Bakıda göydələn tikən MTK-lar sakinlərin hüququnu necə pozur?
13:21 04-04-2015
SİYASƏT
Bakıda göydələn tikən MTK-lar
sakinlərin hüququnu necə pozur?
MTK-lar sakinlərdən xəbərsiz təşkilat yaradaraq, qanunsuz kommunal haqlar müəyyənləşdirir, sakinlərdən yüksək haqq yığır
Bakıda göydələnlər inşa olunandan indiyədək həmin binalarda ev alan xeyli sayda vətəndaş var ki, pozulmuş hüququnun bərpası üçün aylarla məhkəmələrə gedib-gəlməli olub. Yeni tikilən binalarla bağlı vətəndaşların hüquqlarının pozulması halları isə müxtəlif cürdür.
Kimi binanın özülü yeni qazılanda müəyyən məbləğ ödəsə də, bina inşa olunub başa çatandan sonra ona çatacaq mənzilə sahib ola bilmir, kimisi də aldığı mənzilin bir neçə sahibinin ortaya çıxması ilə əlaqədar məhkəmələrə müraciət edir, kimisi isə yeni binadan aldığı evin sahəsinin ödədiyi məbləğlə tərs mütənasib olması üçün də pozulmuş hüququnun bərpasına çalışır. Qısaca desək, göydələndə, yeni tikilmiş binada ev alan hər sakinə bəxtəvər adı qoyanlar çox olsa da, onların heç də hamısına təzə binada yaşamaq elə də asan başa gəlmir. Amma sən demə problem bununla bitmirmiş . Yeni inşa olunan binalarda yaşayanların dediyinə görə, Mənzil Tikinti Kooperativləri (MTK) yeni binalarda yaşayan sakinlərin hüququnu onlar evə köçdükdən sonra da pozmaqda davam edirlər. Belə ki, yeni binada yaşayan sakinlərin sözlərinə görə, onların aylıq ödədiyi kommunal haqlarla, bir ay şəhərdə kirayə ev tutub qalmaq daha sərfəlidir. Belə ki, MTK-lar sakinlərin hüququnu pozaraq hər ay məcburi onlardan istilik və isti su ilə təminata görə özlərinin müəyyənləşdirdiyi tariflə ödəniş tələb edirlər. Məsələn, Bakıda yeni binada yaşayan sakin deyir ki, hər ay işıq, su, qaz pulunu sayğaca uyğun dövlətə ödəməkdən əlavə, MTK-ya qışda binaya istilik verdiyinə və isti su təminatına görə yaşadığı evin sahəsinə görə hər kv-a 48 qəpik ödəyir. Sakin Məmmədova Şəlalənin sözlərinə görə, üç otaqlı, sahəsi 150 kv olan evə qışda əlavə 72 manat pul ödəyir. Hansı ki, köhnə binalarda bu pul evin sahəsinə görə yox, adambaşına ödənilir: "Qışda 150 kv-lik evə işıq, su, qaz, lift pulundan əlavə 72 manat ödəyirik. Bu pulu kim müəyyənləşdirir bilmirik. Dövlətin belə tarifi yoxdur. Amma MTK-lar sakinlərdən məcbur alırlar. Verməyəndə də istiliyi, isti suyumuzu kəsirlər".
Bu problemi bu gün Bakıda yeni binadan ev alan sakinlərin demək olar ki, mütləq əksəriyyəti yaşayır. Bina sakinlərindən MTK-lar özləri müəyyənləşdirdiyi tariflə istilik və isti su, təmizlik üçün pul tələb edirlər. Qanunsuzluq isə bu tarifin MTK-lar tərəfindən müəyyənləşdirilməsidir. Hətta iş o yerə çatıb ki, yeni tikililərdəki kommunal haqlarının bahalığı üzündən təzə binadan ev alanların əksəriyyəti yeni mənzilini satıb köhnə binadan özünə ev alıb.
Yeni binalarda yaşayan sakinlərin bu problemini araşdırmaq üçün "Unikal" qəzeti şişirdilmiş kommunal haqların haradan qaynaqlandığını, hansı əsasla alındığını araşdırıb. Bu məqamda həm də MTK-ların bir sıra fırıldaqlarının, sakinləri aldadaraq onların razılığı olmadan təşkilat yaratdıqları da ortaya çıxıb.
Öncə yeni göydələnlərin sahiblərinə, MTK-nə ünvanladıq. Müraciət etdiyimiz tikinti şirkətlərindən əksəriyyəti bu sualımızı cavablandırmaqdan yayınsa da, müştəri kimi müraciət etdiyimiz tikinti şirkətlərindən bu məsələyə aydınlıq gətirəni oldu.
