaşıllıqların məhv edilməsi halları ilə bağlı xəbərlərin, rayon sakinlərinin ağacların qanunsuz şəkildə kəsilməsi faktlarını özündə ehtiva edən müraciət və şikayətlərinin ardı-arası kəsilmək bilmir. Belə çıxır ki, rayon başçısı ağacların qanunsuz kəsilməsinə son qoyulması, yaşıllıqların məhv edilməməsi ilə bağlı ölkə rəhbərliyinin iradəsindən kənara çıxmaqda israrlıdır.
Novxanıdakı mülkün
yeni təyinatı
Qeyd edək ki, Xətai rayon icra başçısı özü hündürmərtəbəli bina tikintisi ilə məşğul olduğundan tikdirdiyi hər binada min kvadrat metrlərlə ölçüdə olan mənzili özü üçün saxlayır və yüzminlərlə manat xərc qoyaraq ağılasığmaz zövqlə təmir etdirir. İddialara görə, hazırda yaxın adamlarının adlarına olmaq şərti ilə Razim Məmmədovun yalnız Bakının mərkəz hissəsində 75 mənzili var ki, ən ucuz mənzilin qiyməti 350 min manatdır.
Onun Novxanıdakı mülkünün təyinatını dəyişdirərək klinikaya çevirməyə başladığı bildirilir.Belə ki, R.Məmmədov bir neçə villasını, eləcə də ətrafdakı bir sıra yerləri alaraq, orada böyük bir tibb mərkəzi tikdirməyə başlayıb. Məlumata görə, həmin klinikanın qiyməti milyonlarla dollar olacağı qaçılmazdır.
Bundan başqa, Razim Məmmədovun adı ölkənin "qızıl bazarı"nda önəmli paya sahib olması ilə də hallanır. Bir sözlə, onu Azərbaycandakı icra başçıları arasında öz biznes imkanları və sərvətinə görə xüsusi fərqləndirmək mümkündür; hətta bu rayon rəhbərinin öz varidatına görə bəzi nazirləri, komitə sədrlərini belə arxada qoyduğu şübhə doğurmur.
Son günlər isə belə xəbərlər xüsusilə intensivləşib ki, Razim Məmmədovun axır vaxtlar böyük sürətlə və həddindən artıq varlanması, bunu isə ictimaiyyətə açıq nümayiş etdirməsi hakimiyyət dairələrində belə hiddət yaradıb. Görünür, həmin hiddətin nəticəsidir ki, ötən həftə Hesablama Palatası Kollegiyasının növbəti iclasında dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair auditin keçirilməsinə, bir sözlə, Razim Məmmədovun fəaliyyətinin təftiş edilməsinə qərar verildi.
Yoxlamaların necə nəticələnəcəyini bəri başdan konkret demək çətindir, amma görünən odur ki, adıçəkilən icra başçısının istər öz kapitalını fantastik dərəcədə artırması, istərsə də Bakı meri postuna iddia etməyə başlayaraq, bununla bağlı nüfuzlu şəxslərin adından sui-istifadə etməsi ona baha başa gələ bilər.
Xüsusilə qarşıdan parlament seçkilərinin gəldiyini və elə bu səbəbdən də böyük ehtimalla, hökumətin protest elektoratının dəstəyini qazanmaq üçün vətəndaşların xüsusi ilə narazı olduqları bir çox rayon icra başçılarının vəzifəsindən kənarlaşdırılacağını nəzərə alsaq, Xətai rayon İcra Hakimiyyətinin başçısını qarşıda heç də asan günlərin gözləmədiyini əminliklə demək mümkündür.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05