İnsan haqlarını qorumağı imitasiya edən Qərbin qərəzi
Ölkəmizin I Avropa Oyunları kimi möhtəşəm yarışa ev sahibliyi etməsi aparılan "anti-Azərbaycan" kampaniyasını günü-gündən sürətləndirir. Bu günlərdə Mərkəzi ofisi Torontoda yerləşən Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsi (İFEX. www.ifex.org ) - dünyanın bütün qütblərində yerləşən jurnalist təşkilatlarına və insan hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış QHT-lərə müraciət edərək, onları I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qarşı twitter kampaniyasına qoşulmağa çağırıb.
Təşkilat öz çağırışında təklif edib ki, bütün QHT-lər kampaniyaya 12 iyunda, I Avropa Oyunlarının başladığı tarixdə, saat 15:00-da qoşulsunlar. Təşkilat kampaniyaya qoşulanları aktiv olmağa, gün ərzində Azərbaycanla bağlı neqativ informasiyalar yerləşdirməyə çağırıb. Təşkilatın bu yönləndirməsindən sonra, mümkündür ki, dünyanın müxtəlif qütblərində yerləşən çoxsaylı QHT-lər əsl reallığı bilmədən, sadəcə İFEX-in təsiri ilə bu kampaniyaya qoşulsun və ölkəmiz haqqında neqativ informasiyalar yayılmasında rol alsın. Qeyd edək ki, son günlər maraq qruplarının idarə etdiyi bu cür kampaniyaların əsas şüarında Azərbaycanda insan haqlarının pozulması, söz azadlığının məhdudlaşdırılması durur. Sosial şəbəkələrdə xüsusilə fəallıq göstərən maraq qruplarının idarə etdiyi kampaniya iştirakçıları ölkəmizdə insan haqlarının pozulduğunu, siyasi məhbusların olması ilə əlaqələndirərək onların məhbəs görüntülərini yayırlar.
Dünən Bakıda ölkə başçısının təşəbbüsü ilə Azərbaycan Prezidenti Administrasiyası və Gənclər və İdman Nazirliyinin Bakıda keçiriləcək I Avropa Oyunları münasibətilə birgə təşkil etdiyi mətbuat konfransında xarici medianın ölkəmizdə insan haqları ilə bağlı sualını cavablandıran Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirdi ki, Qərbin bəzi QHT-ləri, dairələri tərəfindən Azərbaycanda mətbuat azadlığının, azad medianın olmadığı, insan haqlarının pozulduğu barədə iddialar səslənir: "Azərbaycan 15 ilə yaxındır, Avropa Şurasının üzvüdür, Avropa Məhkəməsinin yurisdiksiyasındadır. Azərbaycan məhkəmələrinin qərarından Avropa Məhkəməsinə şikayət edilə bilər". Ə.Həsənov həmçinin qeyd etdi ki, , Azərbaycan hüquqi dövlət normalarına uyğun fəaliyyət göstərir: "Belə hesab etməyənlər Avropa Məhkəməsinə müraciət edə bilərlər. Ona görə də Azərbaycan hakimiyyəti bu iddiadadır ki, Azərbaycanda siyasi məhbus yoxdur, ayrı-ayrı cinayətlərə görə məhkum olmuş şəxslər var. Azərbaycan hüquqi dövlətdir, tam siyasi azadlıq var, 55 siyasi partiya fəaliyyət göstərir. Avropanın bəzi dairələri tərəfindən irəli sürülən iddiaların heç bir əsası yoxdur".
Bu cavaba baxmayaraq hələ də qərb mediası Azərbaycanda "insan hüquqlarının pozulması" barəsində silsilə materiallar yayımlayır. Məqsədli şəkildə aparılan bu kampaniyanın idman oyunları başa çatanadək davam edəcəyi gözləniləndir.
