AMEA-da vitse-prezidentlik mübarizəsi
07:36 28-04-2015
İQTİSADİYYAT
AMEA-da vitse-prezidentlik mübarizəsi
Akademiyada bütün gözlər aprelin 29-na dikilib
İki gündən sonra, aprelin 29-da Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında bir sıra vacib qərarlarla bərabər, vitse-prezident seçkiləri də keçiriləcək.
Ümumiyyətlə, hazırda ölkənin ən ali elm qurumunda vitse-prezident vəzifəsi elmə və təşkilat olaraq AMEA-ya xeyir verirmi? AMEA-nın indiki vitse-prezidentləri kimlərdir? Mərhum vitse-prezident Akif Hacıyevin yerinə kim seçiləcək?
Öncə qeyd edək ki, mərhum vitse-prezident Akif Hacıyev qəfil dünyasını dəyişən sabiq prezident Mahmud Kərimovdan sonra AMEA-da keçirilən növbədənkənar prezident seçkiləri zamanı seçilən 4 vitse-prezident arasında idi. Həmin yığıncaqda Mahmud Kərimovun zamanında elmi qurumun vitse-prezidenti və Geologiya İnstitutunun direktoru olan akademik Akif Əlizadə AMEA-nın prezindeti seçildi. 2013-cü ildə keçirilən seçkidə prezident Akif Əlizadənin vitse-prezidentlər və akademik-katiblər komandasında bu alimlər yer aldı:
Vitse-prezidentlər - Akif Hacıyev, Tofiq Nağıyev, İsa Həbibbəyli, İbrahim Quliyev (hamısı akademikdir).
Akademik katiblər: Rasim Əliquliyev (Akademiyanın akademik katibi), Əhliman Əmiraslanov (biologiya və tibb elmləri bölməsi), Teymur Kərimli (humanitar və ictimai elmlər bölməsi), Qərib Məmmədov (aqrar elmlər bölməsi), Dilqəm Tağıyev (kimya elmlər bölməsi).
Yenidən qayıdaq vitse-prezidentlərə: Akif Hacıyev - bu ilin əvvəlində vitse-prezident seçilməzdən əvvəl uzun müddət Mexanika-Riyaziyyat İnstitutunun direktoru kimi çalışıb. Sonradan onu keçmiş təhsil naziri Misir Mərdanov əvəz edib. Böyük Cəfər Xəndanın oğlu olan akademik ölümü ilə AMEA-da fizika- riyaziyyat və dəqiq elmlər bölməsini də akademik-katibsiz qoydu. Hazırda mərhum akademikin boş qalan vitse-prezident kürsüsünə seçiləcək şəxsin akademik katib kimi də çalışacağını demək doğru olmaz. Odur ki, aprelin 29-dakı yığıncağında akademik katib seçkilərinin də keçiriləcəyini demək olar. Mərhum akademikin yerinə kimin gələcəyi isə hazırda sual altındadır. Təkcə profili nəzərə alaraq deyə bilərik ki, yeni seçiləcək vitse-prezident fizika-riyaziyyat və dəqiq elmlərin nümayəndəsi olacaq.
Digər vitse-prezindentlərə nəzər salaq. AMEA-da ən fəal vitse-prezident akademik, deputat İsa Həbibəylidir. İctimai-humanitar , eləcə də rəsmi tədbirlərin əksəriyyətinin əsas siması və təşkilatçısı olan akademik həm də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktorudur. Bu təyinatlardan əvvəl uzun müddət Naxçıvan Dövlət Universitetinin rektoru kimi fəaliyyət göstərib. Hazırda həm elm, həm də siyasi sahədə gərgin qrafikli fəaliyyəti ilə seçilir.
Başqa bir vitse-prezident İbrahim Quliyev də demək olar bütün elmi karyerası müddətində indiki prezident Akif Əlizadə ilə bərabər çalışıb. Akif Əlizadə Geologiya və Geofizika İnstitutunun direktoru olanda onun müavini vəzifəsində çalışıb. Azərbaycanın "Əməkdar elm xadimi" və Dövlət mükafatı laureatı olan alim AMEA-ya hər zaman sadiqliyi ilə seçilib.
Sonuncu vitse-prezident isə böyük alim Murtuza Nağıyevin oğlu Tofiq Nağıyevdir. Dünya elminə 190 töhfə verən alim ötən il Dövlət mükafatına layiq görülüb.
AMEA-nın vitse-prezidentləri ilə qismən də tanış olandan sonra belə qənaətə gəlmək olar ki, onlarla eyni statusu bölüşəcək və mərhum akademik Akif Hacıyevi əvəzləyəcək şəxs də ən azından bu alimlərlə eyni çəkiyə sahib olmalıdır.
"Unikal" olaraq onu da əlavə edək ki, hazırda AMEA kulislərində bütün gözlər sabahkı yığıncağa dikilib. Akademiyanın yeni vitse-prezidentinin kim olacağına dair konkret fikirlər yoxdur. Bu posta bir neçə nəfərin iddialı olduğu söylənilsə də, onların arasından kimlərin seçiləcəyini proqnozlaşdırmaq çətindir.
Onu da deyək ki, son vaxtlar AMEA-da müxtəlif postlara seçkilər ciddi gərginliklə, eyni zamanda narazılıqlarla, yaxud başqa müəmmalarla müşaiyət olunur. Buna nümunə olaraq, AMEA İqtisadiyyat İnstitutuna direktor seçkisini göstərmək mümkündür.
Bundan başqa, Akademiyanın müxbir və həqiqi üzvlüyünə son seçkilər də müxtəlif söz-söhbətlərə yol açmışdı. Məsələn, AMEA Fizika institutunun alimi, fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Əsədov müxbir üzvlüyünə öz namizədliyini irəli sürmüş, lakin seçilməmiş, mətbuata açıqlamasında isə ikinci dəfədir müxbir üzvlüyə namizədliyini irəli sürdüyünü demiş və əlavə etmişdi: "Kimin adamı var, nəzərə alınmadan yüksəklərə qalxa bilər, amma bu yol mənlik deyil. Digərləri üçün bürokratik əngəllər yenə davam edir. Mənə zamanında yüksək vəzifə təklif olunub, amma razılaşmamışam. Çünki bu sahədə arxan yoxdursa, apardığın mübarizə faydasız olar, elmi fəaliyyətin də batar".
Bütün bunların fonunda AMEA-nın vitse-prezidentliyinə aprelin 29-da keçiriləcək seçki şübhəsiz ki, maraq doğurur.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05