Dul qadınların pozulan miras və pensiya hüquqları
09:42 14-03-2015
SİYASƏT
Dul qadınların pozulan miras və pensiya hüquqları
M. Zeynalova: "Əri ölən qadınlar çox vaxt həyat yoldaşları öldükdən sonra evdən qovulduqlarından kirayədə yaşamalı olurlar"
El arasında onları "başıkəsik", "başsız", "dul" adlandırırlar. Məcazi mənada işlənən bu sözlər həyat yoldaşı vaxtsız ölən, yaxud ərindən ayrılaraq övladı ilə yaşayan qadınalara deyilir. "Tənha ana" adlanan bu qadınlar cəmiyyətdə kişinin üzərinə düşən yükü belə öz çiyinlərində daşıyaraq övladını böyütmək üçün bütün əziyyətlərə sinə gərən zərif cinsin nümayəndələridir. Onlar üçün həyatda ailə başçısı olaraq bütün məsuliyyəti öz üzərlərinə almaq nə qədər çətin olsa da, bu yükü daşımaq məcburiyyətindədirlər.
Çünki, onlar ailədə həm ananın, həm də atanın üzərinə düşən vəzifəni icra etməlidirlər. BMT -nin məlumatına görə, dünyada təxminən 245 miliyon dul qadın var ki,onlardan 115 milyonu kasıblıq həddində yaşayır. Qadınların əksəriyyəti gənc vaxtlarından dul qalır. 2009-cu ildə ölkəmizdə keçirilmiş əhalinin son siyahıyaalınmasının yekunlarına əsasən ölkədə olan dul qadınların sayı 379 510 nəfər təşkil edib. Amma son 5 ildə bu rəqəmdə hansı dəyişikliyin olduğunu bilmək mümkün deyil. Qeyri-rəsmi məlumatlara görə isə hazırda Azərbaycanda tək anaların sayı 100 mindən çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 130 mindən çox ailə başçısını erkən itirib. Üstəlik, yalnız 2012-ci ildə qeyri-rəsmi nikahdan 27 mindən çox uşaq dünyaya gəlib. Onlardan 8 min 643 nəfəri Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində tək ananın ərizəsinə əsasən qeydə alınıb. Həyat yoldaşı dünyasını dəyişən, müəyyən problem üzündən ərindən boşanaraq övladı ilə tək qalan qadınların bu günki sosial durumu göstərir ki, onlar üçün təkbaşına yaşamaq heç də asan olmur. Tənha analar ailəni dolandırmaq üçün bütün çətinliklərə dözərək, çiynini zərif cinsin nümayəndələrinin daşıya bilmədiyi yükün altına verir.
Təmiz dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyir ki, tənha analar, dul qadınlar cəmiyyətdə ən çox hüququ pozulan təbəqə hesab edilir. Onun sözlərinə görə, dul qalmış qadınlar vərsəlikdən, əmlak və torpaq paylarından "könüllü" imtina etməli olur. Ərləri öldükdən sonra onlara qarşı baş verən ayrı- şeçilik, həyatlarını hədələyən amansız münasibətlər onları bu addımı atmaga vadar edir.Dul qadınların evdən qovulması, fiziki zorakılığa məruz qalması, bəzən isə ailənin digər üzvləri tərəfindən öldürülməsi halları da var".
M. Zeynalovanın sözlərinə görə, cəmiyyətdə dul qadınların hüquqlarının pozulmasıyla əlaqədar cəzasızlıq adi hal olur və yalnız çox az bir hissəsi məsuliyyətə cəlb edilir. M. Zeynalova deyir ki, bəzən əri ölən qadınlar mirasdan məhrum edilərək ya evdən qovulur, yaxud da yaşadığı evdən onlara düşəcək paydan məhrum edilir: "Bu gün dul və ərindən boşanıb uşaqları ilə qalan qadınlar var ki, ərinin evi olsa da, kirayədə yaşamaq məcburiyyətindədir. Səbəbi isə həyat yoldaşı dünyasını dəyişdikdən sonra, onun ərinin qohumları tərəfindən sərt təpgiyə məruz qalmasıdır. Bir də görürsən ki, kiçik qardaş böyük qardaşı dünyasını dəyişdikdən sonra mülkə sahib çıxır. Qardaşının ailəsini küçəyə atır. Belə halda həmin qadınlar kirayədə yaşamaq məcburiyyətində qalırlar".
