"Domino effekti" və Azərbaycan
13:10 01-05-2015
İQTİSADİYYAT
"Domino effekti" və Azərbaycan
Dəyişən Avropa, dəyişən dünya və dəyişməyən şərtlər
"Nə zaman romantik olacaqsansa, asanlıqla realistlər tərəfindən yox ediləcəksən". Zamanında filosoflardan birinin dediyi sözlər özünü doğrultmağa başlayıb. Şərq romantizmi bu gün Qərb praktikliyi qarşısında diz çökür. Qərb praktikliyi isə ABŞ realistlərinin diktəsi ilə nəbz döyüntüsünü dəyişdirir. Nəticədə aydın olan budur ki, dünyanın bölüşdürülməsi arzusu güclənir.Düzdür, bunu "insan hüquqları", "söz azadlığı" donu geyindirərək reallaşdırmaq istəyirlər. Amma reallıq, reallıqdır.Reallığın bir üzü isə budur ki, dünyanın bölüşdürülməsi siyasəti Yaxın Şərqdən başladı və hazırda paralel şəkildə Azərbaycan əsas götürülməklə possovet məkanında da sınaqdan keçirilir. Əslində isə nələr baş verir?
Avropanın yenidən bölüşdürülməsi
Tam əminliklə demək olar ki, əslində bu gün dünyanın, Yaxın Şərqin, Azərbaycan başda olmaqla possovet məkanının bölüşdürülməsi yox, Avropanın yenidən bölüşdürülməsi prosesi başlayıb. Amma böyük güclər ABŞ və Avropanın mifik gücünü qorumaq üçün yuxarıda sadaladığımız regionları qurbanlıq olaraq gündəmə gətiriblər. Gəlin detallara baxaq. İkinci dünya müharibəsindən sonra hər zaman Avropada domenantlıq edən Almaniya sıradan çıxarıldı, Şərqi Avropa ölkələri sovetlərin əsarətini qəbul etməli oldu, İngiltərə və Fransa hegemonluğu ələ keçirtdi, İtaliya pisikdirilmiş uşaq kimi Avropada çərçivəli söz sahibinə çevrildi. Amma sovetlərin süqutundan sonra Avropada mənzərə üzərindəki duman çəkilməyə başladı və Qərb dövlətləri öz inkişaf strategiyalarını müəyyənləşdirməyə başladılar.20 illik bir perioddan sonra ortaya nə çıxdı?
- Almaniya öz qüdrətini bərpa etməkdə və Avropa iqtisadiyyatına təsir etmə imkanındadır
- Fransa Avropa siyasətinin formalaşmasına bir başa təsir etmə gücündədir və ABŞ-ın dayaq nöqtəsi hesab edilən Böyük Britaniyanı siyasi müstəvidən sıxışdırmağa başlayıb
- Şərqi Avropa ölkələri uğrunda ABŞ, Almaniya və Fransa arasında savaş başlayıb
- Böyük Britaniya Avropanın göbəyində olsa da özünü nisbətən kənarda saxlamağa çalışır. Elə buna görə Qərbin vahid valyutasını qəbul etmədi.
Bu proseslərdə diqqəti daha çox cəlb edən isə Almaniya oldu. Qısa zaman kəsiyində Almaniya nisbətən zəif Avropa ölkələrini demək olar ki, iqtisadi baxımdan təsir altına sala bildi. İspaniya, Yunanıstan kimi dövlətlər mövcudluqlarını qorumaq üçün Almaniyanın bütün şərtlərini qəbul etməli oldu. Fransa Şərqi Avropada və possovet məkanında ABŞ-ın təsir imkanlarını minimuma endirməklə, Almaniya ilə müştərək addımlar atmağa başladı. Bununla da məlum oldu ki, Avropanın bölüşdürülməsi prosesi gedir və bu bölgü Avropanı ABŞ-dan tam xilas edəcək və yeni qütbləşmə çılpaqlığı ilə ortaya çıxacaq. Buna isə ABŞ və transmilli şirkətlər yol verə bilməzdilər və vermədilər.
