Avropanın

Avropanın Azərbaycan oyunu

Azərbaycanda parlament seçkilərinə Qərbin "hazırlığı"

Azərbaycan bu ilin sonunda çox ciddi bir sınaqdan çıxmalı olacaq. Çünki hazırda Azərbaycan Avropa oyunları keçirməyə hazırlaşır, Avropa isə Azərbaycanda oynamağa tədarük görür. Avropanın bu oyunu isə Azərbaycanda keçiriləcək parlament seçkilərində daha qabarıq şəkildə ortaya çıxacaq. Ümumiyyətlə ekspertlər hesab edir ki, bu ilki parlament seçkiləri kifayət qədər mürəkkəb və islahatlara meyilli bir seçkilər olacaq. Nəyə görə?

YAP yeniləşməyə gedir

İlk növbədə ona görə ki, on illərdir ki, fəaliyyət göstərən YAP parlamentdə çoxluq təşkil edir və hakim partiyanın özündə yeniləşmə prosesinə start verilib. Dünənə qədər hakim partiyanı parlamentdə Mübariz Qurbanlı, Əli Əhmədov kimi simalar təmsil edirdisə, artıq bu şəxslər icraedici strukturda çalışırlar və deməli parlamentdə onların yerlərinə yeni simalar gətirilməlidir. Bundan başqa hakim partiyanı parlamentdə təmsil edən simaların bir hissəsi artıq kifayət qədər yaşa dolub və buna görə seçkilərə qatılmayacaqlar. Nəhayət,YAP-da baş verən prosesləri təhlil edəndə məlum olur ki, partiyanın Siyasi Şurasında,İdarə heyətində yaxın zamanlarda ciddi yeniləşmələr olacaq və bu islahatlar özlüyündə parlamentə də təsirsiz ötüşməyəcək.

Keçmiş məmurların mandat həvəsinə son

Bu günkü parlamentin tərkibinə baxanda aydın olur ki, parlamentdə kifayət qədər millət vəkili var ki, bu şəxslər uzun illər hakimiyyətdə hansısa postlarda təmsil olunublar və etibarlılıqlarına görə YAP xətti ilə seçkilərdə iştirak edərək qalib gəliblər. Amma bu beş il ərzində aydın oldu ki, keçmiş məmurların böyük hissəsi parlamentdə lazım olan effekti verə bilmirlər və bu YAP-ın mövqeyini əslində zəiflədir. Başqa sözlə bu şəxslər artıq millət vəkili olaraq kriteryalara cavab vermirlər və onların yerinə daha gənc kadrların gətirilməsi şübhəsizdir.

Bitərəflərin bixəbərlikləri

Hazırkı parlamentdə kifayət qədər bitərəf deputatlar da var və onların da fəaliyyəti marağı cəlb edir. Ümumilikdə götürəndə parlamentdəki bitərəfləri aşağıdakı kateqoriyalara bölmək olar
- Siyasi hazırlığı olan bitərəflər
- YAP-a daha çox meyl edən və seçkilər zamanı YAP-ın namizəd vermədiyi dairələrdən deputat seçilən bitərəflər
- Siyasətdən çox biznesə maraq göstərən bitərəflər.
Beşillik parlament tarixində məlum oldu ki, bu kateqoriyadan yalnız birincilər ümidləri doğrultdu.Zahid Oruc, Azay Quliyev, Adil Əliyev timsalında kifayət qədər aktiv millət vəkillərini görə bildik. İkinci və üçüncü kateqoriyalara gəldikdə burada durum heç də ürəkaçan olmadı. Düzdür, ikinci kateqoriyaya aid deputatlar hansısa məqamda aktivlik nümayiş etdirdilər,amma fəaliyyətlərindəki dağınıqlıq, qanunvericilik sahəsindəki təcrübəsizlikləri də diqqətdən yayınmadı.Üçüncü kateqoriyaya gəldikdə isə bu şəxslərin millət vəkili olub olmamalarını müşahidə etmək mümkünsüz idi və bu şəxslər daha çox özəl bizneslərinin inkişafı ilə məşğul oldular. Həmçinin bu kateqoriyadan olan millət vəkilləri əslində təmsil olunduqları rayonların icra strukturunun az qala yedəkçi bir qüvvəsinə çevrildilər.

