Rüstəm İbrahimbəyovun erməni xisləti yenidən üzə çıxdı
10:00 23-06-2015
İQTİSADİYYAT
Rüstəm İbrahimbəyovun erməni xisləti yenidən üzə çıxdı
Milli Şuranın fəxri sədrinin "ermənilər düşmənimiz deyil" fikri Azərbaycanda etirazla qarşılandı
Kinodramaturq, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun olan-qalan hörmət-izzətini sonuncu prezident seçkilərinə qatılmaqla itirdiyi elə də uzaq olmayan tarixin söhbətidir. Həmin vaxt böyük səs-küylə marionet qurum olan Milli Şuranın rəhbərliyinə gətirilən, elə həmin səs-küylə də prezidentliyə namizədliyini irəli sürən kinodramaturq "ömrünün ən pis ssenarisini" yazmış oldu. Onun seçki prosesindən hansı rüsvayçılıqla kənarlaşması, Rusiya vətəndaşı olduğuna və buna görə də Azərbaycandakı seçkilərə buraxılmasının qanunsuz olduğunu bilə-bilə şəbeh çıxarmaqla məşğul olan Rüstəm İbrahimbəyov həm də isbatlamış oldu ki, insan illərlə qazandığı hörməti çox qısa zaman kəsiyində yerə vura bilər.
Bütün bu baş verənlərdən sonra qoca dramaturqun və ya "gənc siyasətçi"nin abrına təpinərək səssiz qalacağını düşünmək olardı. İnsafən, İbrahimbəyov seçkilərdən sonra uzun müddət səssiz qalmağı bacardı. Amma onun "The New Times"a verdiyi müsahibəsində işlətdiyi fikirlər çox məşhur atalar sözünün nə qədər ibrətamiz olduğunu təsdiqlədi: Qozbeli qəbir düzəldər!!!
O, sözügedən müsahibəsində Azərbaycandan niyə didərgin düşməsindən, ermənilərə münasibətindən və digər mövzulardan danışıb. "Qafqaz triosu" adlı yeni filmin üzərində işlədiyini açıqlayan Rüstəm İbrahimbəyov bu filmi çəkməyə vadar edən səbəblərdən, ölkəsində niyə hörmətsiz olmasından danışıb və bundan dolayı bəzi siyasi mövzulara, o cümlədən Azərbaycan hakimiyyəti ilə münasibətlərinin tarixçəsinə toxunub.
Rüstəm İbrahimbəyov çəkdiyi filmdə özünə oxşar personajın necəliyinə də aydınlıq gətirib: "Bəli, filmdə mənə oxşayan personaj var. O, hesab edir ki, Azərbaycan öz siyasətini düzgün qurmur, neft iynəsinə oturub və ehtiyatlar qurtaran kimi hər şey bir anda dağıla bilər, əgər indidən ağıllı şəkildə postneft iqtisadiyyatı qurulmağa başlamasa".
Əvvəla cənab Rüstəmbəyov yenidən başını bir dəfə soxmağa cəhd edərkən əzdiyi siyasət qazanına soxmağa çalışır və burada çox böyük yanlışlığa yol verir. Əvvəla, unudur ki, Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi yüksəliş nüfuzlu beynəlxalq qurumlar tərəfindən belə etiraf olunur. Digər tərəfdən isə Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı məqsədyönlü siyasət həyata keçirilir ki, bu sahədə də konkret müvəffəqiyyətlər var. Yox, Rüstəm İbrahimbəyov bütün bunları qəsdən görmək istəmirsə bu yalnız onun erməni xislətindən irəli gələ bilər. Həmin erməni xisləti ki, onu sözügedən müsahibədə də gizlədə bilməyib və ya heç gizlətməyə çalışmayıb: "Film niyə "Qafqaz triosu" adlanır? Trio – erməni, azərbaycanlı və gürcüdür. Üç dostu ortaq uşaqlıq illəri və gənclik birləşdirir. Bizim zamanda bu mövzu risklidir... Azərbaycanda çoxlarına mənim baxışlarım xoş gəlmir. Ancaq mən səmimi qəlbdən əminəm ki, biz erməni xalqı ilə düşmən deyilik və gec-tez mütləq barışacağıq. Ermənistan və Azərbaycan xalqları baş verənlərə görə günahkar deyillər. Və mən hər iki tərəfdən aqressiv ritorikanın əleyhinəyəm".
