Artur Rəsizadə hesabat verdi
12:32 18-03-2015
İQTİSADİYYAT
Artur Rəsizadə hesabat verdi
Oqtay Əsədov: "Azərbaycanın valyuta ehtiyatları xarici borcundan 8 dəfə çoxdur"
Milli Məclisin iclasında müzakirə olunacaq əsas məsələ Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti haqqında hesabat oldu. Milli Məclisin spikeri Oqtay Əsədov deyib ki, Azərbaycan sosial-iqtisadi sahədə sürətli inkişafa nail olub: "Sosial-iqtisadi investisiya qoyuluşu 22 milyard manatı ötüb. Bu vəsaitin 59 faizi daxili, 41 faizi isə xarici bazarın payına düşüb.
Ötən il Azərbaycanda ümum daxili məhsul (ÜDM) 2,8 faiz artıb. Ölkədə valyuta ehtiyatları 51,3 milyard dollar təşkil edib. Bu vəsait Azərbaycanın xarici borcunu 8 dəfə üstələyib. Xarici ticarətimizin 47 faizi Avropa İttifaqı ölkələrinin payına düşüb".
Spiker vurğulayıb ki, ölkədə orta aylıq əmək haqqı 4,5 faiz artaraq 444 manata çatıb: "Yoxsulluq səviyyəsi isə azalaraq 5 faizə çatıb".
Oqtay Əsədov bildirib ki, qeyri-neft sektoruna investisiya qoyuluşu neft-z sektoruna investisiya qoyuluşundan 2 dəfə çoxdur: "Ötən il inflyasiya 1,4 faiz olub".
Artur Rasizadə
hesabatında
Qarabağdan danışdı
Milli Məclisin iclasında baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti haqqında hesabatla çıxış edib.
Baş nazir deyib ki, ötən il ölkədə aparılan uğurlu siyasət davam etdirilib: "Qarşıya qoyulan bütün məqsədlərə nail olunub, iqtisadiyyat şaxələndirilib, xalqın rifahı üçün əhəmiyyətli addımlar atılıb. Prezidentin fəaliyyəti səbəbindən ölkədə davamlı iqtisadi sabitlik yaranıb. Dünya iqtisadiyyatında baş verən qeyri-davamlılığın ölkə iqtisadiyyatına təsiri az alıb. Məlum olub ki, ünvanlı dövlət sosial yardım alan şəxslərin sayı 33 faiz azalıb. Bir ailəyə düşən sosial yardım 149 manat təşkil edib".
Baş nazirin sözlərinə görə, məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilib: "4 mindən çox məcburi köçkün ailəsi mənzillə təmin edilib, bu istiqamətdə 650 milyon manatdan artıq maliyyə xərclənilib".
Artur Rasizadə qeyd edib ki, dövlət büdcəsinin vəsaiti hesabına real sektorda layihələr maliyyələşdirilib: "Sahibkarlara 290 milyon manat kredit verilib, 39 iri müəssisə yaradılıb. Ötən il üçüncü dövlət proqramı qəbul edilib, əvvəlki proqramlar səbəbindən regionlarda çoxlu sayda istehsal müəssisələri, sənaye parkları yaradılıb, təmir-tikinti işləri aparılıb. Regionların inkişafına 4,5 milyard manat yönəldilib.
2014-cü ilin sənaye ili elan olunması qeyri-neft sektorunun inkişafını stimullaşdırıb. Bunun nəticəsi olaraq 2014-cü ildə ölkədə 230-dan çox sənaye müəssisəsi açılıb".
Artur Rasizadə onu da əlavə edib ki, neft-qaz sektoru hələ uzun illər ölkə iqtisadiyyatında mühüm yer tutacaq: "Ötən il Azərbaycan qazının Avropa ölkələrinə nəqli üçün nəzərdə tutulan Cənub Qaz dəhlizinin əsası qoyulub. Cənub Qaz Dəhlizi, TAP, TANAP kimi layihələr uzun illər ölkənin iqtisadi maraqlarına və xalqın rufahına xidmət edəcək".
Kənd təsərrüfatına yönəldilən vəsaitlərə toxunan baş nazir deyib ki, 2014-cü ildə bu sahəyə xüsusi diqqət ayrılıb, kənd təsərrüfatı 5 il müddətinə bütün vergilərdən azad edilib: "İri fermer təsərrüfatlarının yaradılmasına nəzərdə tutulan layihələrə 47 milyon manat ayrılıb".
