İnsan hüquqları ilə bağlı öhdəliklər
Bu gün dünyada insan hüquq və azadlıqları ilə bağlı müxtəlif fikirlər səslənməkdədir. Əksər analitiklər hesab edir ki, bu sahədə ciddi ziddiyətlər var və mütləq yeni qaydalar və formalar yaradılmalıdır. Ən azından ona görə ki, bu gün Şərq və Qərb dünyalarında insan hüquq və azadlıqlarına fərqli yanaşmalar var və bəzi məqamlarda insan hüquqları olaraq qəbul edilən qaydalar, digər qütblərdə qəbul edilmir. Düzdür ki, insan hüquqları ilə bağlı dövlətlərin götürdüyü öhdəliklər var. Amma bu öhdəliklər nədən ibarətdir və qayəsində nə durur, bax bu artıq başqa mövzudur. Bunun üçün gəlin öncəliklə bu öhdəliklərin nədən ibarət olmasına baxaq. "Kayzen" Araşdırma Mərkəzindən "Unikal"a təqdim olunan yanaşmada bildirilir ki, insan hüquqları sahəsində dövlətlər öz üzərlərinə müxtəlif öhdəliklər götürürlər ki, bu öhdəlikləri də iki qrupa ayırmaq olar.
Bunlardan birincisi maddi öhdəliklərdir. Digəri isə implementasiya öhdəlikləridir:" İkinci qrup öhdəliklər – beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş mexanizmlərin fəaliyyəti ilə bağlı dövlətlərin həyata keçirməli olduqları vəzifələrdir: beynəlxalq orqana (məsələn, Vətəndaş və siyasi hüquqlar haqqında Paktın 40-cı maddəsi əsasında İnsan hüquqları komitəsinə) dövrü məruzələr təqdim edilməsi: beynəlxalq orqanın (məsələn, Avropa insan hüquqları məhkəməsinin) fərdi şikayət üzrə çıxardığı qərarın icra edilməsi və s. Maddi öhdəliklər, əlbəttə ki, əsas kütləni təşkil edir və çox zaman dövlətlərin insan hüquqları sahəsindəki beynəlxalq öhdəlikləri dedikdə, məhz onlar nəzərdə tutulur. Bu öhdəliklər həm bütövlükdə insan hüquqlarını, həm də ayrı-ayrı hüquq və azadlıqları əhatə edir. Müxtəlif meyarlar tətbiq etməklə, göstərilən öhdəlikləri aşağıdakı növlərə ayırmaq olar:
müqavilə öhdəlikləri və beynəlxalq adətdən irəli gələn öhdəliklər;
ümumi və kokret öhdəliklər; konkret öhdəliklər öz növbəsində əsas və törəmə öhdəliklərə bölünür;
nəticə öhdəlikləri və davranış öhdəlikləri;
pozitiv və neqativ öhdəliklər;
"dərhal" və "tədricən" yerinə yetirməli olan öhdəliklər.
Ümumi və konkret öhdəliklər. Bu və ya digər müqavilənin iştirakçısı olmaqla, dövlət öz üzərinə konkret insan hüquqları ilə bağlı öhdəliklərlə yanaşı, müqavilədə təsbit olunmuş bütün hüquqlara aid olan ümumi öhdəliklər də götürür; məsələn, insan hüquqlarına hörmət etmək; insan hüquqlarının tədricən həyata keçirilməsinə səy göstərmək; insan hüquqlarını təmin etmək; insan hüquqlarını həyata keçirərkən ayrı-seçkiliyə yol verməmək; qanunvericilik və digər tədbirləri həyata keçirmək; effektiv dövlətdaxili hüquqi müdafiə vasitələri təmin etmək və s. (Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 2-ci maddəsi; İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 2-ci maddəsi; Avropa İnsan Hüquqları Konvensiyasının 1-ci maddəsi və s.).
Ayrı-ayrı insan hüquqlarına uyğun olan konkret öhdəlikləri öz növbəsində əsas və törəmə öhdəliklərlə ayırmaq olar. Əsas öhdəlik insan hüquqnun bilavəsitə məzmununu təşkil edir. İnsan hüquqlarının pozulması – ilk növbədə, əsas öhdəliyin pozulmasıdır. Məsələn, yaşamaq hüququnun pozulması, hər şeydən əvvəl, dövlət tərəfindən şəxsin özbaşına və ya qanunsuz öldürülməsində ifadə olunur. Törəmə öhdəliklər isə birbaşa və ya dolayı yolla əsas öhdəliklərin məzmunundan irəli gəlir və onları tamamlayır. Məsələn, yaşamaq hüququ ilə bağlı olan aşağıdakı törəmə öhdəlikləri göstərmək olar: insan həyatının mühafizəsinə yönəlmiş qanunvericilik aktlarının qəbul edilməsi; qəsdən adamöldürmə aktının təhqiq edilməsi; təqsirli şəxslərin cəzalandırılması və s. Təbii ki, bu öhdəliklər pozulanda da dövlət məsuliyyət daşıyır.
