Əlil vətəndaşların hüquq və azadlıqları dövlət səviyyəsində qorunur
Hüquqşünas Mehman Muradlı deyir ki, Azərbaycan dövləti neqativ halların baş verməməsi üçün beynəlxalq qanunlarda nəzərdə tutulduğu kimi, öz vətəndaşlarının hüquqlarını çox ciddi qoruyur
Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması artıq dövlətin prioritet siyasətinə çevrilib. Demək olar ki, hər sahədə hər bir vətəndaşın hüquqları qorunur və gün keçdikcə təkmilləşdirmə aparılır.Bunun üçün qanunvericilik bazasının möhkəmləndirilməsi də önəmlidir ki, bu yöndə də davamlı addımlar atılır.
Tanınmış hüquqşünas Mehman Muradlı "Unikal"a açıqlamasında dövlət tətəfindən vətəndaşların bütün sahələrdə hüquq və azadlıqlarının qorunması üçün lazım olan bütün addımların atıldığını dilə gətirib.Onun sözlərinə görə, hər bir vətəndaş dövlətin diqqət mərkəzindədir və hüquqları qanunlarla qorunur: "Təbii ki, diqqət və qayğıya ehtiyacı olan vətəndaşlarımızın hüquqlarının qorunmasına daha həssas yanaşılır.Azərbaycan müstəqillik qazanandan sonra ölkədə cəmiyyətin bir hissəsi olan əlillərə dövlət qayğısı dəfələrlə yüksəlib. Bu sahədə bir çox qanunlar qəbul olunub, vaxtaşırı əlillərə mənzil, maşın və sair kimi vasitələr hədiyyə edilir, ildən-ilə onlara verilən pensiya və təqaüdlər artırılır. Bundan əlavə, Azərbaycan dövləti 13 dekabr 2006-cı il tarixində "Əlillərin hüquqları haqqında" beynəlxalq konvensiyanın Fakültətiv Protokoluna qoşulmaq barəsində qanun da qəbul edib. Məhz həmin qanunda insana aid olan bütün hüquq və azadlıqların qorunması nəzərdə tutulur və təbii ki, Azərbaycan da həmin sənədi imzalamaqla bu öhdəlikləri öz üzərinə götürmüş olub.Yeri gəlmişkən, beynəlxalq konvensiyanın 1-ci bəndində insanların, o cümlədən əlillərin hüquqları təsbit olunub. Bu konvensiyanın məqsədi bütün əlillər tərəfindən insan hüquqlarının və əsas azadlıqlarının tam,bərabər səviyyədə həyata keçirilməsini həvəsləndirməkdən, müdafiə və təmin etməkdən, eləcə də onların ləyaqətinə hörmət göstərilməsini həvəsləndirməkdən ibarətdir. Konvensiyada göstərilir ki, əlillər kateqoriyasına müxtəlif maneələrlə qarşılıqlı təsir zamanı onların digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan insanlar aiddir. Sənədin 3-cü maddəsində isə ümumi prinsiplər göstərilib: a) şəxsi seçim etmək azadlığı və müstəqilliyi də daxil olmaqla, insan ləyaqətinə, onun şəxsi sərbəstliyinə hörmət olunması; b) ayrı-seçkiliyə yol verilməməsi; c) cəmiyyətə tam və səmərəli cəlb olunma və daxil olma; d) əlillərin xüsusiyyətlərinə hörmət olunması və onların insan müxtəlifliyinin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul olunması; e) imkanların bərabərliyi; f) müyəssərlik; g) kişi və qadınların bərabərliyi; h) əlil uşaqların inkişaf edən qabiliyyətinə hörmət və onların öz fərdiliyini saxlamaq hüquqlarına hörmət. Konvensiyanın 5-ci maddəsinə əsasən, Azərbaycan dövləti əlil vətəndaşların digərlərindən fərqləndirilməsi üçün öz üzərinə öhdəlik götürüb. Burada xüsusilə, əlil qadınlar və uşaqlar haqqında ayrıca maddələr qeyd olunub. Bu da ona görə nəzərdə tutulub ki, məhz qadınlar və uşaqlar, belə demək mümkündürsə, zəif təbəqə olduğundan daha çox ayrı-seçkiliyə və istismara məruz qalır. Ona görə də Azərbaycan dövləti bu kimi halların baş verməməsi üçün beynəlxalq qanunlarda nəzərdə tutulduğu kimi, öz vətəndaşlarının hüquqlarını çox ciddi qoruyur".
