Ermənistanda insan haqları faciəsi
Regionda insan hüquq və azadlıqları ilə bağlı az qala mifik obraz yaradan Avropa indi gülməli hala düşüb. Belə ki, hər zaman Azərbaycanı haqsız yerə ittiham edən, Gürcüstanda 100 siyasi məhbusun olduğunu özləri etiraf etdiyi halda buna reaksiya verməyən, Ermənistanı az qala nümunə göstərən Avropa indi reallıqla hesablaşmalı olub.
Belə ki, aydın olur ki, regionda insan haqlarının ən çox pozulduğu ölkə ilk növbədə Ermənistan, bunun ardınca isə Gürcüstandır. Təkcə bunu demək kifayətdir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili artıq bir neçə ildir ölkəsinə gələ bilmir və haqqında cinayət işi açılıb. Amma bunu Qərb dairələri görməyə həvəs göstərmir. Ermənstana gəldikdə isə artıq bu ölkə kütləvi insan haqlarının pozulduğu bir məmləkətə çevrilib. Elə son olaylar da bunu sübut edir. Belə ki, Yerevanda elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edən on minlərlə aksiya iştirakçısının Prezident Rezidensiyasının qarşısına yürüşü polis qüvvələri tərəfindən dağıdılıb.Polis aksiya iştirakçılarına qarşı görünməmiş vəhşilik edib. Məlumatda qeyd edilir ki, etiraz edənlərin geri çəkliməsini tələb edən polis bir saatdan sonra hücum çəkərək adamları döyməyə başlayıb, jurnalistlərin videokameralarını qırmaqdan belə, çəkinməyiblər.
Yerli vaxtla səhər saat 05-:30-da Baqramyan küçəsində etiraz edənlərin dağıdılması üçün su çiləyən maşınlardan istifadə olunub. Etirazçılar qəddarlıqları ilə fərqlənən yüzlərlə polisi, xüsusi təyinatlıları və mülki formada olan digər güc strukturlarının əməkdaşlarını mühasirəyə alıblar. Bu zaman etiraz edənlərlə güc strukturları arasında əlbəyaxa dava da olub. "Epress.am" saytının operatoru Tiqran Akopyanın başına dəyənəklə zərbə vurularaq polis şöbəsinə aparılıb. "Epress.am"ın digər operatoru Tiqran Xaçatyanın kamerası sındırılıb. 200-dən çox etirazçının saxlanıldığı bildirilir.Ekspertlər hesab edir ki, bu hələ başlanığıcdır və Ermənistanda insan haqları daha kobud şəkildə pozulacaq. Çünki qarşıdan prezident seçkiləri gəlir və hazırkı prezident Serj Sarksyan özünə yaxın şəxsin prezident seçilməsi üçün ölkədəki siyasi dairələri tam olaraq sıradan çıxartmağa çalışacaq. Necə ki, Robert Köçəryan Serj Sarksyanı prezident seçdirmək üçün o zaman müxalifəti sıradan çıxartdı və bir neçə şəxs öldü. Ekspertlər hesab edir ki, Ermənistanda insan haqlarının pozulması ətraf bölgəyə də təsir edir. Belə ki, cəmiyyətin diqqətini yayındırmaq üçün atəşkəsi pozur və nəticədə bundan Azərbaycanda zərər çəkir. Elə buna görə də Azərbaycan Ermənistanda insan haqlarının pozulmasını dünya səviyyəsinə çıxartmağa çalışır. Belə ki, azərbaycanlı deputat Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasını (AŞPA) Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Bildirilir ki, AŞPA-nın yay plenar sessiyasının birinci iş günündə qurumun Bürosunun fəaliyyət hesabatı ətrafında aparılan müzakirələrdə cıxışı zamanı Azərbaycanın nümayəndə heyətinin üzvü Rafael Hüseynov AŞPA-nı Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
O, qeyd edib: "Diqqətinizi çox narahat edən bir məsələyə yönəltmək istəyirəm. Bilidiyiniz kimi, AŞPA Bürosu Robert Valteri yekdil şəkildə "Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılıq hallarının artması" adlı hesabatın hazırlanmasına dair məruzəçi təyin etdi. Lakin Ermənistan Büronun qərarlarını tanımır və məruzəçini nə Ermənistana, nə də Azərbaycanın işğal olunmuş ərazilərinə buraxır. Büronun bu vəziyyətə dair dözümlü yanaşmasına məntiqi izah tapmaq çox çətindir. Ermənistana münasibətdə bu iltifatın və dözümlü yanaşmanın səbəbi nədir? Rusiyaya qarşı sanksiyalar tətbiq olunduğu halda, nə üçün Ermənistana qarşı ciddi və qətiyyətli addımlar atılmır? Ən azından, Ermənistana 10 il bundan əvvəl bu cür sanksiyalar tətbiq olunmalıydı. Bunu etməyə sizə nə mane olur? Çoxdandır kı, davam edən bu cür riyakarlığa niyə və nə vaxta qədər dözəcəyik?" Bunu da qeyd edək ki, bu günlərdə Avropa Məhkəməsi Ermənistanla bağlı qərar qəbul edərək azərbaycanlıların haqlarını qorumaq barədə qərar qəbul etməsi ciddi addım oldu. Artıq Qərbdə də bəzi dairələr anlayır ki, Ermənistana güzəştə getmək, bu ölkədə insan haqlarının pozulmasına biganə qalıb, əvəzində Azərbaycanı mənasız yerə ittiham etmək doğru deyil. Elə Fransadan gələn son xəbər də bunu təsdiqləyir.
