Milli

Milli Şura da mitinqdən vaz keçdi

Əli Kərimli şou düzənləməkdə və foks göstərməkdə ittiham olundu

Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mayın 2-də mitinq keçirmək barədə təklifini qəbul etməyib.
"Unikal"ın məlumatına görə, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, Milli Şura rəhbərliyi müzakirələrdən sonra Bakı Şəhər İcra Hakimiyyətinin mitinqin mayın 2-də keçirilməsi ilə bağlı təklifini məqbul saymayıb. Qeyd edək ki, BŞİH Milli Şuranın mayın 3-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə razılıq verməyib. Əvəzində mitinqin mayın 2-də keçirilməsi təklif olunub.
Məsələylə bağlı "Unikal"a açıqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Milli Şuranın mitinqinin təxirə salınmasında təəccüblü bir şey olmadığını deyib. Onun sözlərinə görə, cəmiyyətdən hər hansı bir dəstək almayan qüvvə axırda bu şəkildə biabır olmalı idi: "Mətbutdan oxudum Əli Kərimli deyib ki, onun mitinqinə guya 50 000 adam gələcək imiş. Bu fikirdən sonra insan da belə qənaət yaranır ki, artıq Əli Kərimli foksla məşğul olur. Bu adamın keçirtdiyi "mitinq" şousuna polis, jurnalistlərlə birlikdə 2000-3000-dən artıq adam iştirak etmir. Mitinqə gələnlər də öz partiya mənsubiyyəti olanlar və onların yaxın qohum-əqrəbaları olur. Bunu bütün icitmaiyyət və beynəlxalq təşkilatlar da görür. Bu qədər ağ yalanı ancaq Əli Kərimli deyə bilər. Əli Kərimli ayda 3 dəfə mitinq keçirir. Bu mitinqləri onu görə edir ki, istəyir bu ərəfələrdə Qərb və bəzi beynəlxalq təşkilatlar onun siyasi mövcudluğunu görsünlər. Guya bu ölkədə əsas müxalifət partiyasıdır. Özünü təqdimatdan başqa bir şey deyil. Bakı şəhər icra hakmiyyəti Əli Kərimlinin növbəti mitinqinə icazə verməməsinin səbəbini bilmirəm. Ancaq ayda 3 dəfə mitinq edən Əli Kərimli mayın 3-də eyni mitinqi etsə idi nə dəyişəcək idi? Heçnə. Ona görə də indi icazə verilməməsindən də siyası şou düzəldir".
Bu barədə "Unikal"a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də deyib ki, Milli Şura xaricdəki havadarlarından sifariş alıb ölkəni qarışdırmaq istəyir. Onun sözlərinə görə, aranı qatmaq məqsədiylə keçirilən mitinqlərə icazə verilməməlidir. Partiya sədri Birinci Avropa Oyunları ərəfəsində fəallaşan anti-Azərbaycan qüvvələri haqqında danışaraq qeyd edib ki, bu qüvvələr ölkəmizi dünyaya yaxşı mənada təqdim etmək əvəzinə, ermənipərəst mövqedən çıxış edirlər: "Müəyyən vəsait qarşılığında ermənilərlə, ermənipərəst qüvvələrlə iş birliyində olanlar yalan məlumat verməyi dayandırmalıdır. Heç olmasa ümumi milli maraqlar xatirinə Birinci Avropa Oyunları ərəfəsində bu oyunların yüksək səviyyədə keçirilməsi üçün bütün səylərimizi birləşdirib dövlətimizin yanında olaq. Belə bir ərəfədə mitinq keçirməklə ölkədə aranı qatmaq istəyənlər bizi qarşılarında görəcəklər".
Hafiz Hacıyev AXCP sədri Əli Kərimliyə, Milli Şuranın sədri Cəmil Həsənliyə, eləcə də erməni lobbisinin maliyyə dəstəyi nəticəsində ABŞ və Qərbin verdiyi təlimatlara uyğun anti-Azərbaycan kampaniyasında iştirak edən QHT-lərə də müraciət edib. Partiya sədri bildirib ki, onların xarici qüvvələr qarşısındakı xidmətlərinə görə, heç də başları sığallanmayacaq: "Siyasi qisasçılığınızı, böhtanlarınızı, erməni diasporasına işləməyinizi bir müddət də olsa dayandırmalısınız. Əks təqdirdə heç kim yaxşı mənzərənin şahidi olmayacaq. Elə bilirsiniz sifarişini yerinə yetirdiyiniz Con Kerrilər başınızı sığallayacaq?! Ağlınızı gec də olsa, başınıza yığın. Əli Kərimli və Cəmil Həsənlilər satqınlığın daşını ətəklərindən atıb doğru yola qayıtmalıdırlar. Ailələrini idarə edə bilməyənlər dövləti idarə etmək həvəsinə düşüblər. Həmin insanlara demək istərdim ki, gedin birinci özünüzü idarə edin sonra dövləti. Ona görə də heç olmasa, bu arada xəyanətə ara versinlər, milli maraqlarımıza qarşı çıxmasınlar".

Qərib Gərayzadə