Əli
Əli Kərimlinin tifaqı dağılır

AXCP sədrinin keçmiş müavini partiyanı içindən parçalamağa başladı

Bir müddət öncə AXCP sədri Əli Kərimlinin yürütdüyü anti-demokratik siyasətə etiraz edərək partiyadan istefa verən keçmiş sədr müavini Razi Nurullayev artıq yeni təşkilatını təsis edib.
Bu barədə "Unikal"a açıqlama verən "Yeni Demokratiya" Hərəkatını yaratdığının elan edən Razi Nurullayev deyib ki, bu yolda mübarizəni davam etdirəcək: "Azərbaycan cəmiyyətində, eləcə də bütün dünyada klassik siyasət get-gedə nüfuzunu itirməkdədir. Hazırda, klassik siyasət demokratiyanın imitasiyasına çevrilib və özünü doğrultmamaqdadır. Klassik siyasətə baxışda dünyada baş verən tənəzzül Azərbaycanda daha dərin izlər buraxıb. Xalqla siyasətçilər arasında dərin uçurum yaranıb. İnsanların böyük bir qisminin siyasətə marağı ölüb. Bir çoxları isə onu, haqlı olaraq fərdi siyasətçilərin maraqlarına xidmət edən bir institut kimi görməyə başlayıb.Siyasi qüvvələr günü-gündən sosial bazasını itirir, xalqın dəstəyindən məhrum olur. Bu səbəbdən siyasətə yeni yanaşmanın ortaya qoyulmasına və xalqın inamının bərpa edilməsinə ehtiyac var. Xalq və seçici özünü kənardan seyrçi yox, taleyini müəyyən edən proseslərin iştirakçısı kimi görməlidir."
R.Nurullayev daha sonra bunları qeyd edib: "Cəmiyyətin yeni demokratiyaya ehtiyacı vardır. İmitasiya olunmayan, demokratik ənənələrin formalaşdığı siyasi qüvvə xalq tərəfindən dəstəklənəcək və cəmiyyətdə öz yerini tutacaq. Azərbaycanda müasir və sivil, azad cəmiyyətin formalaşması üçün "Yeni Demokratiya" Hərəkatını yaratdığımızı bəyan edirik. Yeni Demokratiya Hərəkatı üçün Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü toxunulmaz, azad və demokratik cəmiyyətin qurulması missiyasıdır.Azərbaycanın gələcəyini Avropa ailəsinə tam inteqrasiyada görürük.Yeni Demokratiya Hərəkatı hazırkı iqtidara müxalifətdə olduğunu bəyan edir və ölkənin demokratikləşməsi üçün bütün səylərini səfərbər edəcəkdir. Yeni Demokratiya Hərəkatı gənclərin və klassik siyasətin əsas düsturuna çevrilən "lider hər zaman haqlıdır" tezisini büt kimi qəbul etməyən, həmfikirlərin birgə qurduğu və azad, demokratik cəmiyyət uğrunda dönmədən mübarizə aparanların təşkilatı olacaq. Bəyan edirik ki, siyasi strategiyanı təkcə siyasətçilər formalaşdırmamalıdır. Siyasi strategiyanı siyasi qüvvənin arxasında duran xalq, onun üzvləri, tərəfdarları, sosial bazası müəyyən etməlidir. Siyasi təşkilatın və siyasətçinin üzərinə düşən vəzifə bu strategiyanın taktikaya çevrilməsi, xalqın iradəsinin hakimiyyətə daşınmasıdır. Yeni demokratiya - imitasiya olunmayan demokratiyadır. Yeni Demokratiya Hərəkatı açıq müzakirələr vasitəsilə xalqın iradəsinə söykənən qərarların verilməsi ilə müxalifətin yeni imicini formalaşdırmaq üçün də çalışacaq. Yeni demokratiya mövcud və klassik siyasətin inikası deyil, aynası olacaqdır."
Məsələylə bağlı "Unikal"a açıqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib ki, Razi Nurullayevin yeni yaratdığı təşkilatın əsas nüvəsi təbii ki, Əli Kərimlinin partiyasından olacaq: "Uzun illərdi Razi Nurullayev əli Kərimlinin müavini kimi çalışıb və özünün də yaxın ətrafı bu partiyada olub. Bundan sonra həmin şəxslər Əli Kərimlinin yanından istefa verib Razi Nurullayevin hərəkatına qoşulacaq. Ümümilikdə götürdükdə bu gün Əli Kərimlinin ətrafında geniş sosial baza mövcud deyil. Əsasən təcrübəsi olmayan tələbə-gənclərdir. Və bunlar da zaman çatdıqda Əli Kərimlinin əsl simasını gördükdən sonra istefa verib ayrılır".
Qərib Gərayzadə