Yeni göydələn tikən şirkətlərin bir necəsinin satış şöbəsinin rəhbərləri ilə söhbət zamanı öyrəndik ki, təzə binalarda əlavə kommunal haqların məbləği burada sakinlərə göstərilən xidmətlərin sayına uyğun dəyişir: "Tikinti şirkətləri binanı tikib mənzilləri kvadrat metrlə sakinlərə satır. Binadakı yaşayışa başlanılandan sonra həmin sakinlərə bir sıra kommunal xidmətlərin göstərilməsinə ehtiyac yaranır. Əlbəttə ki, binanın zibilini daşımağa, həyətini bloklarını süpürməyə, liftini təmir etməyə, mühafizəsini təşkil etmək ücün işcilər götürülməlidir. Həmin işcilərə isə maaş verilməlidir. Biz binanın sakinləri ilə danışıb bu işləri öz öhdəmizə götürürük. Sadalanan xidmətlərin binaya, bina sakinlərinə göstərilməsi ücün işci tapırıq. Həmin işcilərin maaşını isə bina sakinlərinin, o xidmətlərin qarşılığında ödədikləri kommunal haqqlarla veririk".
Bəs həmin kommunal xərcləri kim müəyyənləşdirir sualımıza isə, tikinti şirkətləri belə cavab verdi: "Biz sakinlərlə əvvəlcədən danışıb bütün bu xidmətlərin göstərilməsi ücün ayda mənzilin sahəsinə görə onlardan müəyyən rüsum alınacağını bildiririk".
Adının çəkilməsini istəməyən həmsöhbətlərim olan tikinti şirkətlərinin satış şöbələrinin rəislərinin dediyinə görə, bu məbləğ kvadratmetrə görə 40-50 qəpik arasında dəyişir.
Apardığımız kicik araşdırmadan üzə cıxdı ki, yeni binalarda bir sıra xidmətlərə görə kommunal haqların mənzilin sahəsinə uyğun alınması xəbəri və bu məbləğin MTK-lar tərəfindən müəyyənləşdirilməsi barədə deyilənlər doğrudur. Bəs görəsən göstərilən kommunal xidmətlərin qarşılığında mənzilin sahəsinə uyğun olaraq rüsumun MTK-lar tərəfindən müəyyənləşdirilməsi nə dərəcədə qanuna uyğundur?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, hər bir kommunal xidmətlərə görə verilən haqqlar fərqlidir və onları dövlət tənzimləyir, hər hansı MTK və MİS yox: "Qiymətlər aşağıdakı kimidir: "Su (tullantı, çirkab suları isə 6 qəpik) – 30 qəpik (1 m3 üçün), Enerji (pərakəndə satış qiyməti) – 6 qəpik (1 kv üçün),Qaz (pərakəndə satış qiyməti) – 10 qəpik (1 m3 üçün)
Mənzil haqqı (tam kommunal təminatlı mənzil üzrə) -- 2 qəpik (1 kv.m. yaşayış sahəsi üçün 1 ayda). Qismən kommunal təminatlı, yarızirzəmi və kommunal tipli mənzillər üzrə -- 1 qəpik (1 kv.m. yaşayış sahəsi üçün 1 ayda) Liftin istifadəsi üzrə ödəniş -- 20 qəpik (qeydiyyatda olan hər nəfər üçün 1 ayda)".
E. Hüseynovun sözlərinə görə, bu tariflərin xaricində kommunal tariflər müəyyənləşdirmək istehlakçı hüququnun pozulmasıdır. E. Hüseynov deyir ki, hər hansı MTK və MİS bu xidmətləri yeni binada yaşayanlara təklif edə bilər. Amma bu məsələdə mütləq bina sakinlərinin razılığı olmalıdır. Binadan mənzil alan sakinlərlə müqavilə bağlayanda binanın saxlanılması ücün hansı xidmətlərin göstəriləcəyi və bunun qarşılığında nə qədər haqqın alınacağı barədə müştəriyə məlumat verilməlidir. Lift, zibil, kanalizasiya pulu tariflərdə göstərildiyi qiymətlərlə, mühafizə və sair xidmətlərin qiyməti isə sakinlərlə razılaşdırılmış şəkildə olmalıdır. Əks halda bu qanun pozuntusu sayılır".
Yeni binalarda yaşayan sakinlər isə MTK və MİS-lərlə nəinki belə bir müqavilənin bağlanıldığını, hətta ödədikləri kommunal haqların qəbzinin belə onlara verilmədiyini söyləyirlər. Millət vəkili Vahid Əhmədov bunun tam qanunsuz olduğunu söyləyir. Millət vəkili deyir ki, məişət tullantılarının daşınması, lift pulu ücün adambaşına tariflər var. Yeni tikililər ücün yeni tariflər müəyyənləşdirilməyənə qədər sakinlərdən artıq məbləğin alınması qanunsuzdur: "Əgər yeni tikililərdə yaşayanların belə bir problemi varsa Milli Məclisə məktubla müraciət etsinlər".