Qedy etmək lazımdır ki, Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarının təmini üçün formalaşdırılan qanunvercilik bazasında əsas məqamlardan biri də ayrı-seçkilik olmadan hər kəsin hüququnun təmin edilməsidiri. Sözsüz ki, əlillərin hüquqlarının qorunmasında da bu məqama xüsusi önəm verilib. M.Muradlı deyir ki, Azərbaycan dövləti ölkədə əlillərin ayrı-seçkiliyə məruz qalmamaları üçün maarifləndirmə işlərinə də böyük önəm verməkdədir. Onun sözlərinə görə, dövlət əlil vətəndaşların qabiliyyətini, bacarığını həmişə üzə çıxarmağa çalışır: "Bu məqsədlə konvensiyada da nəzərdə tutulduğu kimi,əlillərin vərdişlərinin, ləyaqət və qabiliyyətlərinin, habelə onların iş yerində və əmək bazarında verdikləri töhfənin tanınmasına kömək göstərir. Hətta bir çox hallarda əlil uşaqların təhsil almalarını asanlaşdırmaq üçün çoxsahəli təhsil müəssisələri, internat məktəbləri, əlillərin əmək bacarıqlarından istifadə etmələri üçün xüsusi iş yerləri yaradılır.Yeri gəlmişkən, BMT-nin "Əlillərin hüquqları haqqında" konvensiyasına dair Azərbaycan Respublikasının bəyanatı da mövcuddur ki, həmin sənəddə deyilir: Azərbaycan Respublikası bəyan edir ki, o Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində konvensiyanın müddəalarının yerinə yetirilməsinə işğal altındakı ərazilər azad edilənədək təminat vermək iqtidarında deyil".
Məlumat üçün onu da vurğulayaq ki, Azərbaycan müstəqillik əldə edəndən sonar qanunvericilik bazasını təkmilləşdirilmiş, insan hüquq və azadlıqlarının qorunması yönündə olan bütün beynəlxalq konvensiyalara qoşulub. Hətta insan hüquqlarının müdafiəsi ilə bağlı olan bir sıra beynəlxalq tədbirlərə belə ev sahibliyi edib. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 60 illiyinə və 3 dekabr Beynəlxalq Əlilliyi olan İnsan Gününə həsr olunmuş "Əlillərin hüquqları haqqında konvensiya: ləyaqət və ədalət hamı üçün" mövzusunda konfrans məhz Bakıda keçirilib. Tədbirdə səslənən fikirlərə görə, cəmiyyətin zəif qrupuna daxil olan insanlar hər zaman cəmiyyətin diqqətində olmalıdır.
