Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Çin hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırıram. Əminəm ki, Azərbaycan Sizin rəhbərliyinizlə bütün dövlət quruculuğu təşəbbüslərində yeni nailiyyətlər əldə edəcək.

Son illər Çin-Azərbaycan münasibətləri öz inkişafının nümunəvi və sabit olması ilə fərqlənir. Yüksək səviyyəli siyasi etimad mühiti yaranır, “Bir kəmər, bir yol” təşəbbüsünün birlikdə həyata keçirilməsində irəliləyiş, beynəlxalq münasibətlərdə sıx qarşılıqlı fəaliyyət müşahidə olunur.

Mən Çin-Azərbaycan münasibətlərinə böyük əhəmiyyət verirəm, bizim işgüzar münasibətlərimizi və şəxsi dostluğumuzu yüksək qiymətləndirirəm. Sizinlə birlikdə ikitərəfli münasibətlərin inkişafı və bütün sahələrdə əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsində birgə səylər göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzu edirəm.

Dost Azərbaycana tərəqqi, xalqınıza isə xoşbəxtlik və əmin-amanlıq diləyirəm".

*** 00:06

Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

"Unikal" xəbər verir ki, bu barədə o, "X"də yazıb.

"İlham Əliyevi Azərbaycanda keçirilən prezident seçkilərində əldə etdiyi qəti qələbə münasibəti ilə təbrik edirəm", - Pakistan Prezidenti qeyd edib.

A.Alvi iki ölkə arasındakı davamlı dostluq və əməkdaşlığı daha da gücləndirməyi səbirsizliklə gözlədiklərini də vurğulayıb:

"Sizin liderliyiniz tərəqqi və sabitliyə ilham verməkdə davam edir. Pakistan davamlı dostluğumuzu və əməkdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyir. Uğurlarınızın davamlı olmasını arzu edirik!".

xxx

Türkiyə XİN keçirilən Prezident seçkiləri ilə bağlı Azərbaycan xalqını təbrik edib.

"Unikal" xəbər verir ki, bu barədə nazirlik bəyanat yayıb.

"Prezident seçkilərinin qardaş Azərbaycan üçün xeyirli olmasını arzu edirik. Seçkilərin işğaldan azad edilmiş ərazilər daxil olmaqla bütün ölkədə sakit keçirilməsindən məmnunuq. Biz Azərbaycan xalqının seçki prosesi zamanı göstərdiyi sağlam düşüncəni yüksək qiymətləndiririk", - bəyanatda qeyd edilib.

xxx

23:24

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

"Unikal" xəbər verir ki, Şimali Kipr Prezidenti bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

“Azərbaycan Prezidenti vəzifəsinə seçkilərdə ilkin nəticələrə görə tarixi zəfərlə yenidən Prezident seçilən cənab İlham Əliyevi ürəkdən təbrik edir, seçkilərin nəticələrinin bütün qardaş Azərbaycana xeyirli olmasını diləyirəm”, - paylaşımda qeyd olunub.

xxx

22:18

Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Unikal" xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, möhtərəm cənab Prezident.

Sizi Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik etməkdən məmnunam. Bu qələbə Azərbaycan vətəndaşlarının Sizin liderliyinizə olan hədsiz etimadının təzahürüdür. Bununla yanaşı, bu nəticə dahi Heydər Əliyev tərəfindən qoyulmuş təməl üzərində son 20 ildə Sizin daxili, regional və beynəlxalq müstəvidə əldə etdiyiniz misilsiz nailiyyətlərə verilmiş qiymətdir.

Sizin strateji siyasətiniz və sadiqliyiniz sayəsində Azərbaycan sosial və iqtisadi inkişaf istiqamətində ciddi irəliləyişə nail olmuş, hər bir vətəndaşın təhlükəsizliyi və firavanlığı təmin edilmiş, ölkəniz regional liderə çevrilərək beynəlxalq arenada həsədaparılası nüfuza sahib olmuşdur.

Serbiya Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir və heç vaxt unutmur ki, ölkəniz həqiqi dost və həyati əhəmiyyətli maraqlarımızın müdafiəçisi olduğunu dəfələrlə sübut edib. Fürsətdən istifadə edərək, beynəlxalq hüququn prinsipləri və BMT nizamnaməsinə sadiqliyinə, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dəstəklə bağlı Azərbaycanın dəyişməz mövqeyinə görə səmimi minnətdarlığımı bildirirəm.

Məmnuniyyətlə qeyd edirəm ki, bizim siyasi, iqtisadi və humanitar sahələrdə strateji əməkdaşlığımız və əlaqələrimiz bir çox aspektlər üzrə genişlənmişdir. Mən tam əminəm ki, Sizin davamlı müdrik rəhbərliyiniz və liderliyiniz sayəsində Serbiya və Azərbaycan arasında uzunmüddətli və sıx tərəfdaşlıq qarşılıqlı maraqlar naminə güclənəcək və inkişaf edəcəkdir.
Öz növbəmizdə Sizi əmin etmək istəyirəm ki, biz bütün sahələrdə dostluq, qarşılıqlı hörmət, etimad və dəstək prinsiplərindən çıxış edərək daha da səmərəli və inkişaf edən əməldaşlığın təmin olunmasına, birgə layihə və ideyaların həyata keçirilməsinə güclü şəkildə sadiqik.

Zati-aliləri, əziz dostum, Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və əmin-amanlıq arzu edirəm".

*** 22:10

Fevralın 7-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Unikal" xəbər verir ki, İraq Prezidenti İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ölkəmizin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Telefon söhbəti zamanı Azərbaycan ilə İraq arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunaraq əməkdaşlığın genişlənəcəyinə əminlik bildirib.
 

*** 21:34

Fevralın 7-də Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Unikal" xəbər verir ki, Viktor Orban İlham Əliyevə prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Viktor Orbana minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanaraq, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.