Milli Məclisdə Roma Papasını "topa tutdular"
11:43 15-04-2015
İQTİSADİYYAT
Milli Məclisdə Roma Papasını "topa tutdular"
Oqtay Əsədov: "Bunlar ermənilərdən də pisdir"
Dünən Milli Məclisin iclasında önəmli gəlişmələr olub. Milli Məclisin iclasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Avropa Oyunları ərəfəsində bəzi siyasi təşkilatların Azərbaycan hakimiyyətinə qarşı apardığı kampaniyadan danışıb.Azərbaycanda korrupsiyaya qarşı həmişə mübarizə aparılıb: "Dünyanın hər yerində korrupsiya bəlası var və buna qarşı mübarizə davam edir.
Ancaq təəssüflər olsun ki, bəzi siyasi partiyalar Avropa Oyunları ərəfəsində Azərbaycan əleyhinə təbliğat aparır. Bunlar hamısı bir mənbədən idarə olunur. Erməni lobbisi və xarici təşkilatlardan aldıqları qrantlar hesabına fəaliyyət göstərib, kampaniya aparırlar. Onlar iğtişaş da yaratmaq istəyir və camaatı kütləvi aksiyalara çağırırlar".Spiker Oqtay Əsədov da məsələyə münasibət bildirib. O, Avropa Oyunlarında Ermənistan nümayəndələrinin də iştirakını xatırladaraq deyib: "Ancaq bizdə bəziləri Avropa Oyunlarında iştirakdan imtina etməyə çağırış edirlər. Bunlar ermənilərdən də pisdir".
Milli Məclisdə Roma
Papası tənqid olunub
Azərbaycan Milli Məclisinin iclasında Roma Papasının uydurma "erməni soyqırımı" ilə bağlı çıxışına etiraz bildirilib.Zahid Oruc çıxışında deyib ki, ermənilərin nefti və qazı olmasa da, mühüm silahları var: "Uydurublar ki, xristianlığın beşiyi oradır və "soyqırım" silahından yararlanırlar".
Z. Oruc cavab olaraq Roma Papasına məktub yazmaqdansa, 24 apreldə Azərbaycan gənclərinin Şəhidlər Xiyabanını ziyarət etməsi, bir din adamının katolik kilsəsinin qarşısına gül qoymasını təklif edib: "Katolik kilsəsinin rəhbərinin qərarı əslində ermənilərə böyük zərbədir".
Sabir Rüstəmxanlı isə bəyan edib ki, ən yaxşı cavab özümüzün iş görməyimizdir: "Ermənilər yox yerdən abidə qurub və gəlib-gedən onu ziyarət edir. Niyə Azərbaycanda bir normal soyqırım muzeyi, abidəsi olmasın?.. Min ildir fitnə-fəsad Roma Papasının başının altından çıxır. Bu adam Argentina əsillidir və orada ermənilər at oynadır. O vaxt Osmanlı İmperiyasında 1,2 milyon erməni yaşayırdı, amma bu adam iddia edir ki, 1,5 milyon erməni öldürülüb. Bəs ermənilər məhv edildisə, onda dünyada yaşayan bu ermənilər haradan törəyib? Ədalətli, vicdanlı adam Ermənistana işğaldan əl çək deməli, sonra barışa çağırmalıdır. Biz bir məktubla öz etirazımızı bildirməli və Türkiyənin yanında olduğumuzu nümayiş etdirməliyik".
Deputat, xalq artisti Zeynəb Xanlarova da çıxış edərək bildirib ki, papanın mövqeyi bəlli olduğu üçün onun haqqında danışmağa dəyməz: "Bu adamın yan-yörəsi bizə qarşı düşməndir. Papanın onlara qulaq asmaması lazımdır".
Sədr Oqtay Əsədov Roma Papasının belə bir bəyanat verməsindən təəssüflənib: "Siyasətlə siyasətçilər məşğul olmalıdır. Din xadimləri siyasətə qarışmamalıdır. 100 il əvvəlki məsələdən danışırlar, amma 20 il əvvəl baş verən Xocalı haqqında danışmırlar".
