QHT-lərə ayrılan qrantdan vergi tutula bilərmi?
Müzəffər Baxışov: "Qrant kimi alınan pul və hər hansı digər maddi yardımla bağlı vergitutma məsələləri Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənir"
Qeyri-Hökumət Təşkilatlarının (QHT) vətəndaş cəmiyyətinin inkişafında rolu danılmazdır. Yetkillilərin belə bir deyimi var ki, QHT-lər olmasa vətəndaş cəmiyyətini qurmaq çətin olar. Son illər Azərbaycanda demək olar ki, 3-cü sektor inkişaf yolundadır. Ölkədə QHT-lərə Dövlət Dəstəyi Şurasının yaranması vətəndaş cəmiyyəti institutlarının xarici ölkələrin qrant verən təşkilatlarının qapısından yaxşı mənada "gözünü yığıb". Artıq bir neçə ildir ki, Azərbaycanda fəaliyyət göstərən QHT-lər milli donordan qrant alaraq layihə həyata keçirirlər. Son vaxtlar ölkədə QHT-lərin aldıqları qrantlarla bağlı onlardan hesabatların tələb edilməsi heç də 3-cü sektor təmsilçiləri tərəfindən birmənalı qarşılanmadı. Aldıqları qrantın şəffaf şəkildə hesabatını təqdim edənlərlə yanaşı, məsələni siyasiləşdirməyə çalışanlar da oldu. Bəs görəsən qrant alanlarla qrant verənlərin münasibətləri hüquqi müstəvidə necə tənzimlənir?
Hüquqşunas Müzəffər Baxışovun sözlərinə görə, bu "Qrant haqqında" Azərbaycan Respublikasının Qanunu və Qrant alınması (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları" ilə tənzimlənir. Onun sözlərinə görə, bu qanun Azərbaycan Respublikasında qrantların verilməsi, alınması və istifadəsi ilə bağlı iqtisadi və hüquqi münasibətləri tənzimləyir: "Qrant — humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Qrant yalnız konkret məqsəd üçün verilir. "Dini etiqad azadlığı haqqında" və "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan ianələr və dövlət hakimiyyəti orqanlarının yardımları istisna olmaqla, qrant müqaviləsi olmadan ölkə ərazisində fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri maliyyə vəsaiti şəklində və başqa maddi formada yardım qəbul edə bilməz. Qrant maliyyə vəsaiti şəklində və başqa maddi formada verilir. Qrant təmənnasız verilir, onun əvəzi hər hansı bir şəkildə geri istənilə bilməz. Birbaşa mənfəət əldə etmək üçün istifadə edilən maddi yardım qrant sayılmır. Qrant predmeti olan layihə başa çatdırıldıqdan sonra qrant alanın sərəncamında hər hansı maliyyə vəsaiti və başqa maddi vəsait qalarsa, qrant haqqında müqaviləyə əsasən başqa hal nəzərdə tutulmamışdırsa, bu vəsait, qrant alanın mülahizəsinə görə qran predmeti ola bilən layihə və proqramların həyata keçirilməsinə sərf edilməlidir. Bilavasitə siyasi hakimiyyət uğrunda mübarizə məqsədləri, qanunların və digər qanunvericilik aktlarının qəbul etdirilməsi üzrə lobbiçilik fəaliyyəti, siyasi reklam, hər hansı siyasi təşkilatın və ya siyasi xadimin seçki kampaniyasının maliyyələşdirilməsi üçün istifadə edilən maddi yardım qrant sayılmır".