Siyasi partiya
mənsubiyyətli
millət vəkilləri

Hazırda parlamentdə konkret siyasi partiyaları təmsil edən millət vəkilləri də var və hakim partiyanı çıxmaq şərti ilə yerdə qalan partiyaları təmsil edən deputatların da bütövlükdə fəaliyyətləri üərkaçan deyil. Bu gün elə partiya sədri var ki, beş il ərzində parlamentdə nəyə görə təmsil olunduğunu heç özü də bilmir və sözsüz ki, bu seçkilərdə seçicilər sosial bazası zəif olan belə partiya liderlərini yaxına buraxmayacaqlar.
Yeni parlamentdə ola biləcək yeniliklər
Maraqlıdır, bəs qarşıdan gələn parlament seçkilərində hansı yeniliklərin şahidi ola biləcəyik?.İlk növbədə bu yenilik Yeni Azərbaycan Partiyasından olacaq. Şübhə yoxdur ki, bu seçkilərdə də hakim partiya üstünlüyünü qoruyub saxlaya biləcək. Amma bu dəfə Yeni Azərbaycan Partiyasını təmsil edəcək namizədlərin müəyyən hissəsi sürpriz simalar olacaq və bu dəfə qadınların üstünlük təşkil edəcəyi də gözləniləndir.Bitərəflərə gəldikdə isə ötən seçkilərdə YAP daha çox bitərəf namizədlərə dəstək vermişdi. Amma bu dəfə hakim partiya bitərəflərə o qədər də ürək açmayacaq və bitərəf olaraq seçilən millət vəkillərinin böyük əksəriyyəti siyasi baxımdan hazır insanlar olacaq. Yəni keçmiş məmurlar və biznesmenlər bu seçkilərə o qədər də ümid bağlamamalıdırlar. Başqa bir tərəfdən etiraf etmək lazımdır ki, bu seçkilərdə elə millət vəkilləri var idi ki, konkret olaraq hansısa nazirlərin təsir dairəsində idilər və onların seçilməsində həlledici rol oynamışdılar. Amma bu seçkilərdə də məlum millət vəkillərini görmək mümkün olmayacaq. Çünki həmin millət vəkilləri bu beş il ərzində hansısa nazirin lobbiçiliyini həyata keçirtməyə çalışdılar ki, bunun da nəticəsi uğurlu olmadı.

Müxalifətin
parlament yolu

Ekspertlər hesab edir ki, qarşıdan gələn parlament seçkilərində müxalifətin də aktivliyi müşahidə olunacaq. İlk növbədə məlum oldu ki, müxalifət düşərgəsindən parlamentdə təmsil olunan Qüdrət Həsənquliyev, Asim Mollazadə, İqbal Ağazadə, Fazil Mustafa kifayət qədər aktiv oldular və növbəti seçkilərdə onların yenidən təmsil olunmaları şübhəsizdir. Hətta adı çəkilən şəxslərin rəhbərləri olduğu partiyalardan başqa şəxslərin də seçkilərdə qalib gəlmə şansları ehtimal edilir. Bu isə istər-istəməz parlamentin müxalifət payını artıra bilər. Yeri gəlmişkən qarşıdan gələn parlament seçkilərində Qeyri Hökümət Təşkilatları rəhbərlərinin də aktivlik göstərəcəyi şübhəsizdir. Çünki son bir neçə il ərzində QHT rəhbərlərinin ictimai-siyasi aktivliyi,hadisələrə daha çevik reaksiyalar verməsi, Azərbaycanın qanunvericilik bazasının formalaşmasında səmərəli təkliflərlə çıxış etmələri onların şansını kifayət qədər artırıb. Elə son günlər ABŞ Dövlət Katibi Con Kerrinin rəhbərliyi ilə Azərbaycana qarşı kampaniyanın başlanmasına daha effektli reaksiya verənlər də QHT təmsilçiləri oldu və cəmiyyət tərəfindən də rəğbətlə qarşılandılar. Buna görə ehtimal etmək olar ki, parlamentdə bu dəfə bitərəflərin böyük əksəriyyəti məhz QHT təmsilçiləri olacaqlar.

