Elman Rüstəmov yenidən vətəndaşların maraqlarına qarşı
09:27 08-05-2015
İQTİSADİYYAT
Elman Rüstəmov yenidən vətəndaşların maraqlarına qarşı
Mərkəzi Bank Konstitusiya Məhkəməsinin plenumunda dollarla kreditlərin köhnə məzənnə ilə verilməsinə qarşı çıxdı
Maliyyə sektorunun və dollarda kredit borcu olan insanların gözü-qulağı Konstitusiya Məhkəməsindədir. Dünən qurumun Plenumunun iclası keçirilib, iddiaçıların, maraqlı tərəflərin və hakimlərin fikirləri dinlənilib. Yekun qərarın isə yaxın günlərdə açıqlanacağı gözlənilir.
Amma ən maraqlısı odur ki, plenumda Azərbaycan Mərkəzi Bankının baş direktoru Rəşad Orucov çıxış edib. O, "Konstitusiya Məhkəməsi dollarda olan kreditlərin köhnə məzənnə ilə ödənilməsini ehtiva edən qərar qəbul edərsə, bu, Azərbaycanın maliyyə sisteminin çökməsinə səbəb ola bilər", deyib.
Rəşad Orucov qeyd edib ki, "kreditlərin verilməsi" "ödəniş vasitəsi" anlamına gəlmir. Pul da əşyalardan biridir. Kredit verilməsi, bankın pul mülkiyyətini borcalana istifadə etməyə verməsi deməkdir. Əşyanın valyutasının müəyyən edilməsi və ya seçilməsi tərəflərin öz hüququdur.
"Əgər kredit dollar əşyasında verilibsə dollarla, manat əşyasında verilibsə manatla geri qaytarılmalıdır",- o deyib.
Mərkəzi Bank rəsmisinin sözlərinə görə, kreditlərin dollarla verilməsi Konstitusiyaya zidd deyil. Konstitusiyaya görə, Azərbaycan ərazisində yeganə ödəniş vasitəsi manatdır. Ödəniş dedikdə alınan mal və xidmətlərin dəyərinin ödənilməsi başa düşülür. Kreditin verilmsi isə, pul əşyasından mülkiyyət hüququnun başqasına verilməsidir.
Rəşad Orucov qeyd edib ki, bu gün Azərbaycanda bank sisteminin aktivlərinin 87%-i cəlb edilmiş vəsaitlərdən ibarətdir. Cəlb edilmiş vəsaitlərin böyük hissəssini depozitlər, depozitlərin də böyük bir hissəsini əhalinin əmanətləri təşkil edir:
"Bu gün banklarda əhalinin 7,8 milyard manat əmanəti var. Son vaxtlar bu əmanətlərin böyük bir hissəsi xarici valyutaya konvertasiya edilib. Əgər ötən ilin sentyabr ayının 1-də banklarda əhalinin əmanətlərinin 37%-i xarici valyutada idisə, bu gün əmanətlərin 67%-i xarici valyutadadır. Əmanətlər qısa bir müddətdə xarici valyutaya çevrilibdir, banklar isə bu vəsaitləri tam yerləşdirə bilməyiblər. Bu səbəbdən də bankların əlavə 800 milyon manat xərcləri əmələ gəlib".
Mərkəzi Bank nümayəndəsi qeyd edib ki, fərqli qərar qəbul edilərsə;
- bankların itkiləri arta bilər,
-banklar öz öhdəliklərini yerinə yetirə bilməyəcəklər, o cümlədən əmanətləri geri qaytara bilməyəcəklər,
-maliyyə sistemində sabitlik pozula bilər,
- bankların müflis olmasının dövlət büdcəsi hesabına qarşısının alınması gündəmə gəldiyindən əhəmiyyətli büdcə xərcləri yarana bilər,
- bankların kredit vermək imkanları azalacaq,
- biznes və əhali kredit ala bilmədiyindən iqtisadi inkişaf ləngiyəcək,
- İqtisadi inkişaf ləngiyəcəyindən şirkətlər işçiləri ixtiar edəcəklər,
-Biznesdə inkişaf dayandığından ödənilən vergilər azalacaq,
-Bankların öz kapitalları aşağı düşəcək,
-Bankların kapitalları azaldığından xarici kreditorlar Azərbaycan banklarına verdikləri kreditləri geri tələb edəcəklər. Bu da ölkənin valyuta ehtiyatlarına ciddi təzyiq yarada bilər,
-Risklər domino effekti ilə digər sahələrə ötürülə bilər.
Onsuz da indiyədək hüquqşünaslar Konstitusiya Məhkəməsi Plenumunun qərarının bankların xeyrinə ola biləcəyini proqnozlaşdırırdılar. Böyük ehtimalla, "kreditin verilməsi" və ya "öhdəliyin yaranması", "kreditin ödənilməsi", "pulun dövriyyəsi" anlayışlarının "ödəniş vasitəsi" anlayışları ilə eyni olmadığı izah ediləcək.
Konstitusiyanın 19-cu maddəsinə görə, Azərbaycan ərazisində yeganə ödəniş vasitəsi manatdır. Lakin kreditin verilməsi və qaytarılması "ödəniş" sayılmayacağından, dollarla olan kreditlər dollarla alınmışdırsa, dollarla da geri qaytarılmalı olacaqdır.
Sadəcə, plenumdan belə göründü ki, Elman Rüstəmovun rəhbərlik etdiyi Mərkəzi Bank yenə də vətəndaşların maraqlarına zidd mövqe tutur. Gözlənilmədən devalvasiya qərarı verməklə onsuz da ictimai rəydə ciddi tənqid hədəfinə çevrilmiş Elman Rüstəmovun işçisinin plenumda dedikləri Mərkəzi Bankın sadə insanların deyil, bankların maraqlarından çıxış etdiyini göstərir.
Yəqin ki, Rüstəmovun rəhbərlik etdiyi Mərkəzi Bankın belə bir mövqe sərgiləməsi «baş bankir"i yenidən ictimai qınaqla üz-üzə qoyacaq. Çünki ölkə əhalisi hazırda böyük ümidlə Konstitusiya Məhkəməsindən çıxacaq qərarı gözləyir. Amma Mərkəzi Bankın bu məsələdə tutduğu mövqe Konstitusiya Məhkəməsinin qərarının vətəndaşların maraqlarına zidd olması ehtimalını daha da qüvvətləndirir.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05