Müsavat Milli Şura ilə bəhsə girib mitinq keçirir
11:36 10-04-2015
İQTİSADİYYAT
Müsavat Milli Şura ilə bəhsə girib mitinq keçirir
Məlum olduğu kimi, Müsavat Partiyası da mitinq keçirmək qərarına gəlib. Artıq bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətin də müraciət olunub.
Görünən odur ki, Müsavat Partiyası Milli Şura, daha doğrusu, AXCP-dən geri qalmamaq üçün belə bir qərar verib. Məsələylə bağlı "Unikal"a açıqlama verən AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib ki, mitinq siyasi mübarizə vasitələrindən ən effektlilərindən biridir. Onun sözlərinə görə, bütün vasitələr tükənəndən sonra kütləvi aksiyalar gündəmə gəlir: "Mitinq keçirmək də məqsəd yox, vasitə olmalıdır. Bu aksiya xeyli zəhmət, təşkilatçılıq və maliyyə tələb edir. Amma Azərbaycanda mitinq keçirmək partiyaların bir növ gücünü və varlığını göstərmək üçündür. Kütləvilik və ictimai maraq az olduğundan son zamanlar keçirilən mitinqlər əks-effekt verir. Yəni bu yolla nə güc göstərmək mümkün olmur, nə də hakimiyyətə təsir etmək. Qısaca desək geniş ictimai və sosial maraq kəsb etmir".
Maraqlısı odur ki, AXCP ilə Müsavatın mitinqlərinin tələbləri də, məqsədləri də eynidir, ancaq yenə də bir araya gəlmək istəmirlər. Bunun səbəbləri barədə fikirlərini bildirən Ə.Orucov deyib ki, indiyədək keçirilən aksiyaların böyük əksəriyyəti siyasi şuarlar olduğundan və vasitə deyil məqsəd daşıdığından cəmiyyətin narazı təbəqəsini cəlb etmək mümkün olmayıb. "İnsanlar inanmırlar və öz problemlərini məqbul və qeyri-məqbul yollarla özləri həll etməyə üstünlük verir. Ona görə də partiyalar da bir yerdə aksiya keçirmək istəmirlər. Kim daha böyükdür prinsipi burda da önə keçir. Yaxşı olardı ki, müxalif düşərgə aksiyaları birgə təşkil etsinlər. Əgər kütləviliyi müəyyən qədər təmin etmək mümkün olsa, partiyalar bir yerdə aksiyalar keçirmək niyyətlərini ortaya goysalar kənar müşahidə də duranların bir qismi də bu aksiyada iştiraka meyl göstərəcəklər", - deyə AMİP yetkilisi fikrini tamamlayıb.
"Unikal"ın məlumatına görə, Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib ki, Müsavat partiyasının yürüş etmək barədə qərarı konkret və ciddi nəticələr verməyəcək. Partiya sədri bildirib ki, Müsavat Partiyası bu gün çox ağır durumda, yəni parçalanmış vəziyyətdədir: "Son qurultay Müsavat Partiyasının güclənməsinə yox, zəifləməsinə xidmət etdi və partiyaya çox ağır, sarsıdıcı zərbələr vurdu. Bu baxımdan partiyanın olub-qalan dayaqları da zədələndi. İndiki rəhbərliyə isə yetərincə etimadsızlıq var. Belə olan şəraitdə bu yürüşə çox sayda insanın qatılma ehtimalı yoxdur. Nəzərə alsaq ki, Müsavat Partiyası qurultaydan əvvəl sosial dayaqlardan məhrum olan, Bakıda ofis partiyasına çevrilmiş durumdadır". F.Ağamalının sözlərinə görə, digər bir tərəfdən isə Müsavat Partiyası "Milli Şura"nın çətiri altında mitinq keçirən AXCP ilə mövqe döyüşlərinə başlayıb: "Müsavat da çalışır ki, bu yolla radikal qanadda öz mövqelərini qorusunlar. Mitinq əvəzinə nədən yürüş? Çünki, mitinqə yığmaq üçün xeyli sayda adam lazımdır. Hesab edirəm ki, ətrafdakı insanların diqqətini cəlb edərək, ola bilsin ki, onları da özlərinə qoşmaq arzusu ilə bu taktikaya üstünlük verirlər. Bu yürüşün cəmiyyətdə ictimai-siyasi proseslərə, ictimai rəyə hər hansı bir təsirini görmürəm. Bunun konkret nəticələrini yürüş zamanı görəcəyik və əminəm ki, dediklərim öz təsdiqini tapacaq".
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev isə bildirib ki, müxalifətin təşkil etdiyi mitinq şouları heç şübhəsiz ki, onların hakimiyyət iddialarına heç bir köməklik göstərmir, əksinə bu partiyaların elektorat dinamikasının gündən-günə azalmasına səbəb olur". Onun sözlərinə görə, Müsavat partiyası Arif Hacılının gəlişindən sonra paramparça olub, AXCP -də isə gənclər artıq partiya rəhbərliyinə qarşı üsyana başlayıblar: "Artıq AXCP gəncləri də öz rəhbərlərinin siyasətini bəyənmirlər və müxalifətdə qalmaqdan yorulublar. Belə olan halda təbii ki, hər hansısa bir uğurdan, ciddi siyasi mübarizədən söhbət gedə bilməz. Müxalif partiyalar içində xüsusən də AXCP-nin əsas məqsədi müxalifətçilik monopoliyasını əldə saxlamaqdır. Bu monopoliyanı əldə saxlamaq isə həmin partiyalara böyük pullar, qrantlar vəd edir. Əli Kərimlinin "papka daşıyanları" mütəmadi olaraq xarici ölkələrə gedərək həmin qrantları götürürlər. Hətta bizdə bu məlumat da var ki, bu qrantları Gürcüstandan Azərbaycana fərdi maşınlarda keçirirlər. Əli Kərimlinin ən böyük məqsədi ona tabe olan gəncləri cinayətlərə sövq etdirərək, qanunları pozduraraq həbs etdirmək və daha sonra beynəlxalq təşkilatlara, fondlara səs-küy salaraq ölkədə qanunların pozulduğunu car çəkməkdən ibarətdir. Bu cür hallarda da onun cibinə xaricdən külli miqdarda pullar gəlir. Əli Kərimli 25 ildir dövlət orqanlarında işləmir.Özünün də dediyinə görə bizneslə də məşğul olmur.Ancaq buna baxmayaraq ölkədə heç bir məmur Əli Kərimli qədər yüksək səviyyədə yaşamır.Təbii ki, bütün o pullar keçirilən mitinqlərin nəticəsində əldə olunur. Ümumiyyətlə keçirilən həmin aksiyaların tək məqsədini pullarla, qrantlarla əlaqələndirirəm".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53