Mərkəzi Seçki Komissiyası 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərinin nəticələri barədə protokolu müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edib.

"Unikal" xəbər verir ki, Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.

Qeyd edək ki, MSK bu gün növbədənkənar prezident seçkilərinə yekun vurub. Seçkilərdə iştirak etmiş seçicilərin 92,12 faizinin səsini (4 567 458 səs) qazanan İlham Əliyev qalib elan edilib.

17:17

Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkilərinin nəticələrinə dair protokolun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı məsələni təsdiqləyib.

"Unikal" xəbər verir ki, bu məsələ MSK-nın bugünkü iclasının gündəliyində müzakirəyə çıxarılıb.

*** 16:04

Mərkəzi Seçki Komissiyasının fevralın 11-də prezident seçkilərinin yekun nəticələri ilə bağlı iclası keçirilir.

"Unikal" xəbər verir ki, Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda 2024-cü il fevralın 7-də keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinə yekun vurulması və MSK-nın seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsi müzakirə olunur.

*** 15:58

Mərkəzi Seçki Komissiyasının növbədənkənar prezident seçkiləri ilə bağlı iclası keçiriləcək.

"Unikal" xəbər verir ki, MSK prezident seçkilərinə yekun vuraraq nəticələri Konstitusiya Məhkəməsinə təqdim edəcək.

Seçki Məcəlləsinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsini təmin etməlidir.

Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.