İqtidar-müxalifət dialoqu davam etməlidir


İqtidar-müxalifət dialoqu davam etməlidir

Məlum olduğu kimi, mayın 15-də üçüncü dəfə iqtidarla müxalifət nümayəndələrinin görüşü keçirildi. Görüşdən sonra dialoq tərəfləri budəfəki toplantının nəticələrini müsbət qiymətləndiriblər.
"Unikal"a açıqlama verən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib ki, sonuncu görüş ötən görüşlərin davamı kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə,bu görüşlərə biz bütöv prosesin,siyasi baxışın tərkib hissəsi qismində yanaşırıq: "Hesab edirik ki, mövcud siyasi reallıqlar daxilində seçdiyimiz xətt yeganə düzgün davranış formasıdır. Formalaşmış ölkədaxili və xarici şərtlər bu yolun alternativinə şans tanımır. Digər davranış üslubları tərəfimizdən ictimaiyyətin aldadılması, eyni zamanda uğursuz və nəticəsiz yol kimi görülür. Bu günkü görüş əvvəlki görüşlərin davamı olaraq, bir masanın ətrafında, xarici təhrikçilər olmadan baş tutmuş iqtidar-müxalifət görüşü qismində dəyərləndirilir. Ötən dəfələrdə olduğu kimi hər tərəf öz siyasi baxışlarını açıqladı, ölkənin siyasi gələcəyi ilə bağlı fikirlərini izhar etdi. Biz Vətəndaş və İnkişaf partiyası olaraq, bu davranış tövrünə alternativ görmür, mövcud prosesi bu günə siyasi müşküllərin çözülməsi yolunda yeganə vasitə olararaq dəyərləndiririk".
"Unikal"ın məlumatına görə, ADP sədri Sərdar Cəlaloğlu da sonuncu iqtidar-müxalifət görüşündən razı qalıb. Onun sözlərinə görə, üçüncü görüşdə gündəlikdə əsas məsələ I Avropa Oyunlarının Bakıda keçirilməsi idi: "Mən bu məsələnin gündəliyə salınmasına ciddi önəm verdim. Əlbəttə, Oyunların Azərbaycana verəcəyi dividendlər bizimdir. Toplantıda bir çox partiya, əsasən, Oyunların gətirəcəyi dividendlər haqqında danışdılar. Bəzi məqamları nəzərə almaq lazımdır. Soçi Olimpiadası zamanı ABŞ Dövlət Departamenti bəyanat verdi ki, Rusiyaya getmək təhlükəlidir. Bununla da, turistlərin çoxu Soçiyə getmədi. Biz istəməzdik ki, ABŞ Dövlət Departamenti Avropa Oyunları ilə bağlı da analoji bəyanat versin. Ancaq bu kimi bəyanatlar verilərsə, onun qarşısını almaq üçün hansı addımlar atacağımızı müəyyən etməliyik. Həm də Avropa Oyunları ilə bağlı ölkəmizə çoxlu sayda jurnalist gələcək. "Avroviziya" mahnı müsabiqəsi zamanı da gəlmişdilər və sonradan onların bəziləri haqsız mənfi xəbərlər yaydılar. İndi bu Oyunlara gələn jurnalistlərin ermənipərəst mövqedən yazılar yazmasının qarşısını almaq üçün nə etmək lazımdır? Hakimiyyət və müxalifətin üzərinə bunu önləmək üçün hansı vəzifələrin düşməsi müəyyən edilməlidir. Biz imkan verə bilmərik ki, bu Oyunlarda medal alan 3-5 idmançı erməni lobbisinin təhriki və ya kimlərinsə işinin nəticəsi olaraq bəyanat yaysın. Belə olarsa, iqtidar və müxalifətin atacağı addımlar da müəyyən olunmalıdır. Məncə, dialoqda bu məsələlər dəqiqləşdirilməli, hər bir partiya buna uyğun olaraq fəaliyyətini qurmalıdır. Mümkün qədər mənfi hərəkətlərin qarşısını almaq, bizi istəməyən qüvvələrin bundan əleyhimizə istifadə edəcəyi təqdirdə atacağımız addımlar müəyyən edilməlidir".
ADP sədri onu da qeyd edib ki, dialoq bunu lazımlı deyil, zəruri prosesdir. "Hesab edirəm ki, dialoq ölkədə yeni bir potensialın ortaya çıxarılmasına xidmət edəcək. Dialoq vacib prosesdir, tərəflər dialoqa yüksək yanaşmalıdır. Nəzərə almaq lazımdır ki, I Avropa Oyunları ilə məsələ bitmir. Oyunlardan sonra da dialoq lazımdır. Dünyada baş verən proseslər göstərir ki, sürprizlər meydana çıxa bilər. Bu kimi situasiyalar zamanı vəziyyətdən itkisiz çıxmaq üçün siyasi dialoq demokratik prosedura kimi olmalıdır. Elə bir cari demokratik prosedura olmalıdır ki, istənilən zaman ondan istifadə edərək mənfi halların qarşısını ala biləsən və bu da dövlətçiliyə xidmət etsin. Odur ki, siyasi dialoq mühümdür. Bu mənada, ola bilsin ki, dialoqlar ilk zamanlar formal olsun, amma sonradan daha vacib məqamlar gündəmə gələ bilər. Siyasi qüvvələr bu imkandan istifadə edərək xalqımızın və dövlətimizin qarşısında duran problemlərin həllində nəticə əldə etməlidir".
Z.MƏMMƏDLİ