Bakının regional güc statusu böyüyür
11:38 10-04-2015
İQTİSADİYYAT
Bakının regional güc statusu böyüyür
Azərbaycan liderinin son manevrləri
Rəsmi Bakı son geosiyasi proseslər fonunda manevrlərini genişləndirir. Azərbaycan Prezidenti İlham Əliyev Şərqi Avropaya səfərinin ardınca Türkiyəyə getdi. Böyük enerji layihələrinin gələcəyini sığortalayan bu səfərlərindən sonra medianın gözlənilməz adlandırdığı Səudiyyə Ərəbistanı səfərinə çıxdı.
Azərbaycan liderinin uğurlu manevr təcrübəsi, indiyə qədər dəyişən siyasi kartların qarmaqarışıqlığında ölkənin maraqlarının qorunması və regional güc amilinin qüvvədə qalması üçün atdığı addımları yaxşı tanışdır.
Hazırda regionda siyasi kartlar olduqca qarışıq vəziyyətdədir. Aprelin 2-də 10 illik fasilədən sonra İranla "altılıq" ölkələrinin nüvə məsələsində razılığa gəlməsi buna ciddi zəmin yaratdı. Dünya enerji bazarından çıxarılmış İranın yenidən qayıtması ehtimalı gündəmə gəldi. Bu isə onsuz da uçuruma yuvarlanan neft qiymətlərinə pis gələcək vəd edir və təbii ki, dünyanı narahat edən məsələ Bakını da düşündürür. Lakin Qərb-İran savaşının bitməsi, ən azından arxa plana keçməsi Azərbaycan üçün sərfəlidir. Heç olmasa, Bakı qonşu ölkələrin mənasız şübhələri olmadan öz siyasətini davam etdirə biləcək.
Bu arada Yəməndə husilərin mərkəzi hakimiyyətə qarşı çıxması və vətəndaş müharibəsinə səbəb olan qarşıdurma ümumi proseslərə təsirsiz ötüşmədi. İranla Körfəz ölkələri, həmçinin Azərbaycanın ən yaxın müttəfiqi Türkiyə qarşı-qarşıya gəldi. Qonşu ölkə ilə müttəfiqi arasında qalmaq Bakıya sərf etmir. Digər tərəfdən, Yəmən qarşıdurmasında Rusiyanın İranın yanında olacağı ehtimalı da ümumi regionda mənfi ab-havaya yol açır. Hərçənd Qərb-İran qarşıdurmasından sonra bunun nə qədər real olduğuna şübhələr yaranıb.
Bütün hallarda bölgədə olduqca qarışıq durum yaranıb və belə bir vəziyyətdə Prezident İlham Əliyevin Körfəz səfəri diqqət çəkir.
Azərbaycan liderinin manevrləri iki amil daşıya bilərdi: iqtisadi və siyasi.
Neft qiymətlərinin düşməsi fonunda Azərbaycana ərəb kapitalı olduqca vacibdir. Siyasi bacarığı qədər iqtisadi düşüncəyə malik olan İlham Əliyev ölkəyə Qərbdən investisiya axının əvvəlki kimi olmayacağını yaxşı anlayır. Çünki böhran "Köhnə Qitə"ni onsuz da çətin vəziyyətə salıb. Belə olanda ən sərfəli yollardan biri dünyada neftin qiymətinə təsir gücünə malik ərəb ölkələridir. Güman ki, Azərbaycan Prezidenti Ər-Riyadda bu məsələni gündəmə gətirib və buna nail olduğunu da demək olar.
Hakim partiya funksioneri Siyavuş Novruzovun "Prezident Azərbaycan və Səudiyyə Ərəbistanı bankları arasında birgə fəaliyyəti ilə bağlı müzakirələr aparıb və razılıq əldə olunub. Müştərək banklar olacaq. Yəqin ki, Səudiyyə Ərəbistanı banklarının Azərbaycanda filialları açılacaq" sözləri də bunu deməyə əsas verir.
Çox güman ki, yaxın vaxtlarda dövlət başçısının Səudiyyəyə səfərinin ölkəyə gətirəcəyi iqtisadi dividentlərin şahidi olacağıq.
Azərbaycan liderinin Ər-Riyada getməsinin arxasında dayanan siyasi amillər də maraqlıdır.
