Mütəxəssis: "Hipofiz adenoması infarkta, korluğa da səbəb olur"
11:14 03-04-2015
SİYASƏT
Mütəxəssis: "Hipofiz adenoması infarkta, korluğa da səbəb olur"
"Hipofiz vəzinin şişləri xoş və bədxassəli olur. Əksərən bu vəzin xoşxassəli adenomalarına rast gəlinir. Ümumiləşdirərək deyə bilərik ki, hipofiz adenomaları xoşxassəli törəmələrdir"
Bunu beyin-sinir cərrahiyyəsi uzmanı Tural Rəhimli deyib. Mütəxəssis bildirib ki, endokrin vəzi olan hipofiz vəzinin orqanizmdə əlahiddə funksiyası var. Hipofiz vəzi vücuddakı bütün endokrin vəzlərin dirijoru kimi çıxış edir, kontrolunu əlində saxlayır, bütün endokrin prosesləri tənzimləyir.
Adenomaların fərqli növlərinin olduğunu açıqlayan cərrahın sözlərinə görə, bu şişlərin yaranma səbəbləri ilə bağlı nəzəri olaraq yanaşmalar var: "Şişlərin hansı səbəbdən yarandığı o qədər də məlum deyil. Orqanlarda olan funksiya pozğunluğu nəticəsində hipofizdə şişin yaranması mümkündür. Çox olmasa da, yaranmasında genetik faktorun da rolu var".
T. Rəhimli deyib ki, makro adenomaların 10 santimetrə qədər böyüməsi mümkündür. Ancaq xüsusi bir əlamət olmadıqda xəstə bunun fərqinə çox gec də vara bilər. İki, ya üç millimetrlik kiçik adenomalar isə ciddi dramatik dəyişikliklər törətmək qabiliyyətinə də malik olur: "Ona görə də adenomanın nə qədər funksional olub-olmadığı mühüm əhəmiyyət kəsb edir. Adenoma funksional olmadıqda yalnız çox böyüyəndən sonra fərqli şikayətlər verə bilər".
Onun sözlərinə görə, bir sıra hallarda ölçüsü böyük olsa belə adenomalar əməliyyat olunandan sonra xəstənin həyatında heç bir iz qoymaya, tamamilə sağala, problem aradan qalxa bilər: "Amma kiçik dediyimiz, erkən simptom verən, funksional adenomaların əməliyyatı isə istənilən nəticəni verməyə bilir".
Mütəxəssis həm də bu səbəbdən problemlə əlaqədar həkimlərə çox tez müraciət olunmasının vacib sayıldığını bildirib: "Nə qədər tez müraciət olunsa, nəticə bir o qədər yaxşı olar".
Neyrocərrah deyib ki, bəzən xəstələr problemin olduğunu bilənə qədər destruktiv proses baş verir.
Adenomaların simptomları barədə danışan həkimin sözlərinə görə, görmənin anidən itməsi, çəpgözlün yaranması, burnun, ayağın, əlin böyüməsi, süd vəzindən axıntının olması, menstrual tsiklin pozulması, xüsusi olaraq gövdədə çox piylənmə və s. halları buraya aid etmək olar: "Belə hallar varsa, mütləq endokrinoloqa müraciət olunmalıdır.
Bəzən üzdə, əl-ayaqlarda böyümə baş verir, xəstələr isə bunun adi hal olduğunu düşünürlər. Yaxşı olar ki, bunlar aşkarlanan kimi həkimə getsinlər.
Ancaq elə hallar da olur ki, orqanlarda böyümə prosesinin fərqinə tez varılsa, həkimə tez müraciət olunsa da, aparılan müalicələr nəticəsində böyümüş orqanın kiçilməsi, geriləmə prosesi baş vermir.
Bəzən xəstə zahiri böyümənin də fərqinə varmır. Elə anadan belə doğulduğunu zənn edirlər.
Bir məqamı da nəzərə almaq lazımdır ki, burunun, ayağın, əlin böyüməsi o qədər də önəmli olmaya bilər. Çünki bir sıra hallarda bu orqanlar nə qədər böyüsə də, həyati təhlükə yaratmır. Ancaq daxili orqanlarda böyümə böyük həyati təhlükə yaradır. Böyümə hormonu bütün orqanlara təsir etdiyi üçün daxili orqanların hamısında böyümənin olması mümkündür. Bu, patoloji haldır. Bütün daxili orqanlarda, o cümlədən ürəkdə böyümənin olması mümkündür. Toxumalarda hipertrafiya getdiyi üçün ürəkdə də böyümə yaranır və bu, infarkta da səbəb olur. Yəni ürək böyüdüyü üçün funksiya zəifləyir və xəstə birdən-birə anidən ölə də bilər. Bir sözlə, daxildə gedən, gözlə görünməsi mümkün olmayan proseslər daha dramatik sonluqla nəticələnə bilir.
Xəstələr bəzən erkən müraciət edir, görülən tədbirlər nəticəsində problem həll olunsa da, zahiri böyümə geriləmir. Geriləmənin tamamilə olması mümkün olmur".
Onun sözlərinə görə, hipofiz adenoması nəticəsində bağırsaqlarda hiperplaziya və xərçəngin də yaranması mümkündür: "Adenoma nəticəsində bağırsaqda qanama da yarana və bu, başqa bir problem kimi müalicə oluna bilər".