Nəticə öhdəlikləri və davranış öhdəlikləri. Nəticə öhdəlikləri dövlətdən müəyyən nəticənin və ya məqsədin əldə olunmasını tələb edir; dövlət bu nəticəyə nail olmaq üçün özü istədiyi davranış variantını seçə bilər. Əslində insan hüquqları sahəsindəki öhdəliklərin böyük əksəriyyəti nəticə öhdəlikləridir, belə ki, qanunvericilik, inzibati və özünün lazım bildiyi digər tədbirləri görməklə, dövlət son nəticədə fərdin hüququnu təmin etməlidir. Məsələn, əgər polis hər hansı şəxsi özünə yaşayış yeri seçmək azadlığından qanunsuz olaraq məhrum edirsə, yuxarı inzibati orqan və ya məhkəmə vasitəsilə dövlət hələ bu vəziyyəti düzəldə bilər və həmin qadağanı ləğv edə bilər. Yalnız əks halda dövlətin beynəlxalq məsuliyyəti ortaya çıxa bilər. Davranış öhdəlikləri isə dövlətdən müvafiq normada konkret müəyyən olunmuş əməlin həyata keçirilməsini tələb edir. Bunu etməməklə, dövlət öz beynəlxalq öhdəliyini pozmuş olur. Misallara müraciət edək. Vətəndaş və siyasi hüquqlar haqqında Paktın 25-ci maddəsində deyilir ki, "hər cür müharibə təbliğatı qanunla qadağan edilir". Avropa Sosial Xartiyasının 7-ci maddəsinin 2-ci bəndində dövlətlərin üzərinə belə bir vəzifə qoyulur ki, qanunvericilik qaydasında uşaqların təhlükəli və zərərli işlərə buraxılmasının minumal yaş həddini müəyən etsinlər. Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsinin 1-ci bəndində göstərilir ki, "hər bir kəsin həyatı qaunla qorunur". Bütün gətirilən misallarda davranış öhdəliyi müvafiq qanunun qəbul olunmasıdır. Belə bir qanunun qəbul edilməməsi dövlətin beynəlxalq öhdəliyinin pozulması deməkdir.
"Pozitiv" və "Neqativ" öhdəliklər. Mühüm praktik əhəmiyyətə malik olan bu bölgünün əsası da bu və ya digər insan hüququnun həyata keçirilməsi üçün dövlətdən tələb olunan davranışın xaraqteri dayanır. Əgər fərdin hüququnun təmin olunması üçün dövlətdən yalnız müəyyən hərəkətləri etməkdən (şəxsi özbaşına öldürməkdən, işgəncə tətbiq etməkdən, şəxsi həyata müdaxilə etməkdən və i.a.) çəkinmək tələb olunursa, bu, neqativ öhdəlikdir. Pozitiv öhdəliklər isə, əksinə, dövlətdən "aktiv müdaxilə", yəni müəyyən qanunvericilik, inzibati, təşkilati və digər tədbirlərin görülməsini tələb edir. Hal-hazırda elə bir insan hüququ yoxdur ki, onun tam təmin edilməsi dövlət tərəfindən hansısa pozitiv hərəkətlər olmadan mümkün olsun. Bu, həm "klassik" hüquqlara həm də ikinci nəsi hüquqlara aiddir. Doğrudur, bu zaman dövlətdən tələb olunan "müdaxilənin" dərəcəsi müxtəlif ola bilər: təbii ki, iqtisadi hüquqların həyata keçirilməsi üçün daha əhatəli və daha intensiv səylər tələb olunur.
Məsələn, belə görünə bilər ki, işgəncəyə məruz qalmamaq hüququ dövlətin üzərinə yalnız neqativ öhdəlik qoyur. Lakin beynəlxalq praktikada dəfələrlə qeyd edilmişdir ki, bu "kiassik" hüquq həm də pozitiv öhdəliklər doğurur; məsələn, dövlət təmin etməlidir ki, türmə gözətçiləri, polis, hərbi və tibbi heyət müvafiq beynəlxalq normalarla, o cümlədən Məhbuslarla rəftar haqqında BMT-nin minumal standart qaydaları ilə tanış edilsinlər; baş vermiş bütün işgəncə halları təhqiq olunsun; təqsirli şəxslər cəzalandırılsın və s. Burada habelə yaşamaq hüququ ilə bağlı yuxarıda göstərdiyimiz misalı xatırlamaq olar. Sırf "klassik" hüquq sayılan yaşamaq hüququ dövlətlər üçün bir sıra pozitiv öhdəliklər müəyyən edir: insan həyatının mühafizəsinə yönəlmiş qanunvericilik aktlarının qəbul edilməsi; qəsdən adamöldürmə cinayətinin təhqiq edilməsi; təqsirli şəxslərin cəzalandırılması və s.
