Manat: nə etməli, nə olacaq?
Manat: nə etməli, nə olacaq?

Mərkəzi Bankın qərarı nə qədər ağrılı olsa da, başqa çıxış yolumuz yox idi

Dünya iqtisadiyyatında daimi eniş və ya sürəkli inkişaf olmur. Tərəqqi tənəzzüllə, irəliləmə də geriləmə ilə əvəzlənir və əfsuslar olsun ki, dövlətlərin planlarından, vətəndaşların istəklərindən asılı olmayaraq belədir.

Pulunun azalmasını istəyən vətəndaş olmadığı kimi, büdcə gəlirlərinin səviyyəsinin aşağı düşməsini və borcların da xərcləri üstələməsini niyyət edən dövlət yoxdur. Yaşamın qaydası, iqtisadiyyatın prozaikası belədir.
İkinci Dünya Müharibəsindən sonra qlobal miqyasda siyasi proseslərlə yanaşı, iqtisadiyyatın durumunu da ABŞ əhəmiyyətli şəkildə bəlirlədiyindən indi istisnasız olaraq bütün milli valyutalar dolların durumundan asılıdır.
Dollar bahalaşanda həmin valyutalar ucuzlaşır, amerikalıların pulu ucuzlaşanda isə başqa dövlətlərin əskinaslarının dəyəri artır.
Bu, maliyyə bazarlarındakı hadisələrin və qanunların ən bəsit təqdimatı da sayıla bilər.
Dünya xammal və enerjidaşıyıcıları bazarlarındakı vəziyyət də yenə Birləşmiş Ştatların mövqelərindən asılıdır.
Amerikalıların təsirləri və əksər hallarda təzyiqlərindən sonra xam neftlə təbii qazdan tutmuş, volframla molibdenədək bütün xammalın qiymətlərində dəyişikliklər başlayır.
Son hadisələrin də kökündə ABŞ-ın bir sıra dövlətləri "ram etmək" istəyi durur.
Büdcəsinə axışan pulların əksəriyyəti məhz xam neft satışlarının verdiyi gəlirlər olan İran, Rusiya, Səudiyyə Ərəbistanı, Venesuela təki ölkələr bəlli, Birləşmiş Ştatların yürütdüyü xarici siyasətə, daha doğrusu, amerikalıların qlobal hegemonluq istəklərinə qarşı çıxırlar.
Bu dövlətlər birqütblü yox, çoxqütblü dünya düzəninin bərqərar olmasına can atırlar və təbii ki, öz maraqlarının təminatı məsələsini də unutmurlar.
Suriya və İraqdakı olaylardan sonra Yaxın Şərqdə mövqelərini daha da möhkəmlədən İran indi faktiki olaraq Dəməşqdəki prezident Bəşər Əsəd rejiminin yeganə səbatlı dayağı, İraqda isə baş nazir Nuri əl Malikinin hakimiyyətinin təminatçısıdır. Durum o yerdədir ki, İŞİD-ə qarşı mübarizədə illərdən bəri real irəliləyişlərə nail ola bilməyən amerikalılar İranla əməkdaşlığa məcbur qaldılar və məhz bundan sonra İraqda İŞİD-in geri çəkilməsi, terrorçuların tutduqlaır şəhərlərin azad edilməsi başlandı.
İranın regionda geosiyasi mövqelərini möhkəmləndirməsi, xüsusilə də ərəb ölkələrindəki şiə azlıqlardan yararlanaraq həmin dövlətlərin hakimiyyətlərinə sərt təzyiqlərə əl atması ABŞ-ı ciddi narahat edirdi.
Venesuelanın Latın Amerikasında yeni antiamerikanist bloku yaratmağa başlaması, Rusiyanın əvvəlcə Ukraynanın Krım yarımadasını ilhaq etməsi, sonra da Donetsk və Luqansk vilayətlərini oradakı separatçı rejimlər vasitəsilə idarə etməyə başlaması da Vaşinqtonun səbr kasasını daşdırıb. Səudiyyə Ərəbistanı Fars Körfəzi ilə yanaşı, Şimali Amerika və Yaxın Şərqdə geosiyasi mərkəzə dönmək niyyətinə düşməklə yanaşı, dünya neft bazarlarında "qara qızıl"ın qiymətinə təsir etmək və ABŞ-ın planlarına mane olmaq fikrinə düşmüşdü.
Bütün bunlar Vaşinqtonu hərəkətə keçməyə vadar etdi və amerikalılar indiyədək dəfələrlə sınaqdan keçirərək "uğurlu" nəticələr vermiş iki "silah"dan: dolların kursunun süni şəkildə tənzimlənməsi və neft qiymətlərinə təzyiqlərdən yararlanmağa başladılar.
Beləcə, əvvəlcə xam neft ucuzlaşdırıldı, sonra da yaşananların məntiqi sonucu olaraq dollar bahalaşdı.

