Müsavatda şok istefa dalğası
07:23 14-05-2015
İQTİSADİYYAT
Müsavatda şok istefa dalğası
Partiya daxilindəki narazılıq böyüyür; bir gündə 22 nəfər partiyadan getdi
Müsavat Partiyasının rəhbərliyi dünən daha bir şok yaşayıb. Partiya sıralarında daha bir istefa dalğası baş verib və bir gündə 22 nəfər bəyanat verərək partiyanı tərk edib.
Müsavatın Nizami rayon təşkilatının bir qrup üzvü bəyanat yayaraq partiyadan istefa verib. "Unikal"a daxil olan bəyanatda qeyd olunub ki, Müsavatın VIII qurultayından sonra Arif Hacılı başqanlıq dövründə partiyada gedən siyasi kursu öz məcrasından çıxararaq partiyadaxili dağıdıcılıq müstəvisinə keçirib: "İllərini partiyaya vermiş, fədakar, mübariz insanların, alimlərin, ziyalıların, partiya başqanlığına olan namizədlərin rəhbərlik tərəfindən Müsavat Partiyasından çıxarılması müsavatçılar arasında hiddətə səbəb olub. Mövcud Divan və Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) "cəza kəsmə" məntəqəsinə və öz mənafelərinə uyğun "saxta bəyanat" verməklə kifayətlənən bir quruma çevrilib. Arif Hacılının müsavatçılara olan şəxsi "kin-küdurəti, avtoritar idarəetmə üsulu Müsavat Partiyasında dağıdıcılıq kimi xoşagəlməz situasiya yaradıb.
Partiya Nizamnaməsindən kənar əməllər, müsavatçılara vurulan damğa, Qubad İbadoğlu, Vurğun Əyyub kimi siyasi aydınların partiyadan çıxarılması Arif Hacılının Məhəmməd Əmin Rəsulzadə yolundan sapmasının bariz nümunəsidir. Müsavat idarəçiliyində yol verilən qüsurlara etiraz edərək, biz aşağıda adları çəkilən şəxslər partiyadan istefa veririk: "Nizaməddin Quliyev - Azərbaycanda xalq hərəkatının fəallarından biri, Müsavat Partiyasının sabiq başqanının müşaviri, Mirismayıl Hadiyev - Müsavat Partiyasının sabiq Məclis üzvü, vəkil, Qalabəy Ağalarlı - Nizami rayon təşkilatı Ali Məclisinin üzvü, Gülağa Şərifzadə - Nizami rayon təşkilatın sədr müavini, Şura üzvü, Arif Quliyev - təşkilatın sədr müavini, özək sədri, Qurban Qocayev - Şura üzvü, Yaqub Xanəliyev - Şura üzvü, Maarif Məmmədov - üzv, Əfqan Rəfiyev - üzv, Nəriman Məmmədov - üzv, Sərvər Məmmədov - üzv, Ceyhun Eyvazov - üzv, Rəşad Quliyev - üzv, Vahid Əzimov - Şura üzvü, Etibar Qasımov - üzv, Əlif Şərifov - üzv, Şikar Əliyev - üzv, Kərim Cəbrayılov - üzv, Müşfiq Səfərov - üzv, Bayram Məmmədov - üzv, Fazil Məmmədov - üzv, Firidun Eyvazov - üzv.
Partiyanın Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı bəyanatdan xəbərsiz olduğunu bildirib. O deyib ki, həmin şəxslər istefa bəyanatı yayıblarsa, bu, təəssüfləndiricidir.
Bir məsələni də nəzərə çatdıraq ki, iki gün öncə partiyanın Divanında bir neçə nəfər narazı müsavatçı da partiyadan xaric edilmişdi. Belə götürəndə, son bir ay ərzində Müsavatdan yüzə yaxın adam istefa verib, yaxud da çıxarılıb.
"Unikal"ın məlumatına görə, Müsavat Partiyasının gənc funksioneri, başqanlığa keçmiş namizəd Tural Abbaslı hazırkı durumla bağlı sərt mövqe sərgiləyib. Onun sözlərinə görə, öz fədakar üzvlərinə belə qiymət verən Müsavat rəhbərliyindən uğur gözləmək çətindir. T.Abbaslı hesab edir ki, Arif Hacılının apardığı siyasət partiyanı nüfuzdan salır: "Partiyadan çıxarılanlar nə müsavatçılıqlarına, nə əqidələrinə, nə də mübarizələrinə heç bir şübhəm olmayan və şəxsən tanıdığım dəyərli bəylərdir. Onlar Qarabağ qazisi və Müsavatın ən güclü rayon təşkilatını quran insanlardır. Təəssüf ki, partiya rəhbərliyi hələ də Arif Hacılı qrupunun deyil, Müsavat partiyasının rəhbərliyi olduğunu unudub". Onun sözlərinə görə, Müsavat rəhbərliyi mövqeyindən geri çəkilməsə, partiya bərbad günə qalacaq. "Əgər bu mənfi tendensiya tez bir zamanda aradan qaldırılmasa və partiyada daxili barışıq mühiti formalaşdırılmasa, Müsavat növbəti qurultaya qədər belə intriqaların qurbanı olmaqda davam edəcək.İdarə strukturlarının səs çoxluğu Arif Hacılı qrupunun tərəfindədir. Belə olan halda bizim edə biləcəyimiz heç nə qalmır. Sadəcə olaraq bir daha partiya rəhbəri Arif Hacılının tarix qarşısındakı məsuliyyətini xatırlatmaq istəyirəm. Əminəm ki, bu aqressiv siyasət davam etsə, Arif Hacılıya səmimi inanan müsavatçıları belə onun ətrafından qaçırdacaq. Əminəm ki, Rəsulzadə sağ olsaydı, onu da partiyadan çıxarardılar".
Görünən odur ki, Müsavatda bu gedişlə Arif Hacılı və qardaşları, İsa Qəmbər və bir neçə qohum-əqrəbasından başqa heç kim qalmayacaq.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05