İbrahimbəyovun bu fikirləri isə şəhidlərimizin müqəddəs ruhuna hörmətsizlikdir, erməni əsirliyində başına min-bir məşəqqətlər gətirilən Azərbaycan qadınına həqarətdir. Görün, İbrahimbəyov mənəvi aşınmanın hansı həddinə gəlib çatıb ki, "erməni-azərbaycanlı" dostluğundan dəm vurur və hələ gileylənir ki, onu Azərbaycanda başa düşmür, ona hörmət qoymurlar. Adam hələ də anlamır ya da anlamağa çalışmır ki, təmsil etdiyi xalqın düşmənləri ilə bir cərgədə yer alaraq xalqının hörmətini qazanmaq mümkünsüzdür. Bu baxımdan İbrahimbəyova Azərbaycandakı ictimai nifrətin dərin kökləri var.
2007-ci ilədək Azərbaycan hakimiyyəti ilə normal münasibətlərinin olduğunu iddia edən Rüstəm İbrahimbəyov indiki situasiyaya görə özünü qınamaq əvəzinə "qara məni basınca, qoy, qaranı mən basım" prinsipinə söykənir: "Həmin vaxta qədər Qarabağ məsələsi barədə söylədiklərimə görə mənə hücum çəkən milli mətbuatla da problemim yox idi. Mənim "Dalğaların toplanması" povestimdən sonra - əsər Azərbaycanın həlli yetişən problemlərindən bəhs edir – hakimiyyət də özünü incik saydı. Mənə çirkab atmağa, məni xalq düşməni adlandırmağa, heç nədən iqtisadi sui-istifadələrdə ittiham eləməyə başladılar. Neçə ildir məşğul olduğum "Şərq-Qərb" populyar festivalı qapatdılar, festival mərkəzinin inşasını dayandırdılar.
2012-ci ildə mən "Kilsə zəngi kimin üçü çalınır?" məqaləsini yazdım. Məqalədə deyilirdi ki, mənim ölkəmdə hər yanda korrupsiya və amansız totalitarizm hökm sürür, Azərbaycanda siyasi məhbusların sayı bütün postsovet məkanındakından çoxdur. Sonra Demokratik Qüvvələrin Milli Şurasına rəhbərlik elədim – sadəcə ona görə ki, bunu etməyə bilməzdim. Mənə şərt qoyulmuşdu ki, prezident seçkilərində müxalifətin vahid namizədi olum. Ancaq Rusiya vətəndaşı olduğum üçün seçkilərə xoşbəxtlikdən buraxılmadım, mənim əvəzimə isə gözəl tarixçi Cəmil Həsənli irəli sürüldü. İndi vəziyyət belədir ki, mənimçün Bakıya qayıtmaq təhlükəlidir. Bir dəfə məni ölkə girişində 4 saat, çıxışında 2 saat saxladılar. Və mən başa düşdüm ki, növbəti dəfə məni sadəcə, ölkədən buraxmaya bilərlər".
"Xoşbəxtlikdən seçkilərə qatılmadım" cümləsinin alt qatındakı sevinci gördünmü, hörmətli oxucu? Demək, bu avantürist seçkilərə buraxılmayacağını bilə-bilə oyun oynayıb. Sonra isə Azərbaycan hakimiyyətini ittiham edir ki, ona qarşı münasibət dəyişib. Bütövlükdə isə müsahibədə fikirlərin qırıqlığı, müsahibin əslində nə demək istəməsinin bilinməzliyi açıq aşkar görünür. Bilirsinizmi niyə? Çünki, xalqının düşməninə çevrilmiş Rüstəm İbrahimbəyovun heç bir arqumenti qalmayıb. Azərbaycan və onun hakimiyyətinə qarşı qərəzi isə gözlərini elə örtüb ki, adi həqiqətləri də görməzlikdən gəlir. Onun "ermənilər bizim düşmənimiz deyil" sərsəmləməsi isə qocanın əməlli-başlı xəriflədiyindən xəbər verir.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05