Qərb-İran razılığından dərhal sonra meydana gələn ilk fikirlərdən biri belə idi: "İran Qərbin təzyiqlərini üzərindən çəkən kimi yaxın qonşularına təsir edəcək".
Bakı Tehranla daim qonşuluq siyasəti aparır və öz müstəqil siyasətini heç nəyə qurban vermir. Bu aksiomadır. Hazırda qonşu İranla yüksək səviyyəli münasibətlər də qurulub. Hərçənd vaxtilə məhz Qərb-İran qarşıdurmasından az əziyyət çəkməmişik. Buna rəğmən, regionda ayrıca güc olmaq hədəfini seçən Tehranın Azərbaycana təzyiq etməsi ehtimalı gündəmə gələ bilər və vaxtilə yaşananlar da belə bir təcrübənin olduğunu göstərir.
Azərbaycan rəhbəri müsəlman dünyasının lider ölkələrindən olan Səudiyyə Ərəbistanına getməklə Tehrana da mesaj verdi. Bu, daim qarşı-qarşıya dayanan Tehranla Ər-Riyad arasında manevr gedişi idi. Yəni, İranın mümkün təzyiqinə qarşı Körfəz antibiotiki. Hansı ki rəsmi Bakı indiyə qədər Qərb-Rusiya qarşıdurmasından öz ağıllı gedişləri ilə yayınmaq təcrübəsinə sahibdir.
Bakının Körfəz açılımı İranın Dağlıq Qarabağ münaqişəsində gizli formada Ermənistana verdiyi dəstəyin aradan qalxmasına, ən azından azalmasına səbəb ola bilər.
"Qərb-İran razılaşmasından sonra Azərbaycanın regional strateji çəkisi azalacaq" fikri də son günlərin ehtimallarından biridir. Təbii ki, bu bir qədər boşboğazlıq kimi görünür və daha çox spekulyativ xarakterlidir. Lakin rəsmi Bakının Ər-Riyadla yaxınlaşması avtomatik olaraq bu ehtimalı da aradan qaldırır. Çünki bu fikri irəli sürənlərin prizmasından baxsaq, Azərbaycan ABŞ üçün İrana mümkün müdaxilədə müstəvi olaraq əhəmiyyətli idi. İndi razılaşma varsa, bu əhəmiyyət aradan qalxır. Göründüyü kimi, Azərbaycan lideri ən kiçik ehtimalları belə aradan qaldıraraq öz ölkəsinin əhəmiyyətini daim yüksək səviyyədə saxlayır. Belə ki, Bakının Ər-Riyadla yaxınlaşması Azərbaycanı İranın özü üçün əhəmiyyətli ölkəyə çevirir və Tehran vacib bir oyunçunu öz yanına çəkmək məqsədilə bir çox güzəştlərə gedə bilər. Eyni yanaşma Səudiyyə Ərəbistanına da aiddir.
Bütün bunların fonunda Bakının daha bir kartı var: İsrail. Təl-Əvivlə münasibətlər yetərincə yüksəkdir. Hazırda İranla razılaşmanı qəbul etməyən İsrail ABŞ-a da "diş" göstərir. Regionda kifayət qədər güc olan İsrailin həm də dünyanın idarəçiliyində böyük təsiri olan yəhudi lobbisi də var. Belə bir dövlətlə strateji müttəfiqlik ABŞ-ın bütün hallarda Azərbaycanı "gözdən çıxarması" ehtimalını sıfıra endirir.
"Azərbaycan siyasəti meydanda topla çox ağıllı oynayan möhtəşəm oyunçunu xatırladır". Bakının manevrlərinə belə qiymət də vermək olar.
Daha bir versiya: Azərbaycan savaş müstəvisinə keçən Səudiyyə Ərəbistanı ilə İran arasında birləşdirici rolunu üzərinə götürür. Güman ki, Prezident İlham Əliyev Ər-Riyadda kralla Yəmən böhranı və yaranmış situasiyanı müzakirə edib. Və burda söhbət təkcə İrandan yox, husilərə verilən dəstəkdə onun yanında olan Rusiyadan da gedir. Bakı Moskva ilə yaxın münasibətlərindən istifadə edərək problemin həllini masaya daşıya bilər. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin qabaqlayıcı manevrləri Bakının regional vacib oyunçu statusunu gücləndirir.
Asif Nərimanlı
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05