Əkbər Hacıyev yeni ittihamların hədəfində "Azəriqaz"dan şikayətlərin artması ilginc iddialara yol açır
11:46 15-04-2015
İQTİSADİYYAT
Əkbər Hacıyev yeni ittihamların hədəfində
"Azəriqaz"dan şikayətlərin artması ilginc iddialara yol açır
Yəqin ki, çoxları "Azəriqaz"ın az qala hər gün bir neçə rayonda qaz təchizatının məhdudlaşdırılacağına dair yaydığı elanları eşitməyə, oxumağa və dinləməyə vərdiş edib.
Son bir neçə ildir ki, ölkənin qaz operatoru müntəzəm olaraq "təmir-quraşdırma, profilaktika və ya yeni xətlərin birləşdirilməsi" kimi standart səbəblər göstərərək az qala hər gün bir neçə rayonun, yaxud yaşayış məntəqəsinin qaz təchizatını məhdudlaşdırır. Lakin nə sirdirsə, abonentlər qaz təchizatının kəsildiyi həmin saatlarda yaşadığı ərazidə heç bir "təmir-quraşdırma" işlərini müşahidə edə bilmir.
"Azəriqaz"ın qaz təchizatını mütəmadi olaraq məhdudlaşdırması artıq vətəndaşlarda ciddi narazılıqlara yol açıb. Əkbər Hacıyevin rəisi olduğu qurumdan belə şikayətlərin sayının get-gedə artması isə bu İstehsalat Birliyində rəhbər dəyişikliyinin baş verməsini qaçılmaza çevirir.
Qeyd edək ki, hələ ötən il ölkə başçısı Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışında "Azəriqaz"ın və Dövlət Neft Şirkətinin bu istiqamətdə apardığı işlərin qəbuledilməz olduğunu bəyan etmişdi. İ.Əliyev çıxışında qazlaşdırma ilə bağlı prosesin ləng getdiyini vurğulamışdı: "Qazlaşdırma prosesi əvvəlki illərdə daha sürətlə gedirdi və biz əlbəttə, çalışmalıyıq ki, qazlaşdırmanı Azərbaycanda 95, bəlkə də 97 faizə qaldıraq. Ona nail olmaq üçün imkanlar vardır. Dövlət büdcəsində də vəsait nəzərdə tutulubdur. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti öz vəsaitindən də istifadə etməlidir. Bu sahədə işlər daha da sürətlə getməlidir. Mənə yeni qazlaşdırılan kəndlərin demək olar ki, hər ay mütəmadi qaydada siyahısı verilir. Ona görə bu məsələ mənim nəzarətimdədir. Son vaxtlar o arayışlarda hər ay bir, iki, maksimum üç kəndin qazlaşdırıldığı göstərilir. Bu, qəbuledilməzdir, dözülməzdir. Dövlət Neft Şirkəti, "Azəriqaz" bu işləri daha da sürətlə aparmalıdır".
Amma ekspertlər hesab edirlər ki, dövlət rəhbərinin göstərişindən sonra da "Azəriqaz"ın ölkə üzrə qazlaşdırma prosesini sürətləndirməsində hər hansı ciddi irəliləyişi müşahidə etmək mümkün deyil. Bu azmış kimi, Əkbər Hacıyevin qurumunun az qala hər gün ölkənin hansısa bölgəsində qaz verilişini məhdudlaşdırması da vətəndaşlar üçün əməlli başağrısına çevirilib.
Ümumi mənzərə belə deməyə əsas verir ki, "Azəriqaz"ın rəhbər dəyişikliyinə ciddi ehtiyacı var. İstisna deyil ki, biz payıza doğru bu dəyişikliyin baş verməsinin şahidi olaq.
Belə ki, qurumun qışa hazırlıq prosesini daha effektiv aparmaq üçün "Azəriqaz"ın rəhbərliyində hansısa əvəzləmələrin həyata keçirilməsi kifayət qədər yüksək ehtimaldır.
Onu da deyək ki, hələ ötən ilin dekabrında KİV-də belə məlumatlar yayılmışdı ki, ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev vəzifəsindən çıxarılaraq Dövlət Neft Şirkətində başqa vəzifəyə aparılacaq. Həmin vaxt adıçəkilən istehsalat birliyinin əməkdaşlarına istinadən yayılmış məlumatlarda Ə.Hacıyevin ARDNŞ-in Qaz İxracı İdarəsinə rəis təyin ediləcəyi barədə fikirlər yer almışdı. Bildirilirdi ki, Ə.Hacıyevlə bağlı mətbuatda verilən məlumatlardan əlavə şirkətə ünvanlanan şikayətlər də artıb. ARDNŞ prezidenti Rövnəq Abdullayev isə bacısının qaynı olan "Azəriqaz" rəhbərini cəzalandırmaq üçün şirkətə, öz yanına digər vəzifəyə aparır.
Məlumatlarda qeyd olunurdu ki, Əkbər Hacıyevin yerinə təyin ediləcək şəxsin kimliyi də bəllidir. Hələlik adı açıqlanmayan şəxs Nazirlər Kabinetində şöbə rəhbəridir. "Azəriqaz" həmin vaxt bu informasiyaları təkzib etsə də, bəziləri belə hesab edirdilər ki, bu tip iddiaların ortaya atılması səbəbsiz deyil və ictimai rəyi Əkbər Hacıyevin "vurulmasına" hazırlamaq məqsədi daşıyır.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53