Vergilər Nazirliyindən Etibar Pirverdiyevə böyük şok
08:01 16-04-2015
İQTİSADİYYAT
Vergilər Nazirliyindən Etibar Pirverdiyevə böyük şok
"Azərenerji"nin dövlətə külli miqdarda borclu olduğu rəsmən təsdiqləndi!
İri vergi ödəyicilərindən - "Azərenerji" ASC-nin, "Azərbaycan Dəmir Yolları" QSC-nin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, "Azərsu" SC-nin, "Azərbaycan Hava Yolları"nın (AZAL), Xəzər Dəniz Gəmiçiliyinin və Bakı Metropoliteninin dövlət büdcəsinə 2.2 milyard manat civarında borcu olması haqda xəbərə Vergilər Nazirliyi aydınlıq gətirib.
Vergilər Nazirliyi bununla bağlı "Bizim yol" qəzetinin adıçəkilən quruma ünvanladığı sorğuya belə cavab verib: "İri vergi ödəyicilərinin dövlət büdcəsinə olan borcları ilə bağlı bildiririk ki, dövlət büdcəsinə vergi borclarının yaranması və ləğv edilməsi mütəmadi olaraq davam edən bir prosesdir. Belə ki, müvafiq hesabat dövrlərində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə hesablamalar verilir, o cümlədən vergi orqanları qanunda nəzərdə tutulmuş hallarda və qaydada vergi ödəyicilərinə əlavə vergilər hesablayır və sonradan hesablanmış vergilərin dövlət büdcəsinə alınması üçün qanunamüvafiq tədbirlər görür. Hesablanmış vergilər dövlət büdcəsinə vaxtında ödənilmədikdə vergi borcları yaranır.
İri vergi ödəyicilərinin dövlət büdcəsi qarşısında borclarının məbləği ilə bağlı nəzərinizə çatdırırıq ki, mətbuat orqanlarında göstərilmiş məbləğlər reallıqdan çox uzaqdır. Həmin vergi ödəyicilərindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin, Bakı Metropoliteninin, "Azərbaycan Dəmir Yolları", "Azərbaycan Hava Yolları" QSC-lərin 01.04.2015-ci il tarixinə dövlət büdcəsinə ümumiyyətlə vergi borcları olmamışdır. Yalnız "Azərenerji" və "Azərsu" ASC-lərinin dövlət büdcəsinə böyük məbləğdə vergi borcları yaranmışdır ki, hazırda onların ödənilməsi ilə bağlı qanunamüvafiq tədbirlər görülür.
"Azərişıq" ASC yaradılması ilə bağlı işlər davam etdirildiyindən və o hələ vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmadığından, həmin cəmiyyətin vergi borclarından söhbət gedə bilməz. Əlavə olaraq diqqətinizə çatdırırıq ki, "Bakıelektrikşəbəkə" ASC-nin də 01.04.2015-ci il tarixə dövlət büdcəsinə vergi borcu olmamışdır".
Burada xüsusi diqqət çəkən məqam Vergilər Nazirliyinin Etibar Pirverdiyevin rəhbərlik etdiyi "Azərenerji" ASC-nin dövlət xəzinəsinə külli miqdarda borcunun yarandığını rəsmən təsdiqləməsidir. Xatırladaq ki, ötən həftə "Azərenerji"nin borcları ilə bağlı "Unikal" olaraq əldə etdiyimiz maraqlı məlumatları oxucularla paylaşmışdıq.
Həmin məlumatlarda bildirilirdi ki, ""Fitch Ratings" beynəlxalq agentliyinin hesabatında "Azərenerji"nin 2013-cü ildə dövlət büdcəsinə 700 milyon manat borcu olduğunu göstərmişdi. "Həmin borc böyük ölçüdə davam edir. Bu isə hökumət çevrələrində ciddi narazılığa yol açıb və "Azərenerji"nin öz səlahiyyətlərini layiqincə yerinə yetirməsi məsələsində mübahisələri gücləndirib. Nəticədə yeni quruma ("Azərişıq"dan söhbət gedir) ehtiyac duyulduğu yönündə qənaətə gəlinib və məlum qərar verilib" deyə qaynağımız qəzetimizə bildirmişdi.
Eyni zamanda yazmışdıq ki, "Azərenerji" 2012-ci ildə 140,4 milyon manat vergi ödəyibsə, 2013-cü ildə bu göstərici 125,8 milyon manat olub. Bu da hökumət daxilində müəyyən şübhələrin yaranmasına gətirib çıxarıb. Pirverdiyevin qurumunun vergi ödənişlərinin azalmasından narazılıq da onun səlahiyyətlərinin vacib hissəsindən məhrum edilməsini qüvvətləndirib. Hökumətdə bir çoxları belə hesab edirlər ki, "Azərenerji"nin vergi ödənişlərinin ilbəil azalması bu qurumda dərin kök salan korrupsiyanın məntiqi nəticəsidir.
Bir daha vurğulamaq yerinə düşərdi ki, Etibar Pirverdiyevin rəhbərlik etdiyi ASC-nin həm dövlətə borcunun fantastik rəqəmlərlə müşaiyət olunması, həm də bu qurumun vergi ödənişlərindəki azalma onun əhəmiyyətli səlahiyyətlərini itirməsi ilə yekunlaşıb. Artıq "Azərenerji" prezidenti hökumət daxilindəki əvvəlki təsir imkanlarından da məhrumdur. Onun bu qədər zəiflədilməsinin isə tamamilə "vurulması"na bir hazırlıq ola biləcəyi istisna edilmir.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53