Millət vəkili Fazil Mustafa ölkəmizdə insan haqlarının pozulması, söz azadlığı ilə bağlı narahatedici faktların olması barədə məsələlərin qabardılmasının sırf I Avropa Oyunları ərəfəsi olmasının heç də təsadüf olmadığı fikrindədir. Açıqlama verən millət vəkili deyir ki, ölkəmizdə insan haqlarının pozulması ilə bağlı nöqsanlar var və bu danılmazdır. Amma F.Mustafa bildirir ki, bunun oyunlar ərəfəsi daha çox şişirdilməsi, müəyyən maraqlı qüvvəllər tərəfindən idarə olunmasını deməyə əsas verir: "İnsan haqlarının pozulmasının idman oyunları ilə heç bir əlaqəsi yoxdur. Sual yaranır ki, niyə məhz oyunlar ərəfəsi bu məsələ ictimailəşdirilir? Əlbəttə, Azərbaycan hüquqi dövlət olaraq insan hüquqlarının pozulmasından həmişə narahat olub və bu cür halların qarşısının alınması istiqamətində də nəzərə çarpacaq tədbirlər həyata keçirir. Yəni biz də bir vətəndaş olaraq ölkəmizdə heç kəsin hüququnun pozulmamasını, azad mətbuatın inkişafını dəstəkləyirik. Amma son günlər aparılan kampaniyanın qərəzli və məqsədli olduğu açıq-aşkar görünür".
F.Mustafanın sözlərinə görə, ölkəmizdə siyasi məhbus məsələsinin qabardılması da təsadüfi deyil: "Bəzi maraq qrupları var ki, həbs olunan QHT rəhbərlərini siyasi məhbus hesab edirlər. Amma danılmaz faktdır ki, onlar öz səhv əməllərinə görə, həbs olunublar. Özləri hakimiyyətdən dürüstlük tələb edə-edə özləri vergi məsələlərində qanun pozuntusuna yol veriblər. Adama deyərlər ki, sən özün hakimiyyəti korrupsiyaya bulaşmaqda suçlayırsansa, özün necə qanunu poza bilərsən? Əgər sən dürüstlük tələb edirsənsə hakimiyyətdən özün də dürüst olmalısan. İndi həbsdə olan QHT rəhbərləri qanunu pozduqları üçün həbsdədirlər. Onların harası siyasi məhbus statusuna uyğun gəlir?".
Millət vəkili Aydın Mirzəzadə də deyir ki, Azərbaycanda insan haqlarının pozulmasını, siyasi məhbus anlamının qabardılması barədə məsələni son günlər ictimailəşdirənlər maraq qruplarının əlaltılarıdır: "Hamımız görürük ki, bu gün Avropa Oyunlarının açılış mərasiminə hazırlaşdığımız bir vaxtda da ölkəmizə qarşı anti-Azərbaycan kampaniyası genişlənir. Artıq müəyyən müddətdir ki, özlərinin həmin qüvvələr idarəçiliklərində olduğu mətbu orqanlar və QHT-lər vasitəsi ilə bu qarayaxma kampaniyanı aparırlar. Burada ermənilərin əlinin olması istisna edilmir. Məqsəd də göz qabağındadır. Ölkəmizin artan nüfuzuna xələl gətirmək, regionda və dünyada qazandığı uğurları aşağılamaqla müyyən istəklərini həyata keçirməkdir. Adətən belə beynəlxalq yarışlar ərəfəsində dünyanın müxtəlif yerlərindən Azərbaycana səfər edənlər olur. Bu da ölkəmizin tanımasına, iqtisadi inkişafının təbliğinə imkan yaradır. Düşünürlər ki, qarayaxma kampaniya vasitəsi ilə buna əngəl yarada biləcəklər. Ancaq Azərbaycan bütün çətinliklərin öhdəsindən gələcək. Çünki, bizim bu cür hücumlarla dolu keçmişimiz var. Azərbaycan sürətlə inkişaf edən bir dövlətdir, belə demək mümkünsə, dünyanın gərəkli bir dövlətinə çevrilir. Eyni zamanda nəzərə alaq ki, Azərbaycan mənafelərin toqquşduğu bir məkanda yerləşir. Ona görə də ölkəmizə qarşı həmişə bu cür qeyri-obyektiv yanaşmalar olacaq".