Hüquqşunas deyir ki, qrant alanla münasibətlərində qrant verən donor sayılır: "Bu qanunda göstərilib ki, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən qurumlar fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilərlər. Azərbaycan dövləti adından müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxslərinə qrant verə bilər. Azərbaycan dövləti adından qrantlar Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına verilir. Belə qrantların verilməsi üçün dövlət büdcəsinin xərcləri tərkibində ayrıca sətirlə xüsusi vəsait nəzərdə tutula bilər. Lakin bu halda həmin vəsaitin formalaşdırılması üçün hər hansı əlavə vergilər tətbiq oluna və ya mövcud vergi dərəcələri yüksəldilə bilməz. Dövlət büdcəsi vəsaiti hesabına verilmiş qrantın təyinatı üzrə istifadə edilməsinə nəzarəti donor həyata keçirir".
M. Baxışov deyir ki, qanun ölkənin istənilən hüquqi şəxsi, habelə fiziki şəxsinə xarici ölkələrin hüquqi və fiziki şəxslərinə qrant verməsinə imkan verir: "qanunda öz əksini tapıb ki, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönümlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnu əldə etdikdən sonra donor qismində çıxış edə bilərlər. Qrant vermək hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur. Bu maddənin 5-ci hissəsində nəzərdə tutulmuş donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qrant verməkdə, qrant alanı və gerçəkləşdirilməsi üçün qrant verdikləri layihə və proqramları seçməkdə donorlar tam sərbəstdirlər. Azərbaycan dövləti adından Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrantlar müsabiqə əsasında verilir".
M. Baxışov deyri ki, donorla resipiyent arasında yazılı müqavilə və ya qrant verilməsi haqqında donorun yazılı qərarı qrant verilməsi, alınması və istifadəsi üçün qanuni əsasdır. Müqavilədə qrantın məqsədi, məbləği, predmeti və əgər donor tərəfindən resipiyent qarşısında hansısa şərtlər qoyulmuşdursa, həmin şərtlər göstərilir: "Qrant yalnız müqavilədə və ya qərarda göstərilən məqsədlərin həyata keçirilməsi üçün istifadə oluna bilər. Qrantın başqa məqsədlər üzrə istifadə olunması, əgər bu, qrant haqqında müqavilədə nəzərdə tutulmamışdırsa, ancaq donorun əlavə yazılı razılığı ilə mümkündür. Qrant predmeti olan layihə həyata keçirilən dövrdə qrant kimi verilən, yaxud qrant hesabına əldə edilən dəyərlərin satılıb pula çevrilməsi yalnız qrant haqqında müqavilədə belə əməliyyatlar nəzərdə tutulduqda, əks təqdirdə isə donorun əlavə yazılı razılığı ilə mümkündür. Bu halda resipiyentin sərəncamına daxil olan maliyyə vəsaiti qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsinə sərf edilməlidir. Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi, habelə Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və ya nümayəndəliyi olan donorlar tərəfindən xarici resipiyentlərə qrant verilməsi haqqında müqavilələr qeydə alınması üçün donorlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Azərbaycan Respublikasının resipiyentlərinin aldıqları qrantlar haqqında müqavilələr qeydə alınması üçün resipiyentlər tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini qeydə alan orqana donor tərəfindən təqdim olunur".
Hüquqşunasın sözlərinə görə, qanunla qeydə alınmayan qrant verilməsi və ya alınması haqqında müqavilələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz: "Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən verilmiş və Azərbaycan Respublikasının resipiyentləri tərəfindən alınmış qrantlar haqqında ildə bir dəfədən az olmayaraq, kütləvi informasiya vasitələrində ümumiləşdirilmiş məlumat verməlidir. Qrant hesabına hazırlanan çap, audio, audio-vizual, kino və başqa materiallarda, keçirilən konfrans, seminar və digər ictimai tədbirlərdə bunların maliyyələşdirmə mənbəyi haqqında məlumat verilməlidir".
M. Baxışovun sözlərinə görə, qanunun 5-ci maddəsində qrantda icbari ödənişlər öz əksini tapıb: "Bu Qanuna müvafiq olaraq qrant kimi alınan pul və hər hansı digər maddi yardımla bağlı vergitutma məsələləri Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənir".
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16