Spiker xatırladıb ki, o vaxt Osmanlı İmperiyasında 1 milyon 200 min erməni yaşayıb, onların da 800 mini başqa ölkələrə köçüblər və bunun da sənədi var: "İndi necə oldu ki, 1,5 milyon ermənini qırıblar? Bu, tarixi məsələdir. Təəssüf edirəm ki, Papa bu prosesə qatılıb. Məncə, ona müraciət etməyin mənası yoxdur. Onlar erməni katolikosunu özlərinə kardinal hesab edirlər. Məsələ aydındır".
"Mərkəzi Bank valyuta siyasətini dəyişməsə, büdcəsində
pul qalmayacaq"
"Fevralın 21-də Mərkəzi Bank manatın devalvasiyası barədə qərar verdi. Son 5-6 ayda Mərkəzi Bankın 15 milyardlıq valyuta ehtiyatları 9 milyarda qədər azalıb".
Bunu Milli Məclisin iclasında deputat Vahid Əhmədov deyib.
O bildirib ki, əgər Mərkəzi Bank valyuta siyasətini dəyişməsə, onun büdcəsində pul qalmayacaq. Vahid Əhmədovun fikrincə, Mərkəzi Bank valyuta ilə bağlı siyasətinə yenidən baxmalıdır:
"Çünki Azərbaycandan xarici ölkələrə kəskin valyuta axını davam edir. Bunun qarşısını almaq üçün müvafiq addımlar atılmalıdır. Mərkəzi Bank manatın yumşaq devalvasiyasını həyata keçirməlidir ki, bu cür problemlərlə qarşılaşmasın".
Vahid Əhmədov dərman preparatlarının qiymətləri ilə bağlı məsələyə də toxunub. O bildirib ki, hökumətin son iclasında prezident də bu problemdən danışıb: "Dərmanların qiyməti ilə bağlı prezident sərəncam verib. Ancaq hökumət dərman qiymətlərinin tənzimlənməsi ilə bağlı mexanizmlərini hələ də açıqlamayıb".
Əhalinin əmlakının
banklar ətrafında
cəmləşməsi sosial
partlayışa səbəb olacaq
"Qiymətli kağızlar bazarı haqqında" qanun layihəsi həddindən artıq mürəkkəbdir".
Milli Məclisin deputatı Əli Məsimlinin fikrincə, investorlar bu qanun layihəsini başa düşmək üçün yanlarında tərcüməçi saxlamalıdır: "Hesab edirəm ki, yeni qanun layihəsinin dili sadələşdirilməlidir. Qiymətli kağızlar bazarını liberallaşdırmaq lazımdır. Oradakı oyunçuları qorxutmamaq, onların maraqlarını və hüquqlarını təmin etmək lazımdır. Ancaq qanun layihəsində bir sıra boşluqlar var. 30-cu maddədə Mərkəzi Banka investisiya şirkəti statusu verilir. Bu, düzgün deyil". Əli Məsimlinin sözlərinə görə, banklarda faizlər kəllə-çarxa çıxdığı bir vaxtda Mərkəzi Banka belə bir statusun verilməsi düzgün deyil: "Devalvasiydan sonra faizlərin daha da artacağı deyilir. Status verilərsə, əhalinin əmlakları bankların ətrafında cəmləşəcək. Bu isə sosial partlayışa səbəb olacaq. Bunun qarşısında dayanmaq mümkün deyil. Bu cür maddələrdən uzaq durmaq lazımdır".
Deputat onu da əlavə edib ki, Azərbaycanın 10 milyona yaxın olan əhalisini 3-4 dəfə artıqlaması ilə dolandırmaq mümkündür: "Bunun üçün dövlətin kifayət qədər iqtisadi potensialı var. Bu cür qanun layihələri qəbul edilərkən diqqətli olmaq lazımdır. Xahiş edirəm, səsləndirdiyim təkliflər qanun layihəsi ikinci oxunuşa çıxarılana qədər nəzərə alınsın".