Baş nazir çıxışında Dağlıq Qarabağ münaqişəsinə də diqqət çəkib. Onun sözlərinə görə, danışıqlar təəssüflər olsun ki, ötən il də heç bir nəticə verməyib: "Ermənistanın tutduğu mövqe status-kvonun saxlanılmasına, məsələnin həllinin qeyri-müəyyən vaxta uzadılmasına səbəb olur. Prezident, Ali Baş Komandan İlham Əliyev bunu nəzərə alaraq ordu quruculuğunun daim təkmilləşdirilməsini, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasını gündəlik nəzarətində saxlayır.
Son zamanlar hərbçilərimizin erməni silahlı birləşmələrinin təxribatlarına verdiyi tutarlı cavablar Azərbaycan ordusunun böyük gücünün olmasına əyani sübutdur". Baş nazir onu da qeyd edib ki, hərbi quruculuqlarla bağlı vəziyyət bütün orqanların daim diqqət mərkəzində olmalıdır: "Sevindirici haldır ki, artıq bu qayğını görmək mümkündür. Silahlı Qüvvələrə Yardım Fonduna ayrılan vəsaitlər ilbəil artır".
"Qarabağ əlillərinə
verilən müavinət
minimum pensiya
həddinə çatdırılsın"
"Hesab edirəm ki, ötən ildə Azərbaycan hökumətinin fəaliyyəti qənaətbəxş olub. Bununla sosial sahənin inkişafına da şərait yaradılıb".
Bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. O, baş nazir Artur Rasizadənin Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti haqqında hesabatına münasibət bildirərkən qeyd edib ki, ölkəmiz bir çox uğurlara imza atıb. Onun sözlərinə görə, baş nazirin hesabatı hərtərəfli hazırlanıb və sosial məsələlər bu məruzədə ətraflı şəkildə təhlil olunub.
Musa Quliyev bununla yanaşı, Azərbaycanda olan problemlərə də toxunub: "Əsas problemlərdən biri də Qarabağ əlillərinin pensiya təminatı ilə bağlıdır. Pensiya-sığorta sisteminə keçid zamanı bəzi uyğunsuzluqlar yarandı. Hansı Qarabağ əlilinin 5 illik əmək stajı var idi, onlar pensiya alırdılar. 5 il stajı olmayanlar isə pensiya yox, müavinət alır. Bu müavinət 60 manat məbləğindədir. Təklif edirəm ki, stajı az olan Qarabağ əlillərinə də verilən müavinət minimum pensiya həddinə çatdırılsın".
O, ölkədə sosial evlərin tikilməsinin vacibliyini də vurğulayıb. Musa Quliyev orta tibb təhsilində olan problemlər barədə də danışıb: "Orta tibb təhsilli kadrların yetişdirilməsi qənaətbəxş deyil. Dünyanın heç bir yerində orta tibb təhsili ilə bağlı belə bir sistem yoxdur. Xarici ölkələrdə onların bilik və bacarıqları təkmilləşdirilir".
Qənirə Paşayeva
hökuməti evlərin
icbari sığortasına
diqqət yetirməyə çağırıb
Millət vəkili Qənirə Paşayeva Milli Məclisin iclasında çıxış edərək Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatını yüksək qiymətləndirdiyini deməklə bərabər, bir sıra problemləri o cümlədən bölgələrdə əhalinin mənzillərinin hələ də əksəriyyətinin icbari sığorta olunmadığını diqqətə çatdıraraq hökumətdən bu məsələyə daha çox diqqət qyırmasını istəyib.
Modern.az-ın məlumatına görə, Qənirə Paşayeva bildirib ki, bölgələrdə vətəndaşlara məxsus evlərin icbari sığortasının həyata keçirilməsinin sürətləndirilməsi çox vacibdir. Millət vəkilinin sözlərinə görə, "İcbari sığortalar haqqında" Qanunun qəbulundan 2 ildən artıq vaxt keçməsinə baxmayaraq, sığorta qurumlarından əldə etdiyi məlumata görə 2 milyondan artıq yaşayış evindən 120 mini, yəni təqribən 6%-i sığortalanıb:
"Mən fürsətdən istifadə edərək hökumətimizi bu qanunun həyata keçirilməsi istiqamətində daha fəal olmağa çağırıram".