Azərbaycan kənarda
qala bilməzdi

Manatın kursu ABŞ dollarına bağlı olduğundan milli valyuta süni və kənar təsirlər nəticəsində ucuzlaşarkən Azərbaycanın Mərkəzi Bankı bahalaşmaya, manatın dəyərdən sürətlə düşməsinə imkan verməmək üçün ölkə daxilində dollarları kütləvi şəkildə satın alır, milli valyutanın kursunu stabil saxlamağa çalışırdı.
Beləcə, 2015-ci ilin ilk aylarında manatın zəifləməməsi üçün, yəni dollara olan kursun nisbətən sabit saxlanması məqsədilə 3,4 milyard dollara yaxın pul xərcləndi. O pullar Mərkəzi Bankın ehtiyatlarından sərf olunurdu.
Dollar bahalaşmağa, xam neft isə ucuzlaşmağa davam etdiyindən Azərbaycanın "qara qızıl"dan əldə etdiyi gəlirləri azalır, manatın kursunun dəstəklənməsinə ayrılan pulların məbləği isə artırdı.
Bir neçə ay da belə davam etsəydi, Mərkəzi Bankın valyuta ehtiyatları bütünlüklə tükənəcəkdi. Və belədə Mərkəzi Bank yeganə dürüst, məntiqi yolu seçərək manatın kursunun sadəcə, ABŞ dolları ilə nisbətdə yox, həm də avro ilə müəyyənləşdirməsi sxemini, yəni "bivalyuta zənbili"ni seçdi.
Mərkəzi Bankın sədri Elman Rüstəmov bu qərarla bağlı açıqlama verdi və dərhal manatın kursu dəyişdi, milli valyutamız dollarla müqayisədə ucuzlaşmağa başladı.

Danışan Rüstəmovdur

Mərkəzi Bank manatın kursunu tamamilə sərbəst buraxmağa və ancaq zəruri hallarda valyuta bazarına müdaxilə etməyə hazırlaşır.
Mərkəzi Bank fevralın 21-də manatın dollara nisbətdə 34 faizə yaxın devalvasiyasına qərar verib və manatın yeni kursunu (1 AZN+1.05 ABŞ dolları) müəyyən edib. Bu, milli valyutaların bir-birinin ardınca dəyərdən düşdüyü keçmiş sovet respublikalarında ən kəskin devalvasiya hesab olunurdu. Lakin indi Mərkəzi Bank rəhbəri elan edib ki, gələcəkdə manatın kursunun ümumiyyətlə sərbəst buraxılmasına hazırlıq görülür (virtualaz.org).
Doğrudur, E.Rüstəmov qeyd edib ki, Azərbaycan hələ tam üzən məzənnə siyasətinə keçid üçün hazır deyil. Bunun üçün valyuta qazanan və valyuta satan çox olmalıdır: "Ölkədə isə hazırda 2-3 əsas valyuta satan şirkət var - Dövlət Neft Fondu, SOCAR və Mərkəzi Bank. Hazırda bizdə üzən məzənnəyə hazırlıq gedir. Əgər biz hazırda məzənnəni idarə etməsək, dollar daha 20-30% möhkəmlənə bilər ki, bu da iqtisadiyyatda əsəbilik yaradar. Ona görə də idarə olunan üzən məzənnə siyasəti yürüdürük".
Mərkəzi Bank sədri daha bir mənfi tendensiyadan - Azərbaycanda müşahidə olunan dollarlaşma prosesinin davam etməsindən danışıb. Onun sözlərinə görə, fevral ayında milli valyutanın devalvasiyasindan sonra Mərkəzi Bank bazarda 1 mlrd. dollardan çox valyuta satışı həyata keçirib. Başqa sözlə, bu, təkcə devalvasiyadan sonra Mərkəzi Bankın strateji valyuta rezervlərinin daha 1 milyard dollar azalması deməkdir.
Ondan əvvəl isə Mərkəzi Bank manatın kursunu sabit saxlamaq üçün ay yarım-iki ay ərzində 2 milyard dollardan çox vəsait satışa çıxarmışdı.
Mərkəzi Bank rəhbəri bu il ərzində Azərbaycanda şok devalvasiya gözlənilmədiyini bildirib: "Əlbəttə ki, neftin qiyməti və digər amillər nəzərə alınmaqla. Neftin qiyməti üzrə əsas proqnoz isə 50-55 dollar/barel səviyyəsindədir".