A.Mirzəzadə deyir ki, məhz Avropanın verdiyi mandat əsasında Azərbaycan bu Oyunları yüksək şəkildə təşkil edir: "Görünür, Avropada müəyyən dairələr hesab edirdi ki, iki il ərzində Azərbaycan yarışlara hazırlığı tam şəkildə başa çatdıra bilməyəcək. Ona görə də iki il bundan əvvəl Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul ediləndə öz etirazlarını bildirməmişdilər. Onlar hesab edirdi ki, Azərbaycan bu işin öhdəsindən gələ bilməyəcək və sonradan ölkəmizi qınamaq üçün yeni bir arqument təqdim edəcəklər. Amma bu, onların əlindən çıxdı. Azərbaycan yüksək məsuliyyət və eyni zamanda, müasirlik ortaya qoydu. Bu zaman bəziləri ölkəmizə qarşı sadəcə olaraq, aqressiv münasibət sərgiləməkdən başqa digər variant tapa bilmədilər. Azərbaycan ilk Avropa Oyunlarını keçirmək missiyasını üzərinə götürüb və bu istiqamətdə uğurlarını davam etdirir. Bu Oyunlarla Azərbaycan mədəniyyətini dünyaya göstərəcəyik. Ölkəmiz haqqında olan böhtanların yanlış olduğunu sübut edəcək və Azərbaycan həqiqətlərini üzə çıxaracağıq".
Digər deputat Fəzail Ağamalı da məlum qüvvələrin Azərbaycanı söz azadlığı boğulan, insanların hüquqlarının kobud şəkildə pozulan ölkə kimi qələmə vermək cəhdlərinin fiaskoya uğrayacağını söyləyir. Millət vəkili deyir ki Azərbaycanın beynəlxalq aləmdə gücü, qüdrəti artdıqca, erməni diasporu və onları müdafiə edən qüvvələr narahatlıq keçirirlər: "Onlar Azərbaycanı sabit, yüksək səviyyədə inkişaf etmiş, demokratik bir ölkə kimi görmək istəmirlər. Amma onların cəhdləri baş tutmayacaq. Çünki, Azərbaycanın dünya səviyyəli lideri var və xalqın iradəsinə söykənərək müstəqil siyasət aparır. Bu isə anti-Azərbaycan dairələrini qıcıqlandırır. Azərbaycan idman oyunlarına çox böyük töhfələr verəcək. Ona görə də ölkəmizin əldə etdiyi uğurlar anti-Azərbaycan qüvvələrini son dərəcə narahat edir. Onlar inana bilmirlər ki, Azərbaycan kimi gənc bir dövlət qısa zaman kəsiyində torpaqlarının iyirmi faizinin işğal altında olmasına baxmayaraq ayaq üstə dayana bilib, özünü gücləndirib, dünyanın lider dövlətlərindən birinə çevrilib və bu gün ən müxtəlif dünya səviyyəli forum, konfranslara ev sahibliyi edir, beynəlxalq dinlərarası, mədəniyyətlərarası dialoq mərkəzinə çevrilib.
Dövlətimiz öz üzərinə götürdüyü öhdəlikləri müvəffəqiyyətlə yerinə yetirməyə davam edir. Azərbaycan 2012-ci "Avroviziya" mahnı müsabiqəsini çox uğurla təşkil etdiyi kimi, bu il dünyanın ən populyar idman növlərinin cəmləşdiyi Avropa Oyunlarına da layiqli şəkildə ev sahibliyi edəcək. Dövlət başçısı İlham Əliyevin oyunların alovlanan məşəlini yüksəklərə qaldırması ilə mötəbər idman tədbirinin Azərbaycanda uğurla keçiriləcəyinə şübhə yeri qalmayıb". Deputat bildirir ki, biz xarici qüvvələrin apardığı qarayaxma kampaniyasının heç bir nəticə verməyəcəyini hesab edərək, yerimizdə dayanmamalıyıq.
Digər Xəbərlər
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16
2024-12-23 10:50:00
2024-12-23 10:35:49
2024-12-23 10:28:20
2024-12-23 09:21:33
2024-12-22 21:19:21
2024-12-22 21:09:13
2024-12-22 20:39:22
2024-12-22 20:25:43
2024-12-22 19:22:20
2024-12-21 17:27:25
2024-12-21 16:52:00
2024-12-21 13:50:00
2024-12-21 13:01:01