Millət vəkili bildirib ki, rayonlarda, kəndlərdə evlərin böyük əksəriyyəti sığortasızdır, hər hansı bədbəxt hadisə, faciə, təbii fəlakət, yanğın, partlayış, daşqın baş verdiyi zaman, mənzil dağıldığı və ya yararsız vəziyyətə düşdüyü zaman bu cür hallarla üzləşən belə bir ailə çox ağır vəziyyətdə qalır və ona kömək etmək imkanları da çox çətin olur. Təkcə son aylar millət vəkili seçildiyi Tovuz rayonunda bir neçə evdə qaz sızması nəticəsində partlayış baş verdiyini və bəzi evlərdə müxtəlif səbəblərdən yanğın baş verdiyini qeyd edən Qənirə Paşayeva evlərinin sığortasının olmaması səbəbindən vətəndaşların çətin vəziyyətə düşdüyünü və "əgər sığorta olunmuş olsaydı, bu cür bədbəxt hadisələr zamanı sığortadan pul alaraq baş qaldıran çətinliklərin öhdəsindən gəlmək asan olardı" deyib.
"Ona görə də vətəndaşlarımız arasında sığortanın vacibliyini və önəmi ilə bağlı təbliğat-təşviqat işlərini daha da artırmaqla bərabər, rayonlarda və kəndlərdə evlərin sığortalanmasının sürətlənməsi istiqamətində bütün istiqamətlərdə daha da çox addımlar atmalıyıq. Bu işi sürətləndirsək, əslində təbii fəlakətlər, bədbəxt hadisələr zamanı dövlətin üzərinə də yük az düşər, ən vacibi isə vətəndaşlarımız çıxılmaz vəziyyətdə qalmazlar"- Qənirə Paşayeva deyib.
"Narahat olma, hansı qapıya papaq atsan,
boş qayıtmayacaq"
"Bəzilərinin evinin hasarı çox hündür və qapıları kilidli olduğundan oralara papaq atmaq mümkün deyil. Papaqlar o qapılara atılır ki, həmin evlərin hasarından keçmək mümkün olur".
Bunu deputat Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib. O bildirib ki, bu təbəqədən olanlar müəllimlər, həkimlər, işsizlər, neftçilər və digərləridir. Deputatın fikrincə, indi bu məsələni müzakirə etmək lazımdır ki, orta təbəqədən olan insanlar papaqların içini nə ilə doldursunlar:
"Manatın devalvasiyası prosesindən sonra əhalinin yaşayış səviyyəsi xeyli aşağı düşüb. Aztəminatlı ailələr banklardan kredit götürüb, ancaq dolların bahalaşması nəticəsində krediti ödəməkdə çətinlik çəkir. Azərbaycan hökuməti isə bu məsələlərlə bağlı aydınlaşdırıcı və ciddi izahlar vermir ki, həmin kütlə gələcəyə azacıq da olsa, ümidlə baxsın. Məncə, bu problemi həll etmək lazımdır".
Milli Məclisin spikeri Oqtay Əsədov deputatın papaqla bağlı çıxışına münasibət bildirib. O qeyd edib ki, papaq milli mentalitetdir və bu cür məsələləri müzakirə etmək məsləhət deyil. "Sən fikirlərini milli mentalitetə toxunan məsələ kimi dedin. Vaxtilə bacadan da papaq atırdılar. Narahat olma, hansı qapıya papaq atsan, inanmıram ki, sənin papağın boş qayıtsın".
Hacı Madərin Zahid Oruca VƏDİ:
"Yenidən deputat
seçilsək, 5 illik
çıxış hüququmu
sənə verəcəm"
Milli Məclisdə hökumətin hesabatına deputatlar münasibət bildirərkən maraqlı anlar yaşanıb. Deputat Zahid Oruc çıxışlar üçün ayrılan 5 dəqiqəlik vaxtdan daha 5 dəqiqə artıq danışmaq istədiyini bildirib.
O, hətta bu məqsədlə Həcdə olan həmkarının çıxış vaxtını da ona verdiyini qeyd edib. Deputat əlavə edib ki, parlament rəhbərliyi də bu məsələyə xoşməramlı yanaşacaq.
Spiker Oqtay Əsədovun isə buna cavabı gecikməyib: "Siz nə vaxtdan Hacı olmusunuz? Sizə kim vaxtını verib?"
Spikerin bu suallarını Zahid Oruc belə cavablandırıb: "Deputat həmkarım Hacı Madər dedi ki, inşallah, növbəti seçkilərdə ikimiz də yenidən deputat seçilsək, həmin beş il müddətində də öz çıxış hüququmu sənə verəcəyəm".
Oqtay Əsədov "Elə buna görə də əlavə vaxt vermirəm", - deyərək deputata cavab verib.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05