Cahangir

Cahangir Əsgərovun yaratdığı narazılıq böyüyür

AZAL-ın bahalaşdırma siyasətinin yeni təfərrüatları

Cahangir Əsgərovun rəhbərlik etdiyi Azərbaycan Hava Yolları (AZAL) şirkəti bu ilin mart və aprel aylarında iki büdcə hava yollarının - Macarıstanın "WizzAir" və Türkiyənin "Pegasus" hava yollarının Azərbaycandakı fəaliyyətini dayandırıb.
Bu iki hava yolları təyyarə biletlərinin ucuz qiymətlərinə görə səyahətçilər arasında populyardır.
Çünki məsələn, "WizzAir"in Bakı-Budapeşt-Bakı reysi ilə uçuşun qiyməti 60-120 avroya başa gəlir.
Ümumiliyyətlə, Avropada və dünyada olan büdcə hava yolları səyahət etməyi sevən, lakin büdcəsindən bu işə çox pul ayıra bilməyən, yaxud ayırmaq istəməyən insanlara əlverişli imkanlar yaradır. Belə hava yolları ən çox tələbələr və gənclər arasında populyar olur.
Məhz buna görədir ki, "WizzAir" və "Pegasus"un ölkədən çıxarılması Azərbaycan sosial media istifadəçiləri arasında böyük əks-sədaya və narazılığa səbəb olmuşdu və onlar AZAL-ı inhisarçılıqda ittiham edirdilər.
Ötən həftə Azərbaycan mətbuatında "WizzAir"in tezliklə Azərbaycana qaytarılacağı barədə xəbər yayılsa da AZAL sözçüsü BBC-nin Azərbaycan xidmətinə onda belə bir məlumatın olmadığını deyib.
Mülki aviasiya üzrə ekspert Arif Həsənovun sözlərinə görə, AZAL-ın qiymətlərinin baha olması bilavasitə onun xərclərinin yüksək olması ilə bağlıdır. Onun fikrincə, AZAL-ın son illər ərzində çox bahalı təyyarələr alması istər-istəməz xidmətlərin qiymətlərinə öz təsirini göstərir.
Ekspert Natiq Cəfərli isə düşünür ki, AZAL inhisarçı siyasət yürüdür və rəqiblərini bazara buraxmır: "Bütün inhisarçılar kimi AZAL da bazarda öz mövqeyini qorumağa çalışır və bu inhisarçı mövqeyin ona gətirdiyi dividentləri toplamaqla məşğuldur. Digər rəqibləri bazardan sıxışdırıb çıxararaq daha çox vəsait qazanmaq istəyir. Büdcə hava yollarının Azərbaycandan sıxışdırılıb çıxarılmasının əsas səbəbi də məhz budur. AZAL və digər şirkətlər arasında qiymət fərqi həddindən artıq böyük idi, ona görə də AZAL bazardan rəqibləri yalnız inzibati üsullarla sıxışdırıb çıxarmaqla öz mövqeyini qorumağa çalışır".
AZAL-ın mətbuat katibi Məhərrəm Səfərli isə AZAL-ın büdcə hava yolları ilə müqayisə edilməsinin əleyhinədir. O, "WizzAir"in Azərbaycana qayıdacağı xəbəri barədə məlumatsız olduğunu deyir.
M.Səfərli bu hava yollarının Azərbaycandan çıxmasının səbəbini isə onun büdcə hava yolları olaraq daha ucuz tariflərdən bəhrələnmək istəyi, hazırkı vəziyyətdə isə bunun mümkün olmaması ilə izah edir.
"WizzAir"lə bağlı olan hadisənin ardınca ictimaiyyət ümumiyyətlə qiymət bazarı ilə yaxından maraqlanmağa başladı və sosial şəbəkələrin çoxsaylı istifadəçiləri aşkar etdilər ki, eyni xarici hava yollarının Bakıdan və Tiflisdən olan uçuşlarının qiymətləri arasındakı böyük fərq var.
Natiq Cəfərli bu halı da bazarda rəqiblərin olmaması ilə izah edir. Müştərinin seçim imkanı məhdud olduğuna görə AZAL istədiyi qiyməti diktə edə bilir.
Ekspertin sözlərinə görə, məntiqlə Azərbaycanda qiymətlər qonşu ölkələrdən də ucuz olmalı idi. Çünki Azərbaycan aviasiya kerosini istehsal edən ölkədir: "Biz hətta aviasiya kerosinini bəzi ölkələrə satırıq. Hava sərnişin daşımasının qiymətlərində isə ən çox payı olan aviasiya kerosininin qiymətidir".
"Azərbaycanda, əksinə, elə bir mexanizm qurmaq olardı ki, ətraf ölkələrin sakinləri də Azərbaycan üzərindən uçmağa üstünlük verərdilər. Azərbaycanı bir hava nəqliyyatı qovşağına çevirmək mümkün olardı. Amma çox təəssüf ki, AZAL öz inhisarçı mövqeyindən istifadə edərək az iş görməklə çox pul qazanmaq istəyir" - deyən iqtisadçı qiymət fərqini də məhz bununla izah edir.
AZAL isə eyni hava yollarının Tiflisdən və Bakıdan uçan reysləri arasındakı qiymət fərqini müqayisə etmək istəmir. Şirkətin sözçüsü Məhərrəm Səfərli deyir ki, AZAL-ın və onun göstərdiyi xidmətlər digər hava yolları şirkətlərindən keyfiyyətcə daha üstündür.
Təhlilçilər hesab edir ki, təyyarə biletlərinin qiymətinin baha olması Azərbaycana turist axınının qarşısını alır. "Azərbaycan hökuməti turizmin onun üçün prioritet olduğunu elan etsə də əməldə bunun reallaşdırılması üçün ciddi iş görmür. Yalnız xarici telekanallarda bahalı reklam verməklə Azərbaycana turist cəlb etmək mümkün deyil" - Natiq Cəfərli deyir.
O da maraqlıdır ki, Cahangir Əsgərovun rəhbərlik etdiyi qurum AZAL-ın qiymət siyasəti ilə bağlı günbəgün artan narazılıqlar qarşısında sadəcə, iradları, tənqidləri təkzib etməklə kifayətlənir. Hətta hakimiyyətə yaxınlığı ilə bilinən ekspertlər, KİV-lər, deputatlar və s. də AZAL-da qiymətlərin çox yüksək olmasından şikayətlənsə də, Əsgərovun qurumu belə fikirləri əsla özünə yaxın buraxmır.
Bu zaman isə haqlı sual yaranır: belə çıxır, hamı haqsızdır, ancaq AZAL haqlıdır?!
Toğrul Əliyev