"125-lər klubu"nun şansı

Apardığımız araşdırmalar bunu da təsdiqlədi ki, qarşıdan gələn parlament seçkilərində artıq bir ildir ki, fəaliyyət göstərən "125-lər klubu"da aktivlik göstərəcək. Xatırladaq ki, adı çəkilən klubun üzvləri əsasən gənc yazarlardan, jurnalistlərdən və ictimai sektor təmsilçilərindən təşkil olunub. Daha çox bitərəf mövqe tutmağa çalışan klub üzvləri maraqlı aksiyaları, yanaşmaları ilə də yadda qalıblar. Bu baxımdan hesab etmək olar ki, "125-lər klubu" seçicilərin marağını cəlb edə biləcəklər.

Ənənəvi müxalifətin
dağınıqlığı

Qarşıdan gələn parlament seçkilərində sözsüz ki, ənənəvi müxalifət AXCP və Müsavat da iştirak edəcək. Hər zaman bir blok altında seçkilərə qatılan AXCP və Müsavat bu dəfə ayrı-ayrılıqda seçkilərə qatılacaqlar. Bəs qazana biləcəkləri uğur nədən ibarət ola bilər? Qeyd edək ki, son prezident seçkilərindən sonra istər AXCP , istərsə də Müsavat ciddi parçalanmalarla üz-üzə qaldılar. Bu gün faktiki olaraq hər iki partiyanın aparıcı simaları partiya ilə əlaqələrini kəsiblər və yəqin ki, seçkilərdə müstəqil namizəd kimi iştirak edəcəklər. Bir müddət öncə Razi Nurullayevin AXCP-dən getməsi ilə partiya tamam siyasi gücünü itirdi. Deməli bu seçkilərdə AXCP-dən ciddi hansısa nəticələri gözləmək mümkünsüzdür və hakim YAP seçkidə təbliğat-təşviqat işlərini daha yaxşı qurarsa AXCP proseslərdən kənarda qalacaq. Müsavatda isə durum tamam başqadır. Belə ki, partiya qurultaydan sonra parçalanmadan qaça bilmədi və hazırda parçalanma prosesi davam edir. Buna görə Müsavat partiyasının kimlərlə, hansı namizədlərlə seçkilərə qatılmasının özü sual altındadır. Buna görə ekspertlər hesab edir ki, qarşıdan gələn seçkilərdə ənənəvi müxalifət partiyalarının yox, bu partiyalardan kənarlaşdırılmış Razi Nurullayev, Qubad İbadoğlu, Vurğun Əyyub kimi şəxslərin şansı daha yüksək götürülür və onların parlamentdə təmsil olunması daha realdır. Amma istənilən halda bu şəxslərin də parlamentə düşməsi müxalif deputatların sayını artıracaq.

Avropanın
Azərbaycan gedişi

Azərbaycanda seçkilərlə bağlı durum, siyasi qüvvələrin gücü bu qədər şəffaf görünürsə onda Qərb dairələri Azərbaycanda hansı ekstrimal vəziyyət yaratmağa çalışırlar və bu nə qədər effektli olacaq? Ekspertlərin fikrincə əslində Avropanın bu gün Azərbaycanda süni şəkildə qarşıdurma yaratmaq üçün imkanları o qədər də çox deyil. Hazırda siyasi qüvvə olaraq yalnız Milli Şuranın imkanlarından yararlana bilərlər ki, bu da istənilən effekti verə bilməz. Buna görə ehtimal olunur ki, müəyyən Qərb dairələri daha çox fərdlərlə işləməyə üstünlük verəcəklər. Yəni hansısa fərdin maksimal dərəcədə siyasiləşməsinə çalışacaq və daha sonra ondan əzabkeş lider yaratmaqla hadisələrə təsir etmə yolu tutacaqlar.Hətta ölkədə siyasi düzəni dəyişmək üçün hansısa siyasi qətllərin baş verməsi də onlar üçün optimal yollardan birinə çevrilə bilər. Bunu da unutmayaq ki, son on il ərzində Qərb dairələri siyasi qətllərdən maksimal şəkildə bəhrələnməyə daha çox üstünlük verirlər.Nəhayət Avropa Azərbaycanda heç də əksər vaxtlar dəstəkləmədiyi qüvvələri də aktivləşdirməklə proseslərə müdaxiləni həyata keçirə bilər. Bütün bunları cəmləşdirərək demək olar ki, kənar müdaxilələr olmazsa Azərbaycanda parlament seçkiləri kifayət qədər normal keçəcək və yeni parlament daha zəngin siyasi qüvvələrdən formalaşmış parlamentə çevrilə bilər.