Bəzi oliqarxların çoxmilyonluq talanının şok pərdəarxası
10:03 31-03-2015
İQTİSADİYYAT
Bəzi oliqarxların çoxmilyonluq talanının şok pərdəarxası
İri məmurların nəzarəti altında ölkəyə gətirilən məhsulların real qiymətləri necə "şişirdilir"?
Azərbaycana xaricdən gətirilən bir çox məhsulların yerli qiymətləri əksər vətəndaşlar üçün əlçatmazdır. Halbuki həmin qiymətlərlə bu məhsulların real qiymətləri arasındakı fərq xeyli böyükdür. Yəni belə məhsullar inhisarçı oliqarxların sayəsində real qiymətlərindən qat-qat baha satılır və bununla vətəndaşlar faktiki olaraq, məmur talançılığına məruz qalırlar.
Dünən məlum olub ki, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bazara çıxarılan məhsulların real qiymətləri ilə bağlı maraqlı araşdırma aparıb. Azərbaycanda monapoliyanın hökm sürdüyünü və vətəndaşın ağır şərtlərlə sınağa çəkildiyini hamı bilir. Vahid müəllim isə bazarda təklif olunan idxal məhsullarının konkret qiymətlərini nəzərimizə çatdırır. Göstərilən rəqəmlər 1 kiloqram malın idxal dəyərini (ABŞ dolları ilə) ifadə edir, alıcının neçə dəfə aldandığı həqiqətini ortaya qoyur.
Gəlin Azərbaycana xaricdən gətirilən bəzi məhsulların real qiymətləri ilə tanış olaq:
qabığı təmizlənmiş badam - 0,49;
banan təzə qurudulmuş - 0,92;
qabığı təmizlənmiş qoz-0,97;
qurumuş qara gavalı - 0,45;
qurudulmuş üzüm -0, 52;
qurudulmuş ərik - 0,50;
qabıqlı badam - 0,55;
keşyu fındığı -0,46;
təzə heyva - 0,31;
hind qozu -0,61;
şabalıd - 0,49;
püstə - 0,99.
Məsələ ondadır ki, bu göstəricilər heç də hansısa sıradan bir iddia, yaxud kiminsə şəxsi təxəyülünün məhsulu deyil. Yuxarıdakı real qiymətlər rəsmi rəqəmləri ifadə edir, yəni onlar Dövlət Statistika Komitəsinin müvafiq hesabatında da öz əksini tapıb.
Görünən odur ki, sıravi vətəndaşın bu barədə məlumatsızlığı işbazlar üçün yaxşı fürsət yaradıb. Qeyd olunan rəqəmlər araşdırılanda məlum olur ki, komitə hesabatları bəzi məhsulları idxal olunan ölkədəki real qiymətindən də az göstərib.
Vahid Məhərrəmov deyib ki, bu gün bazarda qiyməti tələb-təklif deyil, elə inhisarçıların özləri müəyyənləşdirirlər: "Alıcıların da başqa seçimi yoxdur. Yerli məhsul və istehsal idxalı üstələyə bilmir ki, qiymətlər alıcının cibinə görə dəyişsin. Bir də, camaat arasında idxal məhsullarının yerli məhsullardan daha keyfiyyətli olması fikri də, fürsətbazlara imkanlar yaradır. İnhisarçılar da bundan sui-istifadə edirlər. Nəticədə alıcılar hər hansı məhsulu qat-qat baha qiymətə almaq məcburiyyətində qalırlar."
Yuxarıdakı qiymətlər onu deməyə əsas verir ki, bəzi inhisarçı məmurlar təkcə vətəndaşı aldatmır, həm də vətəndaşı müflisləşdirir. Ölkəyə idxal olunan məhsulu 20 dəfə baha qiymətə satışa çıxarmaq, vətəndaşa qarşı xəyanətdir.
Eyni zamanda bu, bir sıra monopolist məmurların hökumətə qarşı sabotajı kimi də dəyərləndirilə bilər. Əhalinin ciddi sosial-iqtisadi problemlərlə üzləşdiyi bir vaxtda, xüsusilə neft pullarının azalması müqabilində manatın dollara görə ucuzlaşmasının xalqı yeni sosial-iqtisadi problemlərlə üz-üzə qoyduğu şəraitdə bahalaşdırmaya gətirib çıxaran davranışlar vətəndaşlarda narazılıqları artırır. Bunun isə mənfi fəsadlarının olması istisna deyil.
Ona görə də inhisarçı məmurlar öz biznes maraqları naminə xalqa qarşı soyğunçu addımlardan çəkinməlidirlər. Həmçinin müvafiq qurumlar Dövlət Statistika Komitəsinin hesabatında yer alan real qiymətlərlə Azərbaycan bazarlarındakı satış qiymətləri arasındakı kəskin fərqin konkret səbəblərini və səbəbkarlarını müəyyənləşdirmək üçün hərəkətə keçməli, bu anormal vəziyyətin aradan qaldırılması istiqamətində təsirli və təcili tədbirlər görməlidir.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05