Hüquqşunaslar da, tək anaların mirasla hüquqlarının pozulması hallarına tez-tez rast gəlindiyini söyləyirlər. Hüquqşunas Müzəffər Baxışov deyir ki, vəfat edən şəxsin miras əmlakdakı payı birinci növbə vərəsə olaraq bu növbəyə daxil olan digər vərəsələr də vəsiyyətnamədə ayrı qayda müəyyən edilməyibsə, bərabərdir. Birinci növbədəki vərəsələr miras qoyan şəxsin valideynləri,uşaqları daxil olduğu kimi,həyat yoldaşı da aiddir. Əgər vəsiyyətnamədə ayrıca bir qayda yoxdursa,bərabər paya sahibidirlər. Sağ qalan ər və ya arvad ümumi paylı mülkiyyətdə olan miras əmlakına daxil olan əmlak hüquqları üzərində daha üstün hüquqlara malikdirlər. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ər və ya arvad, Sizin qeyd etdiyiniz sualda qadın vəfat edən şəxsin (miras qoyanın) validenyləri ilə birgə birinci dərəcəli mirasçılar sırasına daxildir və onlarla eyni hüquqlara malikdir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir, yəni miras qoyanın bütün əmlakı və öhdəlikləri miras əmlakıdır. Yekun olaraq qeyd etmək istəyirəm ki, qadının miras qoyanla nikaha nə vaxt daxil olmasından, miras əmlakını nə zaman alamasından asılı olmayaraq valideynləri (miras qoyanın) ilə birgə miras əmlakından eyni paya və eyni hüquqlara malikdir. Miras qoyanın vəfat etdiyi tarixədək əldə etdiyi əmlakın hər hansı bir hissəsi birgə mülkiyyətə daxildirsə miras bölgüsü miras qoyanın birgə əmlakda sahib olduğu hissə üzərində (məsələn birgə əmlaka daxil olan əşyanın 50 faizi) aparılacaq (həmin pay üzərində eyni miras qaydaları tətbiq ediləcək). Əgər birgə əmlaka daxil olan hər hansı bir əmlak yoxdursa miras bölgüsü adi qaydada, yəni miras qoyanın bütün əmlakı hər bir vərəsəyə bərabər pay ayrılmaqla həyata keçiriləcək".
Azərbaycan Hüquq İslahatları Mərkəzi (AHİM) İctimai Birliyinin rəhbəri, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov isə deyir ki, çox zaman vətəndaşlar elə bilirlər ki, vəsiyyətnamədə mirasın kimə və ya kimlərə veriləcəyi göstərilibsə, mirasın tamamı yalnız göstərilən şəxslərə çatmalıdır: "Mübahisələr də əsas buradan doğur. Bu fikir əslində kökündən yanlışdır. Çünki, vəsiyyətnamə tərtib edilsə də, vəsiyyətnamədə vərəsə kimi kimlərin göstərilməsindən asılı olmayaraq, miras qoyanın yaxınları, yəni onun qanuni vərəsələri mütləq mirasdan məcburi pay almaq hüququna malikdirlər. Buradan belə qənaətə gəlmək olar ki, məcburi pay bəzən miras qoyanın iradəsinin tam əksinə də alına bilər. Belə ki, miras qoyan vəsiyyətnamədə mirasdan məcburi pay almaq hüququ olan şəxsi ümumiyyətlə vərəsəlik hüququndan məhrum edərsə, onun bu vəsiyyət sərəncamı həmin şəxsi heç də mirasdan məcburi pay almaq hüququndan məhrum etmir. Mülki qanunvericilikdə göstərilir ki, vərəsə məcburi pay almaq hüququndan vəsiyyətnamə ilə deyil, yalnız məhkəmə tərəfindən məhrum edilə bilər."
