Putindən ABŞ-a nüvə hədəsi
11:09 03-04-2015
İQTİSADİYYAT
Putindən ABŞ-a nüvə hədəsi
Rusiya prezidentinin məqsədi nədir?
Əgər Amerika Krımı geri almaq istəsə, Putin nüvə müharibəsinə başlayacaq. Bu xəbər Britaniyanın "Times" qəzetinin dünənki sayının baş xəbəridir. Qəzet xəbərə iki qoşa səhifə həsr edib.
"Times"in məlumatına görə, bu ilin mart ayının ortalarında Almaniyanın Torqau şəhərində Rusiya və ABŞ kəşfiyyatlarının yüksək çinli zabitlərinin görüşü olub. Görüş zamanı Rusiya nümayəndə heyəti Qərbin ünvanına bir sıra açıq hədələr səsləndirib. "Şəksiz, bu veteran casusların gəvəzələik etdiyi ifadələr olmayıb. Ən azı, generalların biri Krımın keçən ilki ilhaqında birbaşa iştirak etmişdi. İki zabit isə Rusiyanın nüvə strategiyasının müəlliflərindən idi", - deyə "Times" vurğulayıb.
Rus generalları Qərb kəşfiyyatının qarşısında üç əsas tələb qoyub:
- Krımın Ukraynaya qaytarılması ilə bağlı istənilən cəhd hərbi təcavüz kimi dəyərləndiriləcək, Kreml buna cavab kimi ABŞ-a qarşı nüvə silahı işlətməyə hazırdır;
- Rusiya NATO-nun öz sərhədində yerləşməsinə imkan verməyəcək - söhbət Estoniya, Latviya və Litvadan gedir;
- NATO-nun Ukraynaya istənilən hərbi yardımı Rusiya tərəfindən "güc cavab"ına səbəb olacaq.
Bu arada Berlində Konrad Adenauer adına Fond tərəfindən təşkil edilmiş müzakirələrə qatılan Ukraynanın baş naziri Arsen Yasenyuk Rusiyanı sərt ittiham edib, Avrapanı bu ölkəyə qarşı birləşməyə çağırıb. Xarici KİV-in məlumatına görə, o bildirib ki, Avropa Ukraynanın şərqində - Donbasda baş verən münaqişə ilə əlaqədar Kiyevə dəstəyini genişləndirməlidir. Həmçinin Avropa Rusiya barəsində hərbi təmkinliliyinin ölçüsünü müəyyənləşdirməlidir.
Baş nazir "Putinin məqsədi nədir" sualına belə cavab verib: "Biz münaqişənin hərbi yolla həllini dəstəkləmirik. Ancaq Rusiya prezidenti Vladimir Putin "sovet kateqoriyası"na uyğun düşünür. Putinin hədəfi müstəqil dövlət kimi Ukraynanı məhv etməkdir."
A.Yesenyuk müzakirələrdən əvvəl Berlinə səfəri çərçivəsində Almaniya kansleri Angela Merkel ilə görüşüb, Avropa İttifaqını Ukraynaya iqtisadi dəstəyin genişləndirməyə çağırıb: "Ukrayna terrorçularla mübarizə aparır, hansı ki, Moskva əmr edir. Biz bu mübarizəmizlə Avropanı və Avropa İttifaqını müdafiə edirik."
Xatırladaq ki, Ukrayna baş nazirinin Berlinə səfərinin məqsədi Almaniyanın Kiyevə 500 milyon avro kreditin verilməsi mexanizmi haqqında razılıq əldə etməkdir.
"ABŞ gizli yolla Ukraynaya ölümcül silahların tədarükünə başlaya bilər". Bu sözləri isə ABŞ Berkli Universitetinin porfessoru Edvard Uoker bildirib.
Professor qeyd edib ki, Barak Obama hökumətinin bəzi nüfuzlu şəxsləri Ukraynanı silahlandırmağın tərəfdarıdır. Bu şəxslər arasında yeni Müdafiə naziri Eşton Karter, Baş Qərargah rəhbəri Martin Dempsi və Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klepper var.