Ölkə əhalisini
indi iki suala cavab maraqlandırır

Mərkəzi Bankın sədri Elman Rüstəmov tipik texnokratdır və rəqəmləri səsləndirməklə emosional, bəlağətli çıxışlara üstünlük vermədiyini bir daha göstərdi. O, Azərbaycan iqtisadiyyatını çox ağır sınaqlar gözlədiyini də vurğulayıb. Aramla, təmkinlə, bank terminlərindən yararlanmaqla.
Ölkə əhalisini indi iki suala cavab maraqlandırır: "Nə olacaq?" və "Nə etməli?" Cavablar ilk baxışdan göründüyündən fərqli olaraq, çətin deyil.
ABŞ Yaxın Şərqdə dominion mövqelərini bərpa etməkdə olduğundan bu regiondakı neft ölkələrinin geosiyasi baxımdan tam müstəqillik istəkləri ertələnib. Dünya bazarlarında xam neft qiymətlərinə təsir rıçaqlarından yararlanmağa çalışan OPEK, Rusiya və İranın da cəhdləri bir nəticə vermədiyindən, onlar sakitləşiblər.
İran nüvə proqramı ilə bağlı danışıqlarda Qərbin mövqelərinin sərtləşməsinə, yəni embarqo və sanksiyaların daha da ağırlaşmasına yol verməmək üçün aqressiv ritorikasını yumşaldıb. 1979-cu ildə İrandakı İslam inqilabından sonra Tehranın Qərb banklarında dondurulmuş hesablarındakı pullardan 2,7 milyard dolların İrana qaytarılması barədə qərar da bəhs etdiyimiz durumdan xəbər verir.
Səudiyyə Ərəbistanının başı indi Yəmənə qarışıb və Fars Körfəzindəki ərəb monarxiyaları İranın mövqelərini zəiflətməyə başlayıblar. Belə vəziyyətdə OPEK-in neft qiymətlərinə taran zərbələrinin davamından danışmağa dəyməz.
Qərbin çox sərt və ağır sanksiyalarına məruz qalan Rusiya yuvarlandığı girdabdan çıxış yolları arayır, Venesuela "bolivarian inqilabçılığı" ideyalarının ixracını dayandırmaq zorunda qalıb.
Yaxın gələcəkdə neftin sürətlə ucuzlaşmasının davam edəcəyi də artıq real ehtimal təsiri bağışlamır. Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyir ki, dövlət büdcəsi neft qiymətlərinin 1 barrelə görə 50 dollar olması ehtimalı ilə hesablanır. Real, soyuqqanlı yanaşmadır və əslində, mövcud vəziyyətdə optimal davranışdır.
Xam neftin yenidən kəskin şəkildə ucuzlaşması proqnozlaşdırılmadığından manatın kəskin devalvasiyası da ağlabatan təsir bağışlamır. Fevralın 16-da manatın kursunda dəyişikliklərlə bağlı qərar əslində kritik dönəmdən çıxış yolu idi. Milli valyutanın kursunun bundan sonra da süni təsirlər vasitəsilə, daha doğrusu, Milli Bank və Neft Fondunun ehtiyatlarından xərcləmələr vasitəsilə saxlanması mümkün deyildi.
Manatın kursunun sərbəstləşdirilməsindən sonra milli valyutamız bir gündə 34 faiz ucuzlaşdı. Kurs dəyişiklikləri nəticəsində vətəndaşlarımızdan kimi yüzlərlə, kimi də minlərlə manat itirdi.
Anlayırıq acıdır, itkidir. Vəziyyət ağırlaşıb. Lakin onu da unutmayaq ki, Mərkəzi Bank və Neft Fondu ehtiyatlarındakı pulları sürəkli olaraq manatın kursunun saxlanmasına sərf edə bilməzdilər. Həmin qurumlarına aktivləri həm də əhalinin pulları, hər birimizin vəsaitidir.
Dünya bazarlarında xam neftin ucuzlaşması nəticəsində "qara qızıl" satışlarından gəlirləri azalan Neft Fondu aktivlərini manatın qorunmasına sərf etməyə davam edərdisə, ehtiyatları ümumiyyətlə, tükənəcəkdi.
Bivalyuta zənbili ilə bağlı qərardan sonra Neft Fondunun aktivləri yenidən 30 milyard dollar səviyyəsində qalacaq.
Ona görə də manatın ucuzlaşmasınun vurduğu ziyan, alıcılıq qabiliyyətinin nisbətən aşağı düşiməsindən şikayətlənəndə bəhs etdiyimiz məqamları da lütfən, unutmayaq.
Kurs dəyişiklikləri nəticəsində hər birimizin yüzlərlə, yaxud minlərlə manat itirməyimiz, təbii ki, xoş olay deyil. Amma hər şey olduğu kimi qalsaydı və manatın kursunun süni şəkildə stabilliyi üçün Mərkəzi Bankla Neft Fondunun pullarının xərclənməsi davam etsəydi, həmin qurumların aktivlərinin ümumiyyətlə tükənməsi daha yaxşı olardımı?! Bir çox müəssisələr bağlanacaqdı, qiymətlər çox sürətlə artacaqdı, inflyasiya hiperinflyasiyaya çevriləcəkdi və dəyəri sürətlə ucuzlaşacaq manat vətəndaşların bütün ehtiyatlarını "yeyəcəkdi".
Ona görə də Mərkəzi Bankın qərarı nə qədər ağrılı olsa da, başqa çıxış yolumuz yoxdur.
Dünya iqtisadiyyatında davam edən böhran situasiyasında ya az itkilərlə iqtisadiyyatımızı, valyutamızı və öz maddi rifahımızı qorumalı, ya da illüziyalara qapılaraq bütün pullarımızı itirməliydik.
Sizcə, hansı yolu seçməliydik?
Orxan Hun