Cahangir Əsgərovun "ucuzlaşdırma siyasəti"nin sirri
11:52 06-06-2015
CƏMİYYƏT
Cahangir Əsgərovun "ucuzlaşdırma siyasəti"nin sirri
Rəqabət AZAL-ı qiyməti ucuzlaşdırmağa məcbur edir
"Turkish Airlines"in ardınca "Azerbaijan Airlines" (AZAL) Bakıdan İstanbula reysində xüsusi aksiyanın müddətini uzatmaq qərarına gəlib. Bu ilin aprelindən tarif dəyişmir və iki tərəfə 225 avrodur.
Hər iki şirkət eyni vaxtda xüsusi tarifin müddətini bir ay uzatmaq qərarına gəlib. İstanbul dünyanın çox az şəhərlərindəndir ki, iki aviaşirkətin təyyarələri ilə birbaşa reyslə (məsafə 1785 km) uçmaq olar. Rəqabət AZAL-ı qiyməti ucuzlaşdırmağa məcbur edir.
Müqayisə üçün deyək ki, AZAL Romaya (3122 km) iki tərəfə bileti 605 manata, Parisə (3818 km) – 625 manata, Vyanaya (2789 km) – 640 manata, Təl-Əvivə (1649 km) – 526 manata təklif edir.
AZAL gündə 3 dəfə Bakı-İstanbul-Bakı istiqamətində uçuşlar həyata keçirir. "Turkish Airlines" aviaşirkəti də bu qədər reys həyata keçirir.
"Azerbaijan Airlines" Avropa, ABŞ, Asiya və MDB ölkələri üzrə 57 istiqamətə 30 təyyarəni istismar edir.
Bir daha qeyd edək ki, göründüyü kimi, rəqabət AZAL-ı qiyməti ucuzlaşdırmağa məcbur edir. Xatırlatmaq artıqdır ki, son vaxtlar Cahangir Əsgərovun qurumu uçuş biletlərinin qiymətlərinin hədsiz baha olması səbəbi ilə sərt tənqidlərin hədəfinə çevrilib.
Ekspertlər bildirirlər ki, AZAL inhisarçı siyasət yürüdür və rəqiblərini bazara buraxmır "Bütün inhisarçılar kimi AZAL da bazarda öz mövqeyini qorumağa çalışır və bu inhisarçı mövqeyin ona gətirdiyi dividentləri toplamaqla məşğuldur. Digər rəqibləri bazardan sıxışdırıb çıxararaq daha çox vəsait qazanmaq istəyir. Büdcə hava yollarının Azərbaycandan sıxışdırılıb çıxarılmasının əsas səbəbi də məhz budur. AZAL və digər şirkətlər arasında qiymət fərqi həddindən artıq böyük idi, ona görə də AZAL bazardan rəqibləri yalnız inzibati üsullarla sıxışdırıb çıxarmaqla öz mövqeyini qorumağa çalışır" – onlar bildirirlər.
Yada salaq ki, Cahangir Əsgərovun rəhbərlik etdiyi AZAL bu ilin mart və aprel aylarında iki büdcə hava yollarının - Macarıstanın "WizzAir" və Türkiyənin "Pegasus" hava yollarının Azərbaycandakı fəaliyyətini dayandırmışdı. Bu iki hava yolları təyyarə biletlərinin ucuz qiymətlərinə görə səyahətçilər arasında populyardır. AZAL da məhz buna görə onları "ofsayd"a salmaqla öz inhisarçı mövqelərinin zəifləməməsinə çalışmışdı.
İndi AZAL-ın rəqabət faktoru sayəsində ucuzlaşmaya getməsi ölkənin hava nəqqliyyatında inhisarçılığın aradan qaldırılmasının nə qədər əhəmiyyətli məsələ olduğunu göstərir. Bazara yeni oyunçuların daxil olması Cahangir Əsgərovun qurumunun bütün istiqamətlərdə baha qiymətlərdən imtina etməsi məcburiyyəti yaradar, beləcə, vətəndaşların haqlı narazılığına son qoyardı.
Odur ki, inanmaq istəyirik, hökumət bu məsələdə həssaslıq nümayiş etdirəcək və AZAL-ın hava nəqliyyatında hegemonluğunu aradan qaldırmaq, bu sahəyə yeni şirkətlərin gəlişinin önünü açmaq istiqamətində konkret addımlar atacaqdır.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54