Müsahibimiz onu da qeyd edib ki, bu beynəlxalq tədbirlərdən sonra da ölkədə insan hüquqlarının təmini, eləcə də əlil vətəndaşların hüquqlarının genişləndirilməsi üçün mühüm addımlar atılıb. Hüquqşünas deyir ki, Ombudsman Aparatı artıq əlillərin problemləri ilə bağlı müxtəlif dövlət qurumlarına müraciət də ünvanlayıb: "Həmin müraciətdə isə tibbi-sosial ekspert komissiyalarının işinin təkmilləşdirilməsinə kömək göstərilməsi xahiş olunur. Hətta Ombudsman Aparatının Nəqliyyat Nazirliyinə müraciətindən sonra ölkəyə gətirilən avtobuslarda əlilliyi olan insanların minməsi üçün xüsusi şərait yaradılıb. Yeri gəlmişkən, həmin dövrə qədər ölkəyə 130 belə avtobus gətirilib. Məhz bu müraciətlər əsasında Daxili İşlər Nazirliyi paytaxta görmə qüsuru zəif olan insanlar üçün 30-dan çox səsli işıqfor quraşdırıb.Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi isə küçələrdəki telefon-danışıq məntəqələrini əlillərin istifadəsi üçün yararlı vəziyyətə salıb. Ombudsman əlil uşaqlara baxan dayələrin əməkhaqlarının artırılması ilə bağlı da Nazirlər Kabinetinə müraciət edib. Yeri gəlmişkən, BMT-nin Azərbaycandakı ofisi də həmişə əlillərin məsələsini nəzarətdə saxlayır və Azərbaycan dövlətinin bu sahədə gördüyü işləri həmişə alqışlayır. Hətta ofisdən bildiriblər ki, konvensiyaya üzv ölkələrdən milli işçi qruplarının yaradılması vacibdir. Çünki bu sahədə mütəmadi monitorinqlərin keçirilməsi onların qarşısında mühüm vəzifə kimi qoyulmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin Sosial Müdafiəsi Baş İdarəsindən verilən məlumata görə, hazırda Azərbaycanda 450 mindən çox əlil yaşayır.Dövlət hər ay əlillik qruplarına uyğun olaraq onlara pensiya və sosial müavinətlər verir.Amma sosial müavinətlər aşağı olduğundan həmin vəsaitlə əlillər kommunal xidmətləri ödəməyə,müalicə olunmağa, normal qidalanmağa çətinlik çəkirlər. Azərbaycanda əlillərin cəmiyyətə inteqrasiyası ilə bağlı ciddi problemlər var. Bu gün əlillərin əsas problemlərindən biri təhsil ala bilməmək, işsizlik və mənzillə bağlıdır. Qanunla dövlət müəssisələrində hər 50 işçidən biri, güzəştli kateqoriyadan olanlar, o cümlədən əlillər olmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, hazırda əsasən mənzilə ehtiyacı olan Qarabağ əlilləri üçün evlər tikilib istifadəyə verilir. Hazırda respublikamızda əlillər üçün 9 bərpa mərkəzi fəaliyyət göstərir ki, həmin yerlərdə ildə 5000 əlil bərpa müalicəsi alır. 2011-ci ildə də əlillərin sosial müdafiəsi ilə bağlı bir sıra tədbirin həyata keçirilməsi nəzərdə tutulur. Bura əlillər üçün idman - sağlamlıq, reabilitasiya mərkəzlərinin istifadəyə verilməsi, onların xaricdə müalicəsinin təşkili məsələləri də daxildir. Əlillərə qayğı məsələsində ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əməyi də böyükdür. Məhz bu fondun köməkliyi ilə əlillər üçün xüsusi mərkəz tikilib, onların vaxtaşırı zəruri ehtiyacları ödənilir, diabetli xəstələr üçün dərmanlar alınır və sair".
Sonda müsahibimiz onu da xatırladır ki, Nazirlər Kabineti "2010-cu ildə əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin dövlət proqramı"nın və "2010-cu ildə ilk dəfə işaxtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin dövlət proqramı"nın təsdiq edilməsi haqqında 38 saylı qərar da qəbul edib. Onun sözlərinə görə, dövlətin əlil vətəndaşların hüquqlarının qorunması istiqamətində həyata keçirdiyi tədbirlər kifayət qədər olsa da, görüləsi işlər də var. M.Muradlı hesab edir ki, əlil vətəndaşların hüquqlarının qorunması istiqamətində bundan sonra da silsilə tədbirlər həyata keçirilə bilər və müasir dövrə uyğun olaraq, yeni infrastruktura uyğun yeniliklər edilə bilər.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16