Mirasdan məcburi pay almaq hüququna malik olan şəxslərin siyahısına gəldikdə isə, vəkil qeyd edir ki, bu şəxslərin dairəsi, Azərbaycan Respublikasının sovet dövründə qüvvədə olan Mülki Məcəlləsindən fərqli olaraq hazırda qüvvədə olan Mülki Məcəllədə əhəmiyyətli dərəcədə genişləndirilib. Belə ki, köhnə qanunvericilikdə məcburi pay almaq hüququna malik olan şəxslərin sırasına, yalnız miras qoyanın yetkinlik yaşına çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən, övladlığa götürülənlər), əmək qabiliyyətinə malik olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar malik idilər:"Hazırda qüvvədə olan qanunvericiliyə əsasən isə miras qoyanın bütün uşaqları, valideynləri və arvadı (əri) məcburi pay almaq hüququna malikdirlər. Lakin qeyd etmək lazımdır ki, bu barədə Mülki Məcəllənin müvafiq maddəsində çatışmazlıq vardır. Belə ki, elə Mülki Məcəllədə göstərilmişdir ki, övladlığa götürülən övladlığa götürənin uşaqlarına, övladlığa götürən övladlığa götürülənin valideynlərinə bərabər tutulur. Buna görə də praktikada övladlığa götürülənlərin və övladlığa götürənlərin mirasdan məcburi pay almaq hüquqları təmin edilməlidir."
Bağırovun sözlərinə görə, mirasda məcburi pay, qanun üzrə vərəsəlik zamanı məcburi pay alana çatası payın yarısını təşkil edir. Bu o deməkdir ki, əgər miras qoyanın heç bir vəsiyyətnaməsi olmadığı halda miras kimlərə hansı miqdarda çatacaqdısa, vəsiyyətnamə olduğu zaman həmin miqdarın yarısı onlara çatmalıdır.Hüquqşünas bildirib ki, qanunvericiliyə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini vəsiyyət edə bilər. Belə halda mirasdan məcburi pay almaq hüququna malik olan vərəsə məcburi payını almaqla yanaşı, miras əmlakın vəsiyyət edilməmiş hissəsindən qanun üzrə vərəsə kimi pay almaq hüququna da malikdir".
Ekspertlər tənha qadınların digər bir probleminin ailə başçısını itirmiş şəxs onun pensiyasını almaq hüququ ilə bağlı olduğunu söyləyirlər. Ümumiyyətlə, dünyasını dəyişmiş şəxsdən qalan pul vəsaitinin bölüşdürülməsi necə həyata keçirilməlidir? M. Baxışov deyir ki, "Əmək pensiyaları haqqında" qanunun 14 -cü maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edən tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsaiti mənbəyi kimi kömək alan) övladlar, 18 yaşına çatmamış, 18 yaşına çatanadək I və ya II qrup əlil olmuş 18 yaşından yuxarı,
- ata, ana, ər (arvad) pensiya yaşına - kişilər 62 yaşa, qadınlar 57 yaşa çatmışdırsa, yaxud I və ya II qrup əlildirsə, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə, o zaman həmin şəxslərin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.
Dövlət Sosial Müdafiə Fondundan isə bildirdilər ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatmamış, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil və təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan 23 yaşınadək övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.Həmin Qanunun 18.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin məbləği hər iki valideynini itirmiş uşaqların və vəfat etmiş tənha ananın uşaqlarının hər biri üçün, habelə vəfat etmiş ailə başçısının bir ailə üzvü olduqda və ya bu qanunun 14.1-ci maddəsinə əsasən pensiya hüququ olan bir ailə üzvü qaldıqda həmin şəxs üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində, digər ailə üzvlərinin hər biri üçün isə yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində hesablanır.
Digər Xəbərlər
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40
2024-12-20 20:16:32
2024-12-20 18:59:55
2024-12-20 18:53:55
2024-12-20 16:42:00
2024-12-20 16:20:59
2024-12-20 12:22:21
2024-12-20 11:10:26
2024-12-20 11:02:21
2024-12-20 09:42:13
2024-12-19 23:07:49
2024-12-19 22:44:15
2024-12-19 21:51:33
2024-12-19 20:28:29
2024-12-19 19:52:17
2024-12-19 19:01:52
2024-12-19 18:28:50
2024-12-19 18:09:38