T. Rəhmli adenomanın eyni zamanda tiroid vəzində də bir sıra problem yaratdığını qeyd edib.
Mütəxəssis qeyd edib ki, daxili orqanlarda problemlər olduğu halda bunun hipofiz problemi ilə əlaqədar yaranması ehtimalını da nəzərdən qaçırmaq olmaz: "Bir çox hallarda ən sonda endokrinoloqa müraciət edilir, bəzən uzun müddət sonra problemin hipofiz, adenoma ilə bağlı olduğu aşkarlanır.
Çox fərqli şəkildə kök olan qadınlar var. Bədənin digər hissələri normal olduğu halda, orta hissədə kökəlmə müşahidə olunur.
Təbii ki, onlar ilk olaraq bunun dietik problem olduğunu düşünürlər. Və illərlə dieta saxlayırlar. Sonda məlum olur ki, kökəlmə problem hipofiz adenoması, kuşinq problemi ilə bağlı ortaya çıxıb. Təəssüf ki, bizim əhali arasında tibbi məlumatlılıq o qədər də ürəkaçan deyil. Ona görə də həkimə çox gec müraciət olunur".
T. Rəhimli bir sıra hallarda adenoma probleminin gec aşkarlanmasında mütəxəssislərin də rolunun olduğunu, bu ehtimalın nəzərdən qaçırıldığını, xəstələrin vaxtında endokrinoloqa yönləndirilmədiyini vurğulayıb:
"Bəzən həkimlər bu problemə fərqli, yanlış yanaşırlar. Prolaktinoma - süd vəzi hormonu pozğunluğu olan insan endokrinoloqa müraciət etməlidir təbii ki. Ancaq bəzən bu problemi olan qadını illərlə ginekoloqlar müalicə edir.
Tutaq ki, qadın ana olmaq istəyir, prolaktinoma yüksək olandan sonra mayalanma baş vermir, sonsuzluq problemi ortaya çıxır. Qadın illərlə müalicə olunur, nəticə olmur. Çünki yanlış analizlər verir, yanlış müalicə olunurlar. Müalicə standartından kənara çıxanda isə təbii ki, ciddi fəsadlar yaranır. Yanlış müalicənin nəticəsi olmur.
Kuşinq problemindən əziyyət çəkən, hipofiz vəzi ilə bağlı problemi olanlar ilk növbədə endokrinoloqa müraciət etməlidirlər. Əgər onlar başqa sahənin həkimlərinə müraciət ediblərsə, həmin mütəxəssislər deməlidirlər ki, endokrinoloqun müayinəsindən keçmək gərəkdir. Nəzərə almaq lazımdır ki, xəstəni doğru sahənin mütəxəssisinə yönəltmək həyat qurtarır".
Neyrocərrah daha sonra qeyd edib ki, mikro adenomaların əksəriyyəti dərman müalicəsinə tabe olur: "Bu adenomaların əksərinin dərmanla tamamilə müalicəsi mümkündür. Ancaq müalicə doğru aparılmalıdır".
Adenomalar nəticəsində görmənin qəflətən itməsi barədə danışan neyrocərrah deyib ki, adenoman yuxarıya doğru inkişaf edirsə, görmə sinirinə, yanlara doğru böyüyürsə, hərəki sinirlərə təsir edir. Adenomalar yuxarı böyüyürsə, korluq, yana doğru böyüyəndə çəpgözlük yaradır: "Erkən müdaxilə ilə görmədə yaranan problemi aradan qaldırmaq mümkündür. Görmə itəndən az sonra mütəxəssisə müraciət olunsa, onu bərpa etmək olur. Adenoma cərrahiyyə əməliyyatı ilə çıxarılandan sonra xəstə tam, normal şəkildə görə bilir. Yox, əgər problem illərlə davam edibsə, təbii ki, görmənin bərpası mümkün deyil".
"Xoşxassəli şişin bədxassəli şişə çevrilməsi mümkündürmü" sualına cavab olaraq həkim deyib ki, bu hal demək olar ki, baş vermir. Onun sözlərinə görə, bəzi adenomalar əməliyyat olunan zaman qalıq qalarsa, sürətlə böyümənin olması mümkündür.
T. Rəhimli qeyd edib ki, hipofiz adenomalarının bəzi növləri zamanı bəzən bir deyil, bir neçə cərrahiyyə əməliyyatının aparılması lazım gəlir.
Hipofiz vəzi başda, beyninin tam ortasında yerləşdiyi üçün onun baş ağrısı yaratması, elə bir əlamətinin olması barədə suallara aydınlıq gətirən mütəxəssis adenomalar zamanı baş ağrılarına çox nadir hallarda rast gəlindiyini bildirib: "Bəzən adenoma çox böyük olanda basqı, təzyiq olur deyə başda ağrı yaranır. Amma adenomalar əksər hallarda baş ağrısı vermir".
Digər Xəbərlər
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40
2024-12-20 20:16:32
2024-12-20 18:59:55
2024-12-20 18:53:55
2024-12-20 16:42:00
2024-12-20 16:20:59
2024-12-20 12:22:21
2024-12-20 11:10:26
2024-12-20 11:02:21
2024-12-20 09:42:13
2024-12-19 23:07:49
2024-12-19 22:44:15
2024-12-19 21:51:33
2024-12-19 20:28:29
2024-12-19 19:52:17
2024-12-19 19:01:52
2024-12-19 18:28:50
2024-12-19 18:09:38