Avropa üçün
yeni bazar
ABŞ və transmilli şirkətlər Avropada püskürməkdə olan vulkanı gizlətmək və ya daha ağrısız keçməsi üçün yeganə çıxış yolu kimi Qərb üçün yeni bazarın yaradımasını vacib saydılar. Gözlənilmədən Şərqi Asiya alt-üst oldu. "Daha çox münaqişə və daha çox idarəolunmazlıq" prinsipi Şərqi Asiyaya tətbiq edildi. Nəticədə bir tərəfdən Qərb üçün yeni bazar açıldı, digər tərəfdən bu regionda nüfuz sahibi olan Rusiya sıxışdırıldı. Şərqi Asiyada "inqilablar" alovlananda aydın oldu ki, prosesin əsas iştirakçılarından biri Fransa, digəri isə Almaniya oldu. Bu isə təsadüf deyildi. Çünki Avropaya sahiblənməli olan hər iki ölkəyə nə isə verildi,digər tərəfdən isə bu ölkələri beynəlxalq münaqişələrə cəlb etməklə hər iki ölkənin nüfuzuna zərbə vurmağa cəhd edildi.
"Domino
effekti"nin tətbiq
Amma Şərqi Asiya ölkələrində baş verən prosesləri artıq dayandırmaq mümkün deyildi və buna görə "domino effekti" gündəmə gətirildi.Konfliktologiyada isə "domino effekti" ona görə tətbiq edilir ki, hər hansı bir proses daha çox əraziyə yayılsın və zəiflərlə-güclülərin, zəiflərlə-zəiflərin toqquşması dərinləşsin, nəticədə kim qalib gəlsədə zəifləmiş çox az qüvvə meydanda qalsın. Qalib gəlmiş, əslində isə zəifləmiş bu qüvvələri sıradan çıxartmaq isə super güclər üçün problem deyil. Çox təəssüflər ki, hazırda "domino effekti" Şərqi Asiyanın sərhədlərini keçdi və hazırda qurbanlıq Ukraynadır. Ukrayna həm də "domino effekti"nin possovet məkanına keçididir.
Nədən Azərbaycan?
Artıq məlumdur ki, ABŞ bütün gücünü səfərbər edərək yaxın bir neçə il ərzində Azərbaycanda siyasi gərginliyi artırmağa çalışacaq.Hətta bununla bağlı prezidentin köməkçisi Novruz Məmmədov çıxış edərək bildirdi ki, bu gün elə qüvvələr var ki, Azərbaycanı Suriyanın, Yəmənin gününə salmaq istəyirlər.Onda belə sual ortaya çıxır.Nədən bu qüvvələr Azərbaycanla bağlı bədbin nəticəli layihə hazırlayırlar?Bu sualın ilk cavabı sadəcə olaraq "domino effekti"nin şərtləridir."Domino effekti"nin şərtləri isə tələb edir ki, hətta super güclərin maraqlarına cavab verən dövlət, hakimiyyətdə özünü rahat hiss etməməli, hər zaman təhlükə ilə üz-üzə qalaraq "MƏN" hissini itirsin. Bu günkü Azərbaycan isə "MƏN"ini qorumağı bacarıb və müəyyən proseslərin bir başa iştirakçısı da ola bilib. Məsələn, Rusiya 6 il öncə Gürcüstanı tam blokadaya salanda Azərbaycan bu ölkəyə yardım etdi və Gürcüstanın dövlətçiliyi qorundu.Və yaxud Belorusiya ciddi pul böhranı yaşayanda Azərbaycan heç bir şərt irəli sürmədən bu ölkəni çətin durumdan çıxartdı. Başqa maraqlı bir misal isə Azərbaycan-Gürcüstan-Türkiyə dəmiryolunun çəkilişi zamanı baş verdi. ABŞ başda olmaqla bir sıra güclər dəmiryolunun çəkilişini məqbul saymadılar və bu layihəyə maliyyə buraxılmadı. Azərbaycan isə layihənin maliyyələşməsini öz üzərinə götürdü. Nəticələr isə göz qabağındadır. Belə olan halda sıraya düzülmüş domino daşlarından biri digərindən kənarlaşmış sayılır və nəticədə "damino effekti" alınmır. Buna görə ABŞ possovet ölkələri arasında Azərbaycanın nüfuzunu ciddi təhlil edir və ölkəmizə qarşı basqıları sərtləşdirməyi vacib sayır. Gəlin bu məqamda prezident İlham Əliyevin bir fikrinə diqqət ayıraq: "Bakıda ötəndəfəki görüşümüzdən bəri baxın görün, dünyada nə qədər hadisələr baş verib. Bu hadisələrin əksəriyyəti, yumşaq desək, narahatlıq doğurur. Bu hadisələrin əksəriyyəti gərginliyin artmasına, toqquşmalara, qan tökülməsinə, insan hüquqlarının tapdalanmasına, beynəlxalq səviyyədə tanınan sərhədlərin pozulmasına gətirib çıxarır. Bu, çox məyusedicidir. Belə ki, biz dünyanın heç də istəmədiyimiz istiqamətdə irəlilədiyini müşahidə edirik. Dünyanın müxtəlif yerlərində qarşıdurmalar, yeni toqquşma əraziləri və müharibələri görürük".
