Milli Şuranın mitinqinə qiymət verildi
09:35 07-04-2015
İQTİSADİYYAT
Milli Şuranın mitinqinə qiymət verildi
Məlum olduğu kimi, Milli Şura 5 apreldə növbəti mitinqini keçirdi. Rəsmi məlumata görə, aksiyada 500 nəfərə qədər adam iştirak edib. Polis həm də aksiyada "radikal dini qrupların" olduğunu iddia edib.
Bakı Şəhər Baş Polis İdarəsindən "Unikal"a verilən məlumata görə, saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların, bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının və bəzi radikal dini qrupların ümumi sayı 500 (beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib. Aksiyanın təşkilatçıları isə bunun əksini idda edərək, mitinqdə 10 min nəfərin iştirak etdiyini bildirib.
Bu barədə "Unikal"a açıqlama verən Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib ki, bu mitinqlər ictimai narazılıqları bir qədər qabaqlayır: "Qiymət artımı və digər problemlərlə bağlı olaraq, etiraza meyl var, lakin insanların meydana çıxması üçün bu yetərli deyil. Mitinqlərin kütləvi alınması üçün insanlara baş verən proseslərin alternativi izah olunmalıdır. Həm də işini itirənlər, bahalaşma ilə qarşılaşanlar hələlik əllərində olan ehtiyatlardan istifadə edə bilirlər. Ona görə də tərəddüd içərisindədirlər".
ADP sədrinin müavini Taliyət Əliyev "Unikal"a açıqlamasında bildirib ki, bu gün cəmiyyətdə manatın dollara nisbətən ucuzlaşmasından sonra narazılıqlar var. Onun sözlərinə görə, paradoksal haldır ki, həmin problemlərlə bağlı aksiya keçirilir, əhalinin 0,1 faizi həmin aksiyaya qatılmır: "Bu onu göstərir ki, cəmiyyət ifrat dərəcədə apolitik vəziyyətdədir, insanlar öz taleyinə biganədir. Misal üçün əgər həmin meydanda hansısa müğənni pulsuz konsert versəydi, inanın ki, orda insanlar iştirak etməkdən ötrü özlərini "fəda" edərdilər. Hesab edirəm ki, bu problemin dəqiq diaqnozunu müstəqil sosioloji mərkəzlər cəmiyyət arasında sorğu keçirməklə üzə çıxara bilər".
Eks-spiker aprelin 5-də Milli Şuranın keçirdiyi mitinqlə bağlı fikirlərini "Unikal"la bölüşərkən deyib ki, mitinqlə əlaqədar mənim verdiyi proqnoz düz çıxdı. Onun sözlərinə görə, 5 aprel mitinqi mart mitinqindən zəif oldu: "Ancaq real iş arzu ilə, gördüyün yuxularla həyata keçməz. Mitinqçi liderlər sözün tam mənasında reallıq hislərini, analiz etmək qabiliyyətlərini itiriblər. Azı 5 ildir mitinqlərdə eyni adamların iştirak etdiklərini görə bilmirlər. Hətta mart mitinqi ilə aprel mitinqlərinin şəkillərini qarşılarına qoyub eyni adamların, hətta eyni paltarla iştirak etdiklərini görmək istəmirlər. Onlara qoşulan yeni sifətlər ya yoxdu, ya da keçən dəfəkinə nisbətən xeyli azalıb. Belə bir vəziyyətdə mitinqlərin davamlı olacağını elan edirlər. Bu mitinqlər, mitinqçilər açıq-aşkar camaatın onları dəstəkləmədiyini əyani sübut edirlər".
"Unikal"ın məlumatına görə, Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Şuranın bu aksiyasına obyektiv qiymət verib. O deyib ki, Milli Şura bu gün mitinq yox, piket keçirirdi: "Ora toplaşan adamlar da təşkilatçıların qohum-əqrəbası idi. Eyni sözlər, eyni fikirlər səsləndirirdilər. Cəmiyyətə bir dənə də olsun düzgün informasiya çatdırmadılar". SiyavuşNovruzov mitinqdə səslənən fikirləri yalan və böhtan adlandırıb: "Dediklərinin hamısı yalan, Azərbaycana qarşı erməni mənbələrinin yaydığı fikirlər idi. İstər Avropa oyunları, istərsə də digər məsələlərlə bağlı yalan danışırlar. Müxalifət gərək çıxışında alternativ təklif də irəli sürsün. Onlar isə heç bir alternativ fikir irəli sürmür, ancaq demaqoqluqla məşğul olurlar. Fikirləri heç bir əsasa söykənmir. Ona görə də cəmiyyətin belə perspektivsiz, mənasız, məzmunsuz mitinqlərə heç bir ehtiyacı yoxdur".
Politoloq Zərdüşt Əlizadə Milli Şuranın aprelin 5-də keçirilən mitinqində iştirakçıların sayının az olmasının səbəblərindən danışarkən deyib ki, Azərbaycan xalqı öz dövlətinin, torpağının taleyinə biganədir. Hər şeyə biganə olan xalq üçün isə mitinqdə iştirak etmək önəmli deyil. O bildirib ki, əhaliyə "Məhsul" stadionunda pul paylandığı xəbəri verilsəydi, o zaman ora yığışanların sayı çox olardı: "Amma deyəndə ki, gəlin öz hüquqlarınızı qoruyun, bu zaman çox az adam gəlir". Zərdüşt Əlizadənin fikrincə, müxalifətin də fərqli zəkası və iradəsi yoxdur: "Müxalifət haqqında çox şey demək istəmirəm. Onu bilirəm ki, müxalifət iqtidarın idarə etdiyi bir qurumdur.Mən mitinqləri təşkil edən insanların elan etdiyi şüarlarla saf şəkildə mübarizə aparacaqlarına inanmıram. Mən Milli Şuranın sədri Cəmil Həsənlini istisna edirəm. O, əlahiddə adamdır. Amma ondan başqa orada olan şərçi insanlara inanmıram".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05