İnsan haqlarına beynəlxalq biganəlik
11:13 03-04-2015
SİYASƏT
İnsan haqlarına beynəlxalq biganəlik
Bu gün Azərbaycan ən yüksək səviyyədə Dağlıq Qarabağ münaqişəsi nəticəsində hüquq və haqları pozulmuş yüz minlərlə vətəndaşının hüquqlarını qorumaq istiqamətində addımlar atır. Öncələr Azərbaycan tərəfi beynəlxalq təşkilatların münaqişə nəticəsində hüquqları pozulmuş insanlara biganə yanaşmalarına o qədər də reaksiya vermirdirsə,bu gün açıq şəkildə bu təşkilatlar qınanılır və Azərbaycanın haqlı tələblərini səsləndirir.
Elə bu günlərdə xarici işlər nazirinin müavini Xələf Xələfovun açıqlaması da bunu təsdiqlədi.Belə ki, Azərbaycan və Estoniya Xarici İşlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi çərçivəsində Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ilə Estoniya Xarici İşlər Nazirliyinin Siyasi Departamentinin baş direktoru Paul Teesalu arasında görüş keçirib. X.Xələfov Azərbaycanla Estoniya arasında ikitərəfli əsasda və bir sıra beynəlxalq və regional təşkilatlar, xüsusilə Avropa İttifaqı (Aİ) çərçivəsində səmərəli əməkdaşlığın olduğunu qeyd edərək, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, eləcə də iqtisadi, bərpa olunan enerji, yüksək texnologiyalar, kənd təsərrüfatı və digər sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu bildirib.
Azərbaycanla Estoniya arasında münasibətlərin mövcud inkişaf səviyyəsindən razılığını ifadə edən P.Teesalu iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etməsində Estoniyada yaşayan və bu ölkənin cəmiyyətinə yaxşı inteqrasiya olunmuş Azərbaycan icmasının rolunu xüsusilə qeyd edib. Azərbaycana sonuncu dəfə 2000-ci ildə gəldiyini bildirən P.Teesalu paytaxtımızda müşahidə etdiyi dəyişiklik və inkişaf haqqında xoş təəssüratlarını bölüşüb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən X.Xələfov Avropa İttifaqında bu məsələyə münasibətdə ikili standartlara yol verildiyini, sözügedən münaqişənin regionda sülhə və təhlükəsizliyə ciddi təhdid yaratdığını bildirib. Aİ-nin bütün mövcud münaqişələrə münasibətdə vahid yanaşma göstərməsinin zəruriliyini xüsusilə qeyd edən nazir müavini münaqişənin həllinin yalnız işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi ilə mümkün olduğunu vurğulayıb.
Azərbaycanın Estoniya üçün vacib tərəfdaş olduğunu bildirən qonaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmasına dair ölkəmizin mövqeyinin anlaşma ilə qəbul olunduğunu bildirib. P.Teesalu estoniyalı iş adamlarına işğal olunmuş Azərbaycan torpaqlarında hər hansı biznes fəaliyyətindən çəkinmələrinin tövsiyə olunduğunu xüsusilə vurğulayıb.
Birinci Avropa Oyunlarının keçirilməsində ölkəmizə uğurlar arzulayan P.Teesalu 50-dək estoniyalı idmançının yarışlarda iştirakının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Görüş zamanı qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Amma maraqlıdır nədən bu gün beynəlxalq təşkilatlar Dağlıq Qarabağ probleminə görə haqları pozulmuş yüz minlərlə insanın taleyinə biganə yanaşırlar?. Bununla bağlı "Unikal"a açıqlama verən araşdırmaçı-jurnalist Aqil Ələsgər deyib ki, bu suala adətən belə cavab verilir ki, Qərb Azərbaycana qarşı ikili standartlı siyasət yürüdür:" Xristian təəssübkeşliyi edir və s. Doğrudur, ancaq bu bizi yolumuzdan döndərməməlidir. Beynəlxalq təşkilatlar ikili standart yürütdüyünü deyirik, fəqət bu işdə öz qüsurlarımızı demirik. Öncəliklə, biz daxildə və xaricdəki təbliğat formalarını düzgün müəyyənləşdirməliyik. Biz daxildə deyəcəyimizi xaricdə, xaricə ötürüləcək mesajları isə öz insanımıza ötürürük. Acı da olsa, fakt budur. Lobbiçilik hansısa senatorun hesabına qonorar köçürüb, əlinə oxuması üçün bəyanat tutuşdurmaqla yekunlaşmır. Senator səndən pul alır, sənin xeyrinə danışır, sabah o birindən alıb, tam əksini söyləyəcək. Əsas odur ki, xaricdə bu sahədə işləyəcək adamları düzgün seçib, onlara dəstək olunsun. Bəzən şəxsi dostluqlar bu məsələdə aylarla üzərində işlənən proqramdan daha böyük fayda verir. Bu baxımdan Leyla xanım Əliyeva və Tale Heydərovun şəxsi təşəbbüsləri ilə əldə etdikləri nəticənin yüzminlərlə vəsait xərclənən proyektlərdən daha önəmli olduğunu qeyd etmək lazımdır. Yəni, Avropa və beynəlxalq təşkilatlarla işlər düzgün qurularsa, nəticə heç də bizim əleyhimizə olmayacaq". Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov da məsələyə maraqlı yanaşma etdi:" Mən bu barədə mətbuatda öz mövqeyimi bildirmişəm. Burda bir yox bir neçə məqamlar var. Əvvəla onu deyim ki, çox təəssüf ki, hələ də dünyada erməni lobbisi ilə hesablaşan, daha doğrusu qidalanan təşkilatlar var. Bu təşkilatlar da birmənalı şəkildə erməni maraqlarına xidmət edirlər. İkinci bir səbəb isə din faktorudur. Dünyada rəsmi də olmasa qeyri-rəsmi şəkildə dinlərin qruplaşması var. Dünyada, xüsusən də Yaxın Şərqdə baş verən son olaylar bir daha onu göstərdi ki, xristianlar müsəlmanların sayının durmadan artmasından bərk narahatdırlar. Bu mənada müsəlman ölkələrinə qarşı təzyiqlərin artması normal qarşılanmalıdır.Üçüncü səbəb ondan ibarətdir ki, Azərbaycan nəinki regionda, hətta MDB ölkələri arasında öz iqtisadi və siyasi gücünə görə liderlər sırasındadır. Bu gün regionda Azərbaycanın xeyir-duası olmadan heç bir layihə reallaşa bilməz. Bu da təbii ki, bəzi qurumları narahat edir. 4-cüsü isə bilirsiniz ki, bəzi "qondarma" beynəlxalq təşkilatlar birbaşa maddi maraqlara işləyirlər. Onların hər hansı ciddi nüfuzundan danışmaq sadəlövlük olardı. Bu təşkilatlar qrant aldıqları mənbələrin mövzuları üzrə fəaliyyət göstərirlər. Bu layihələrin arasında isə sözün hər mənasında haqq-ədalətdən danışmaq qeyri-mümkündür. Dağlıq Qarabağ problemi isə bu donorlar tərəfindən birmənalı şəkildə müsbət tərəfdən maliyyələşdirilmir".