Uoker hələlik Ağ Evin ölümcül silahların Ukraynaya verilməsinə qarşı çıxdığını bildirib: "Prezident Obama hesab edir ki, Minsk razılaşması mərhələli şəkildə həllini tapa bilər. Bu səbəbdən də ölümcül silahların göndərilməsinə hələlik qarşı çıxır. Belə zənn edir ki, əgər indi ölümcül silahları göndərərsə, Rusiya açıq şəkildə hərbi müdaxiləyə keçə bilər. Fikrimcə, Ağ Ev ən yaxın vaxtda Ukraynaya yardımını artıracaq. ABŞ artıq Ukrayna əsgərlərinə hərbi təlimlər keçir. Kiyevə hərbi əməliyyatları maliyyələşdirməyə kömək edir".
"Rusiya Krım və Donetskdəki ssenarini Latviya və Estoniyada da tətbiq edəcək". Bu sözləri isə Rusiya hərbi eksperti Pavel Felqenqauer bildirib.
"Baltikyanı ölkələrdə də problemlər var. Orada böyük rusdilli icmalar var, hansı ki, yerli əhali ilə münasibətləri elə də ürək açan deyil. Baltikyanı ölkələrdə "Rusiya şəhərləri" də var. Məsələn, Narvada əhalisinin əksəriyyəti etnik rusiyalılardır. Burada Krım və Donetskdəki problem yarana bilər. Rusiya öz həmyerlilərini müdafiə etmək niyyətində olacaq", - Felqenqauer vurğulayıb.
"Belarus heç vaxt Rusiyanın bir hissəsi olmayacaq və Rusiya rəhbərliyi də heç vaxt belə bir məsələni qaldırmayıb". Bunu isə Belarus prezidenti Aleksandr Lukaşenko "Bloomberg" agentliyinə müsahibəsində deyib.
"Belarus suveren və müstəqil dövlətdir. Və belə də qalacaq. Putin heç vaxt mənim qarşımda belə bir məsələ qoymayıb ki, müstəqilliyinizi unudun, Rusiya Federasiyasının quberniyası olacaqsınız. O bilir ki, mən buna necə reaksiya verəcəyəm. Bu məsələ heç vaxt müzakirə olunmayıb", - Lukaşenko əlavə edib.
Onun sözlərinə görə, Rusiyada bir çox siyasətçi imperiya barəsində və Belarusun Rusiyanın şimali-qərb hissəsi olduğu barədə düşünür: "Biz bu iddialara konkret cavab veririk: biz Rusiyanın şimali-qərb hissəsi olmayacağıq. Axırıncı dəfə Rusiyadakı prezident seçkilərindən sonra bu barədə Rusiya prezidenti Vladimir Putinlə danışdım. Putin bildirdi ki, hansısa bir ölkəni, həmçinin Belarusu tutmaq bizə lazım deyil, siz öz mənzilinizdə yaşayırsınız, biz öz mənzilimizdə. Putin bildirdi ki, eyni zamanda biz qardaşlarıq, biz doğma insanlarıq, biz bir-birimizə qonaq gedirik. Müzakirələr bu şəkildə oldu. Məncə, normaldır".
Belarus prezidentinin fikrincə, Rusiya heç vaxt onun ölkəsinə qarşı vuruşmayacaq: "Çünki bunun üçün səbəb yoxdur. Amma bu ifadə ilə tamamilə razıyam ki, "bizə qılıncla gələn, qılıncdan həlak olacaq". Biz torpağımızın bir qarışını belə tutmağı qarşısına qoyan avropalılara, amerikalılara və rusiyalılara qarşı vuruşacağıq".
Dünənki başqa bir məlumata görə, Dünya Bankının proqnozuna görə, yaxın iki il ərzində Rusiya iqtisadiyyatında geriləmə bundan əvvəl nəzərdə tutulduğundan daha çox olacaq. Belə ki, bank bunun səbəbini neftin qiymətinin düşməsi və Rusiyaya qarşı beynəlxalq sanksiyalarla izah edir.
Bankın hesabatına görə, 2015-ci ildə Rusiyada daxili məhsul yanvarda proqnozlaşdırıldığı kimi 2,9 faiz yox, 3,8 faiz azalacaq.
Bank xəbərdarlıq edir ki, bu gələn ildə davam edəcək və 0,3 faiz geriləmə olacaq. Halbuki, daha əvvəl 0,1 faiz proqnozlaşdırılırdı.
Hesabata görə, neftin ucuzlaşması və daha kəskin sanksiyalar 2014-cü ilin sonlarından başladı və iqtisadiyyata sonuncu rübdən təsir göstərməyə başladı.
Buna görə də bunun təsiri 2015 -2016-cı illərdə daha dərin ola bilər.
Bankın hesablamalarına görə Rusiyada 10 faiz infilyasiya olacaq.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05