Azərbaycanın
Avropaya
inteqrasiyası..?
Baş verənləri təhlil edərək çıxardacağımız nəticə budur ki, ABŞ maksimum iki il ərzində Azərbaycanın balanslı siyasətinin sıradan çıxarılmasına çalışacaq və bunun qarşılığında Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının yeni şərtləri ortaya çıxarılacaq. Bu isə Ukrayna variantının təkrarıdır.Ən azından ona görə ki, Rusiya faktoru mövcuddur və bu faktor heç də yaxşı nə isə vəd etmir. Məlum proses həm də Azərbaycanda baş verərsə avtomatik olaraq Qazağıstan, Gürcüstan, Belorusiya , Pribaltika dövlətləri də "domino effekti"nin təsirinə düşəcək. Buna görə hesab edilməlidir ki, hazırda Azərbaycanın Qərbə inteqrasiyası yox, boyun əyməsi ABŞ-ın əsas məqsədidir.Bu məqamda təhlilimizin əvvəlinə qayıdaq yeni suala cavab tapmağa çalışaq. ABŞ yalnız Avropa üçün yeni bazar yaratmağa görəmi bu addımları atır?.Sözsüz ki, yox. Çünki "domino effekti" sonunda Avropanın özünü də ağuşuna alacaq. Gəlin bunun necə baş verməsinə diqqət ayıraq.
Hazırda Avropanın özü aşağıdakı problemləri yaşamaqdadır
1. Miqrasiya prosesinin qarşısında aciz qalmaq
2. Avropa ilə Şərqi Avropa arasındakı uçurumun, uçurum olaraq qalması
3. Bir sıra Avropa ölkələrinin iqtisadi krizis altında əzilməsi
4. Milli və dini zəmində radikalizmin artması
Bu səbəblər isə Avropa üçün kifayət qədər təhlükəli məqamlardır. Belə bir zamanda possovet-Avropa üzləşməsinin nə demək olduğunu izah etmək o qədər də çətin deyil. Ən azından ona görə ki, Avropa bu münaqişəyə cəlb olunacaq, nəticədə yeni problemlər və qarşıdurmalar Avropanın daxilində parçalanmanı dərinləşdirəcək. Avropa daxilində parçalanmanın yaranması isə əslində ABŞ-ın regionda nüfuzunu artıracaq. Elə götürək Ukrayna olaylarını. Bu ölkəyə görə hazırda Avropa-Rusiya qarşıdurması dərinləşib və bundan ən çox itirən Avropadır. Həm iqtisadi baxımdan, həm də nüfuz baxımından. Artıq əksər analitiklər də hesab edir ki, Avropa ABŞ olmadan Rusiya ilə bacarmayacaq və buna görə ABŞ-ın bir başa müdaxiləsi istənilir. Məlum proses isə hardasa Gürcüstan-Rusiya münaqişəsini xatırladır.O zaman problemi həll etmək üçün Fransa məsuliyyəti üzərinə götürdü və bu günə qədər də Rusiya tərəfindən işğal edilmiş ərazilər Gürcüstana qaytarılmayıb. İndi isə hadisələr təkrarlanır və ABŞ-ın regiona girişi zərurət kimi tələb olunur. Deməli Avropa və Avropa ətrafı bölgələrdə münaqişələr nə qədər dərinləşərsə ABŞ-ın regiona təsiri o qədər artacaq. Nəticədə "damino effekti"ndən udan tək dövlət ABŞ olacaq. Bunu da unutmayaq ki, hazırda ABŞ daxilində də lokal münaqişələr baş verməkdədir və baş verənlər təsadüf sayıla bilməz. Çünki transmilli şirkətlər dünya xəritəsini dəyişməyə çalışan ABŞ-a tam rahatlıq vermək niyyətində deyil.Bunu isə Amerikada keçirilən prezident seçkilərindən sonra daha aydın görə biləcəyik.
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05