Eyni zamanda müsahiblərimizə "nədən insan haqları mövzusu gündəmə gələndə münaqişələrə görə haqları pozulmuş insanları yox, daha çox hansısa jurnalistin hüquqları haqqında düşünür beynəlxalq qurumlar?"-sualı ilə müraciət etdik. Aqil Ələsgər"Bu məsələdə də şəxsi münasibətlər ciddi rol oynayır. Məsələn, Avropanın üzərində dayandığı siyasi məhbusların əksəriyyətinin Qərb təşkilatları ilə şəxsi münasibətləri var. Bu səbəbdən də hansısa OMON-çunun illərlə məhbəsdə qalması avropalını o qədər də maraqlandırmır, ancaq iş gördüyü, işbirliyində olduğu insanı azadlıqda görmək istəyir. Münaqişələrə görə, hüquqları pozulmuş insanlara gəlincə, onların təbliğatı düzgün qurulsa, onlara da laqeyid qalınmayacaq. Ancaq dediyim kimi, fərdlərin üstünlüyü ondadır ki, onlar zamanında bu əlaqələri qurublar və indi ondan istifadə edirlər".Səbuhi Abbasov:" Əslində məsələ tam başqadır. Bu təşkilatlar durmadan bəyan edirlər ki, Azərbaycanda insan haqları pozulub, QHT-lər demək olar ki, yoxdur, hətta biraz da irəli gedərək heyvan haqlarının pozulduğunu bəyan etdilər. Lakin ABŞ-da irqi ayrıseçkiliklə və Almaniyada Frankfurt hadisələrindən sonra hər şey tam çılpaqlığı ilə üzə çıxdı. Bu mənada mən Danimarkada "adət-ənənə" olaraq yüzlərlə delfinin qətlə yetirilməsini də xüsusilə vurğulamaq istəyirəm. Bu hadisələr bir daha onu göstərdi ki, hər bir ölkə demokratiyaya öz pəncərəsindən baxır. O təşkilatların ölkəmizdə 5-10 hürənləri var ki, onlardan da bəziləri ciddi qanun pozuntusuna görə həbs olunublar. Bu da onların Azərbaycanla bağlı olan planlarını demək olar ki, alt-üst etdi. O təşkilatlar Azərbaycan cəmiyyətinin ab-havasını, xalq-dövlət münasibətlərini çox gözəl analiz ediblər. Və bilirlər ki, bu birliyi sarsıtmaq, ölkədə fəaliyyət göstərən jurnalistlər və QHT-lər arasında öz dövlətini, şərəfini, milli maraqlarını satanları demək olar ki, tapmaq mümkün olmayacaq. I Avropa Oyunlarının isə Bakıda keçirilməsi bu istiqamətdə onları daha çox təşvişə salıb. Əks halda Gürcüstanda 200-ə, Ermənistanda 300-ə yaxın siyasi məhbus olduğu halda Azərbaycanla bağlı ciddi etiraz bəyanatları qəbul etməzdilər. Onlar çox gözəl başa düşürlər ki, dünya Azərbaycanda toplansa onların bu günə qədər ölkəmizlə bağlı qəbul etdikləri bütün qətnamələr fiaskoya uğrayacaq. Ona görə biz daha diqqətli və ayıq-sayıq olmağa məcburuq. Hesab edirəm ki, aprel-may ayları bizimçün böyük sınaq olacaq".
Digər Xəbərlər
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40
2024-12-20 20:16:32
2024-12-20 18:59:55
2024-12-20 18:53:55
2024-12-20 16:42:00
2024-12-20 16:20:59
2024-12-20 12:22:21
2024-12-20 11:10:26
2024-12-20 11:02:21
2024-12-20 09:42:13
2024-12-19 23:07:49
2024-12-19 22:44:15
2024-12-19 21:51:33
2024-12-19 20:28:29
2024-12-19 19:52:17
2024-12-19 19:01:52
2024-12-19 18:28:50
2024-12-19 18:09:38