Növbədənkənar prezident seçkilərində namizəd kimi iştirak etmək arzusunda olan 17 nəfər subyektdən Mərkəzi Seçki Komissiyasına müraciət daxil oldu. Bu müraciətlərin 5-i siyasi partiyalar tərəfindən, 12-si isə namizədliyi özü tərəfindən irəli sürülmüş şəxslər tərəfindən idi. Biz bütün bu tərəflərə ilkin mərhələdə müsbət cavab verdik.

"Unikal" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Konstitusiya Məhkəməsinin iclasında çıxış edərkən deyib.

O qeyd edib ki, komissiyanın iclasında 17 nəfərin namizədliyi təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun lazım olan seçici imzalarının toplanması üçün həmin namizədlər imza vərəqələri ilə təmin edilmişdi. Məcəllənin tələbinə görə, 40 min imza toplamaq tələb olunurdu. Həmin 40 min imza bizim mövcud 125 dairənin 60-dan toplanmalı idi.