Sonda qanun layihəsi birinci oxunuşda qəbul edilib.
"Müdafiə nazirinin
muzdlu döyüşçülərlə bağlı bəyanatı bizi
ciddi narahat
etməlidir"
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev Milli Məclisin iclasında Baş Prokurorluğun Slovakiya Milli Şurasının keçmiş spikeri Frantişek Mikloşko barəsində cinayət işi açılmasını təqdirəlayiq addım hesab edib. Onun sözlərinə görə, İnterpolun Milli Mərkəzi Bürosu da həmin şəxs barədə axtarış elan edib:
"Bu həm də ona görə önəmlidir ki, Azərbaycan hüquq-mühafizə orqanları bu cür qanunsuzluqlarla bağlı ciddi addımlar atır. Bunun nümunəvi tərəfləri var".
Deputatın fikrincə, bu cür hüquqi addımlar bundan sonra da davam etməlidir. Azay Quliyev müdafiə naziri Zakir Həsənovun Ermənistanın Livandan, Suriyadan muzdlu döyüşçü cəlb etməsi haqqındakı bəyanatını da şərh edib.
Onun sözlərinə görə, Ermənistanın əsgər çatışmazlığı ucbatından bu cür addımlar atması yeni hal deyil:
"Azərbaycan ordusu cəbhədə erməni təxribatının qarşısını lazımi şəkildə alır. Amma müdafiə nazirinin bəyanatı bizi yenə ciddi narahat etməlidir. ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu araşdırıb məsələyə münasibət bildirməlidir. Ermənistanın qanunsuz hərəkətlərinə siyasi qiymət verilməlidir. Bu gün Suriya, Livan, Şimali Afrikadan gələn ermənilər qanunsuz olaraq Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirilir".
Məlahət İbrahimqızı: "Avropa ölkələrində
külli miqdarda
korrupsiya faktı var"
Milli Məclisin bugünkü iclasında deputat Məlahət İbrahimqızı Azərbaycanda korrupsiya olması ilə bağlı verilən bəyanatlara münasibət bildirib.
Deputat korrupsiya ilə bağlı hesabatlara diqqət çəkib. O, həmin hesabatlarda Avropa Birliyinə daxil olan ölkələrdə tibbi sığorta sahəsində külli miqdarda korrupsiya faktlarının olmasının öz əksini tapdığını deyib.
Məlahət İbrahimqızı Roma Papasının qondarma erməni soyqırımı ilə bağlı açıqlamasına da etiraz edib:
"100 il bundan qabaq arxivin küncündə toz basmış məsələyə diqqət verən Roma Papasının Xocalı soyqırımına münasibət bildirməməsi təəssüf doğurur".
Milli Məclis Hesablama Palatasının
hesabatını qəbul etdi
Milli Məclisin iclasında Hesablama Palatasının hesabatı dinlənilib. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov hesabat barədə məlumat verib.
Müzakirələr zamanı çıxış edən deputat Vahid Əhmədovun sözlərinə görə, Hesablama Palatası ilk dəfədir bu cür uğurlu hesabat verir: "Mən Vüqar Gülməmmədovu təbrik edirəm. Ancaq iki təklifim var. Göstəricilər verilərkən MDB ölkələri ilə bağlı deyil, bizim iqtisadi tərəfdaşlarımız olan Avropa ölkələri ilə müqayisəli şəkildə göstərilsin. Digər təklifim vəzifəli şəxslərin tənbeh edilməsi ilə bağlıdır. Daha çox aşağı vəzifəli şəxslər tənbeh olunur. Təklif edirəm ki, qanunvericilik dəyişdirilsin və yüksək vəzifəlilər də tənbeh edilsinlər". Müzakirədən sonra hesabat qəbul edilib.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53