Fransadakı Azərbaycanın Dostları Cəmiyyətinin prezidenti, deputat Jan François Mansel, cəmiyyətin vitse-prezidenti, senator Natali Qule, Fransa-Qafqaz dostluq qrupunun rəhbəri, senator Andre Reçardt və digərləri Bakı-2015 Avropa Oyunları ilə bağlı bəyanat yayıblar.
Bəyanatda Avropa Oyunlarının açılış mərasimində qonaqpərvərlik və qardaşlıq dəyərlərinin nümayiş etdirildiyi bildirilir: "Bakıda Avropa Oyunlarının açılış mərasimində biz mükəmməl təşkilatçılıq gördük. Bu, azərbaycanlılarda ruh yüksəkliyinin olmasını və problemlərin öhdəsindən gəlmək bacarığını göstərir. 30 ay müddətində Azərbaycan 50 ölkənin 20 idman növü üzrə 6000 atletini qəbul etmək üçün ən effektiv təşkilatçılığa nail oldu. Açılış mərasimi insanların öz tarixi və mədəni köklərindən necə qürurlandıqlarını göstərdi. O cümlədən, qonaqpərvərlik və qardaşlıq dəyərləri nümayiş etdirildi. Hətta Azərbaycanla faciəvi və ədalətsiz ərazi münaqişəsinə girən Ermənistan belə, digər ölkələr kimi yarışda iştirak etdi. Kənardan olan şərhçilər Azərbaycan xalqının bu oyunlardan əziyyət çəkəcəyini deyirdi. Lakin 68 min izləyicinin stadiondakı ruh yüksəkliyini, gecə saatlarında ailələri ilə açılış mərasimindən qayıtmalarını, oyunlarla bağlı bütün tədbirlərdə sevinclə iştirak etmələrini görmək kifayətdir ki, insanların Oyunları keçirməkdən necə qürurlandıqlarını görəsən".
Bəyanatda Azərbaycanda çadranın çox az olduğu və burada qadınlara hətta Fransadan 30 il əvvəl səsvermə hüququ verildiyi qeyd olunur: "Dünyanın digər yerlərində dinlərin faciələrlə qarşılaşdığı bir vaxtda burada şiələr, sünnilər, yəhudilər, xristianlar harmoniya, qarşılıqlı hörmət şəklində yaşayırlar".
Sənəddə Avropanın, xüsusilə Fransanın sistemli tənqidlərinin düzəlməz təsirlər yarada biləcəyi deyilir: "24 ildir müstəqillik qazanan bu ölkəni qaralamaq yerinə, onu siyasi, iqtisadi və sosial inkişafında müşayiət etmək yaxşı olardı. Fransa mətbuatında Azərbaycan və onun liderinə qarşı haqsızlıq edilir. Ölkənin reallığını görmək üçün isə oraya getmək kifayətdir. Ümid edək ki, bir gün biz Bakı haqqında Parisdən neqativ yazılar yazmayacağıq".
Bu arada Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının plenar iclasında Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Ban Gi Mun Assambleya iştirakçıları qarşısında çıxış edib. Baş katib Assambleya üzvlərinin suallarını cavablandırıb. Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva Ermənistanın Azərbaycan ərazilərinin 20% işğal etdiyini, BMT Təhlükəsizlik Şurasının dörd qətnamə qəbul etməsinə baxmayaraq, işğalı hələ də davam etdirdiyini diqqətə çatdıraraq, Ermənistanın bu qətnamələri icra etməsi üçün BMT-nin hansı ölçülər götürə biləcəyinə dair baş katibə sual ünvanlayıb. BMT-nin baş katibi Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll edilə biləcəyini söyləyib.
"Atəşkəsin mütəmadi pozulması məni çox narahat edir. Ermənistanla Azərbaycan arasında nələrin baş verdiyini görürük, Dağlıq Qarabağ bölgəsində demək olar hər gün hər iki tərəfdən insan itkiləri baş verir. Hər iki tərəfin istifadə etdiyi nifrət dolu bəyanatlar məni narahat edir. Bu ölkələr arasında gərginlik yüksəlməkdədir. Mən hər iki ölkəni münaqişənin sülh yolu ilə həll etməyə çağırıram. Hər hansı hərbi qarşıdurma iki ölkə və ümumilikdə bütün region üçün dağıdıcı olacaq, ağır nəticələrə gətirəcək. Bu münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Burada əsas ideya tərəflər arasında dialoqun aparılması və davamlı həllin əldə edilməsi üçün səylərin davam etdirilməsidir", - deyə baş katib vurğulayıb.
Beləliklə aydın olur ki, Qərbin insan haqları üzərindəki qurduğu oyun tam iflas olmaqda və həqiqət ortaya çıxmaqdadır.
Digər Xəbərlər
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16
2024-12-23 10:50:00
2024-12-23 10:35:49
2024-12-23 10:28:20
2024-12-23 09:21:33
2024-12-22 21:19:21
2024-12-22 21:09:13
2024-12-22 20:39:22
2024-12-22 20:25:43
2024-12-22 19:22:20
2024-12-21 17:27:25
2024-12-21 16:52:00
2024-12-21 13:50:00
2024-12-21 13:01:01