Daha bir komitə sədrinə "qara xəbər"
11:47 15-04-2015
İQTİSADİYYAT
Daha bir komitə sədrinə "qara xəbər"
Samir Şərifov hansı məmurun səlahiyyətlərinə sahib olacaq?
Son vaxtlar belə iddialar tez-tez səslənir ki, iyunda Bakıda keçiriləcək Avropa Oyunları bitəndən sonra hökumətin strukturunda ciddi dəyişiklik gözlənilir. Bir neçə nazirlik və dövlət komitəsinin ləğvi, bəzilərinin isə səlahiyyətlərinin məhdudlaşdırılması üzrə təkliflər paketi hazırlanır.
Elə istiqlal.az saytı da etibarlı mənbəyə istinadən bildirib ki, ölkənin neft gəlirlərinin azalması və qlobal iqtisadi böhranın artıq Azərbaycanda hiss olunması hökuməti dövlət xərclərini azaltmağa və ixtisarlara məcbur edir: "Ümumiyyətlə, neft gəlirlərinin kəskin azalması yeni siyasi-iqtisadi situasiya yaradıb. Bu mərhələdə hökumətdə həm struktur, həm də hakimiyyət komandasının yeniləşməsini qaçılmaz edir. Bununla bağlı ilkin addımlar Avropa Oyunlarından sonra, daha radikal addımlar isə parlament seçkisindən sonra atılacaq. Mümkündür ki, hökumətin tərkibi 40-50 faiz yeniləşsin və oliqarxları texnokratlar əvəzləsin".
Xatırladaq ki, "Unikal" olaraq keçən saylarımızda biz də hökumətdə ciddi struktur islahatlarının aparılacağı barədə məlumat vermiş və əlavə etmişdik ki, bir neçə nazirlik və dövlət komitəsi ləğv ediləcək: məsələn, Dövlət Gömrük Komitəsinin ləğv edilməsi, səlahiyyətlərinin bir qisminin ASAN xidmətə, bir qisminin isə Vergilər Nazirliyinə verilməsi nəzərdə tutulur. Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilməsi, səlahiyyətlərinin İqtisadiyyat və Sənaye Nazirliyi ilə Ekologiya vəTəbii Sərvətlər Nazirliyi arasında bölüşdürülməsi gözlənilir.
Bundan başqa, Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birləşdirilməsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi, funksiyalarının İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsi kifayət qədər real görünür. Son vaxtlar belə məlumatlar da yayılıb ki, Gənclər və Turizm Nazirliyi də ləğv ediləcək və səlahiyyətləri bölüşdürüləcək. Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Dövlət Statistika Komitəsinin də ləğvi və səlahiyyələrinin başqa qurumlara verilməsi nəzərdə tutulub.
Xatırladaq ki, prezident İlham Əliyev ötən həftə Nazirlər Kabinetinin iclasında ilin birinci rübündə ölkədə həyata keçirilmiş struktur islahatlarının mahiyyəti barədə danışıb. Ölkə başçısı artıq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin fəaliyyətindəki ciddi nöqsanlar haqda danışıb. İlham Əliyev məsələni konkretləşdirməsə də bildirib ki, torpaq fondunun vəziyyətinə dair hazırlanan xəritələr reallıqla uyğun gəlmirdi və peyk görüntüləri ilə üst-üstə düşmürdü.
Digər mühüm struktur islahatı isə elektrik enerjisinin paylanması və satışı funksiyasının "Azərenerji"dən alınaraq Bakının bir vaxtlar bərbad hala salınmış elektrik şəbəkəsini modernləşdirmiş "Bakelektrikşəbəkə"nin bazasında yaradılan yeni struktura - "Azərişıq"a verilməsidir.
Prezident bu islahatın səbəbini də açıqlayıb. Deyib ki, bölgələrdə elektrik enerjisi ilə təchizatı yaxşılaşdırmaq üçün dəfələrlə verdiyi göstərişlər, görülən inzibati tədbirlər nəticə vermədiyi üçün bu struktur islahatı həyata keçirib. Və "Azərişıq"ın qarşısında ölkənin regionlarında da elektrik enerjisi ilə təchizatı Bakının səviyyəsinə qaldırmaq vəzifəsi qoyulub.
Fəaliyyəti tamamilə yararsız olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsindən, onun səlahiyyətlərinin Əmlak Məsələləri Dövlət Komitəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölüşdürülməsindən, habelə "Azərenerji"dən elektrik enerjisinin paylanması və satışı funksiyasının alınmasından sonra daha bir ciddi struktur islahatı yetişməkdədir.
"Unikal"ın əldə etdiyi məlumata görə, Rüfət Aslanlının sədri olduğu Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin (QKDK) ləğvi, səlahiyyətlərinin Samir Şərifovun rəhbərlik etdiyi Maliyyə Nazirliyinə verilməsi gözlənilir. Buna səbəb həm dövlət xərclərinin azaldılması, həm də adıçəkilən qurumun artıq öz effektivliyini əhəmiyyətli şəkildə itirməsi ilə bağlıdır.
Xatırladaq ki, bir neçə gün əvvəl məlumat yayıldı ki, neftin dünya bazarında qiymətinin düşməsindən Azərbaycanda təsir görən sahələrdən biri də Qiymətli Kağızlar bazarıdır. Artıq yayılan rəsmi məlumatlar bu bazarın hansı itkilərə məruz qaldığını açıq formada ortaya qoyub. Bu ilin I rübündə dövlət və korporativ qiymətli kağızlar bazarının həcmi 706,7 mln manat olub. Bu, 2014-cü ilin göstəricisinin 17,6%-idir.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatına görə, qiymətli kağızlar (QK) bazarı çöküb: 2014-cü ilin I rübündə dövlət QK bazarının dövriyyəsi 3 mlrd 436,5 mln manat, bu ilin eyni dövründə 61 mln manat olub. 3 ayda Maliyyə Nazirliyinin istiqrazları və AMB-nin notları yerləşdirilməyib.
Səhm bazarı 53 mln manat (-77%), korporativ istiqrazlar 592,7 mln manat (+80%) olub. Səhm yerləşdirilməsi (48,3 mln manat) 79%, korporativ istiqrazların yerləşdirilməsi (15 mln manat) 60% azalıb.
Maraqlıdır ki, borcalanların qiymətli kağızlara marağı da azalıb. Bu ilin 3 ayında QKDK-da QK girovu üzrə 2 əməliyyat qeydə alınıb.
Bütün bunlar QK bazarında islahatları qaçılmaz edir. Sözügedən bazarı canlandırmaq üçün adıçəkilən komitənin ləğvi və səlahiyyətlərinin Samir Şərifovun nazirliyinə verilməsi bu istiqamətdə atılması düşünülən ən effektiv addım ola bilər.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05