"Dərhal" və "tədricən" yerinə yetirilməli olan öhdəliklər. Dövlətlərin insan hüquqları sahəsindəki öhdəliklərinin bu təsnifatına İqtisadi, sosial və mədəni hüquqlar haqqında Paktın 2-ci maddəsi "səbəb olmuşdur". Həmin maddənin 1-ci hissəsində deyilir: "Bu Paktda iştirak edən hər bir dövlət öz üzərinə vəzifə götürür ki, Paktda tanınmış hüquqların tədricən tam həyata keçirilməsini təmin etmək üçün, fərdi qaydada və beynəlxalq yardım və əməkdaşlıq çərçivəsində, özündə olan ehtiyatlardan maksimum istifadə etməklə… tədbirlər görsün ". Bu müddəa, sözü gedən Paktın mərkəzi müddəası olmaqla, müqavilədən irəli gələn bütün digər öhdəliklərin təbiətini müəyyən edir. Verdiyimiz ayırmalardan görünür ki, iqtisadi, sosial və mədəni hüquqlar müəyyən hallarda – dövlətin lazımi ehtiyatlara (maddi ehtiyatlar, insan ehtiyatları və s.) malik olmasından və beynəlxalq yardımın olmasından asılı olaraq tədricən də həyata keçirilə bilər, yəni iştirakçı dövlətlərin Paktda təsbit olunmuş hüquqlara təminat vermək kimi birbaşa hüquqi öhdəliyi yoxdur (bu deyilənlər Paktın 8-ci maddəsinə (həmkarlar ittifaqları yaratmaq və onlara daxil olmaq) və 3-cü maddəsinə (qadın və kişilərin hüquq bərabərliyi) şamil olunmur). Başqa sözlə, fərdə qısa müddətdə, tutaq ki, işləmək hüququnun və ya minimal həyat səviyyəsi hüququnun təmin edilməsi dövlətin öz beynəlxalq öhdəliyini pozması kimi tövsif edilə bilməz. Dövlət əsaslı surətdə göstərə bilər ki, o, ehtiyatlarını maksimum səfərbər etməklə bütün zəruri tədbirləri görür və bu hüquqlar tədricən həyata keçiriləcəkdir.
Yaponiya Ali Məhkəməsinin 1989-cu ildə Şiomi işi üzrə çıxardığı qərar bu baxımdan diqqətə layiqdir. Məhkəmə birmənalı şəkildə qeyd etmişdi ki, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Paktın 9-cu maddəsi (sosial təminat hüququ) fərdlərə dərhal təmin edilməsi tələb olunan konkret hüquq nəzərdə tutmur. Bu, Paktın 2-ci maddəsinin 1-ci hissəsindən aydın görünür.
Şübhəsiz ki, deyilənlər İqtisadi, sosial və mədəni hüquqlar haqqında Paktın "zəif" cəhətidir və bu, özü-özlüyündə həmin hüquqların xarakteri ilə bağlıdır. Əgər sözü gedən müddəanı Vətəndaş və siyasi hüquqlar haqqında Paktın ekvivalent müddəası ilə müqayisə etsək, biz əhəmiyyətli fərqi görə bilərik. Həmin Paktın 2-ci maddəsində, yuxarıda göstərdiyimiz kimi, iştirakçı dövlətlərin bütün müvafiq hüquqları təmin etmək vəzifəsi təsbit olunmuşdur. Deməli, Vətəndaş və siyasi hüquqlar haqqında Paktdan irəli gələn öhdəliklərin yerinə yetirilməsini dövlət özü istədiyi kimi, tutaq ki, maliyyə çətinliklərinə və yaxud da ölkədə siyasi və ya iqtisadi sabitliyin olmamasına istinad etməklə, təxirə sala bilməz. Bu öhdəliklər dərhal yerinə yetirilməli olan öhdəliklərdir.
Avropa insan hüquqları məhkəməsinin baxdığı bir işi (Guincho case) misal gətirək. Portuqaliyada birinci məhkəmə instansiyasında avtomabil qəzası ilə bağlı bir işə baxılması təxminən dörd il (1978-ci ilin dekabrından 1982-ci ilin oktyabrına qədər) çəkmişdi. Avropa məhkəməsi qarşısında Portuqaliya hökumətinin nümayəndəsi bu pozuntunu (sobət işin lazımi müddətdə araşdırılması hüququnun pozulmasından gedirdi) ölkədə son illər baş vermiş çətinliklərlə əsaslandırmağa çalışırdı; onun fikrincə, bu çətinliklər 1974-cü ildə demokratiyanın ölkədə bərpa edilməsindən və elə bu dövürdə Portuqaliyanın bir sıra müstəmləkələrinin müstəqillik qazanmasından sonra bir milyona yaxın adamın yenidən Portuqaliyaya qayıtması ilə bağlı ortaya çıxmışdı. Lakin Məhkəmə bu dəlilləri əsassız saydı və qeyd etdi ki, Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya etməklə, Portuqaliya öz üzərinə bu Konvensiyada təsbit olunmuş bütün hüquqları, o cümlədən işin məhkəmədə lazımi müddətdə araşdırılması hüququnu təmin etmək vəzifəsini götürmüşdür".
Digər Xəbərlər
2024-12-25 16:51:44
2024-12-25 15:53:00
2024-12-25 15:06:43
2024-12-25 13:28:10
2024-12-25 11:17:58
2024-12-25 10:54:47
2024-12-25 10:37:57
2024-12-25 10:22:00
2024-12-25 09:46:00
2024-12-25 09:12:09
2024-12-25 09:00:09
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08