Əmlak Bazarı üzrə ekspert Nüsrət Qasımov isə yeni "Mənzil Məcəlləsi"nin MİS-lərə belə bir səlahiyyət verdiyini söyləyir. Ekspert deyir ki, bu qanunun 138.5. maddəsinə görə, "Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilə bilər":
"Yeni binadan mənzil alan hər bir vətəndaş bilməlidir ki, həmin binada kommunal xidmətləri mənzili ona satan, yəni binanı tikən MTK göstərə bilməz. Cünki qanunla bina tikilib istifadəyə verilirsə həmin MTK 6 ay müddətində ləğv edilir. "Mənzil Məcəlləsi"nin yuxarıda qeyd etdiyim bəndində göstərilir ki, özəl mənzillərin yerləşdiyi binalardakı mənzillər tamamilə özəlləşdikdən sonra mənzil sahibləri istədikləri təmir-tikinti təşkilatları, şirkət və birliklərlə müqavilə bağlaya bilər və özləri birləşib belə bir təşkilat yaradaraq lazımi kommunal xidmət göstərə bilər".
Hazırkı vəziyyətdə isə ekspert MTK- ların yeni binalarda yaşayanları aldatdığını söyləyir. Onun sözlərinə görə, mənzili satarkən tikinti şirkəti binanın saxlanılması ücün onlardan aylıq müəyyən haqqın yığılacagı barədə müştərini xəbərdar etməlidir: "Və həmin xidməti göstərəcək MİS-lə vətəndaşı tanış edib onun göstərdiyi xidmətlərin preyskurantını müqavilə şəklində müştəriyə təqdim etməlidir. Belə halda yeni binadan mənzil alan vətəndaş ona göstəriləcək xidmətlərin qarşılığında hansı məbləği ödəyəcəyini öyrənmiş olur. Qeyd edim ki, həmin MİS-in bu qiyməti kor-koranə binadakı sakinlərin xəbəri olmadan əsaslandırmadan müəyyənləşdirməyə ixtiyarı yoxdur. MİS binadakı vətəndaşlara əsaslandırmalıdır ki, zibil pulu 5 manat olmasa o zibilin daşınması ücün xərci qarşılaya bilməyəcək. Binada xidmət göstərəcək bütün işcilərin maaşı, yığılan kommunal haqların hesabatı şəffaf aparılmalıdır. Cox təəssüf ki, MİS-lər bunu gizlincə edir. Binanı tikən təşkilat formal olaraq belə bir MİS yaradır. Xəlvəti də kommunal xidmət haqqı müəyyənləşdirir. Hətta bəzən bu barədə mənzil satdığı vətəndaşla müqavilə belə bağlamır. Ayın sonu isə binadakı sakinlərin qapısına gedib əlavə kommunal xidmət haqqı istəyir. Təbii ki, belə halda vətəndaş bu məbləğin haradan yarandığından təəccüblənir. Cünki onun bu məsələdən xəbəri yoxdur".
O ki qaldı kommunal haqların yeni tikilidə adambaşına deyil, mənzil sahəsinə uyğun hesablanmasına, ekspert deyir ki, qanunda da göstərilib ki, kooperativ tikililərdə bu məbləği binadakı vətəndaşların üzvlüyü ilə yaradılan MİS və yaxud hər hansı bir qurum müəyyənləşdirir. Yəni vətəndaşın xəbəri olmadan tikinti şirkətinin hər kv metrə görə 20 qəpik müəyyən etməsi düzgün deyil.
Bakı 1 nömrəli Hüquq Məsləhətxanasından bizə bildirdilər ki, ümumi istifadə olunan kommunal xidmətlər qanunla tənzimlənmir: "Yaşayış sahələrindən istifadə haqqı Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli qərarına görə müəyyən edilir. Həmin qərara görə, özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin (binaların) saxlanılması üçün xidmət haqqı 1 kv.m. yaşayış sahəsi üçün bir ayda 1,5 qəpik, tam kommunal təminatlı mənzillər üzrə yəni dövlət mülkiyyətində olan mənzillər üzrə bir ayda 2 qəpik müəyyən edilir. Lakin burada yeni tikilmiş binalarda mənzildən istifadə haqqı müəyyən edilməyib. Məlumdur ki, həmin binalar tikildikdən sonra dövlət balansına verilir. Əgər həmin binaların sakinləri ilə mənzil tikinti kooperativi arasında bağlanmış müqavilədə mənzildən istifadə ilə bağlı hər hansı haqq müəyyən eidlməyibsə o zaman vətəndaş Nazirlər Kabinetinin adı qeyd olunan qərarına görə xidmət haqqı ödəməlidir. Deməli MİS-lərlə aralarında komunal haqlara görə müqavilə bağlanmayan yeni tikililərin sakinləri xidmət haqlarını Nazirlər Kabinetinin bu qərarındakı tariflərə uyğun ödəyə bilər".
Digər Xəbərlər
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40
2024-12-20 20:16:32
2024-12-20 18:59:55
2024-12-20 18:53:55
2024-12-20 16:42:00
2024-12-20 16:20:59
2024-12-20 12:22:21
2024-12-20 11:10:26
2024-12-20 11:02:21
2024-12-20 09:42:13
2024-12-19 23:07:49
2024-12-19 22:44:15
2024-12-19 21:51:33
2024-12-19 20:28:29
2024-12-19 19:52:17
2024-12-19 19:01:52
2024-12-19 18:28:50
2024-12-19 18:09:38